Qadin.NET / Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?

Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?

Havaların qeyri-sabit keçməsi Qərb bölgəsində kənd təsərrüfatı məhsullarında qiymət artımına səbəb olub. Göyərti, tərəvəz, və mövsümi meyvələrdə özünü göstərən bu halı iqtisadçılar normal hesab edirlər. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bazarlarda bir neçə gün öncə dəstəsi 20 qəpiyə olan göyərti indi 30 qəpiyə satılır. Qiymət artımı kartof, soğan, pomidor, badımcan və lobyada da özünü göstərir. Bu məhsulların bir kiloqramında 20 qəpiyədək fərq var. Satıcılar bildirir ki, qiymət artımı yalnız havaların anomal keçməsi ilə bağlıdır. Çünki kəndlilər əvvəlki günlərə nisbətən bazara daha az məhsul çıxarır, bu da, öz növbəsində, qiymətə təsir edir.Qiymət artımı mürrəbbəlik meyvələrdən də yan keçməyib. Ərik və gilasın kilosu 1 manat 30 – 1 manat 70 qəpik arasında dəyişir. Havaların qiymətə təsirini iqtisadçılar tələb-təklif qanununa əsasən şərh edirlər. 

Oktay Məmmədli, iqtisadi ekspert: “Son zamanlarda ölkəmizdə, xüsusən də Qərb zonasında leysan yağışların yağması, qasırğanın, tufanın baş verməsi aydın məsələdi ki, kənd təsərrüfatı məhsullarının istehsalına müəyyən dərəcədə təsir edibdir və bazarlarda məhsulların miqdarı hardasa müəyyən qədər azalıbdır. Bu, normal haldır. Yəni iqtisadiyyatda qəbul olunmuş normal haldır. Amma yenə də hava şəraiti düzələndən sonra müəyyən dərəcədə o kənd təsərrüfatı məhsullarının istehsalı üçün normal şərait yarananda bazarlarda həmin məhsulların bolluğu təmin olunacaqdı və bu qiymətlərin nisbi qaydada aşağı düşməsinə gətirib çıxara bilər”. Qeyd edək ki, sinoptiklər bu cür qeyri-sabit hava şəraitinin həftə sonunadək normallaşacağını bildirirlər. 

Mənbə: Milli.Az

13 iyun 2014
GO BACK