Bu məzunlar imtahan verməyəcək
9-cu sinifi bu il bitirən şagirdlər üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq və bu məzunlar kolleclərə əlavə imtahan verməyəcəklər. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, əvvəlki illərin məzunları üçün isə qəbul imtahanı iyunun 29-da keçiriləcək. Əvvəlki illərin məzunu olan gənclərin imtahan mərkəzləri üzrə bölgüsünü təşkil etmək və digər çoxsaylı hazırlıq işləri ilə əlaqədar olaraq ərizələrinin qəbulu bu gün başa çatır.Belə ki, ümumi orta təhsil müəssisələrini əvvəlki illərdə bitirən və elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan məzunlar tələb olunan sənədləri təqdim etməklə bu gün saat 17:00-dək SQK-ya müraciət edə bilərlər.Əvvəlki illərin məzunu olan və elektron ərizələrini internetlə özləri təsdiq etmək imkanına malik olan gənclər üçün son müddət isə bu gün saat 23:59-dur.Ümumi orta təhsil müəssisələrinin 9-cu sinifini 2014-cü ildə bitirən şagirdlər üçün isə ərizə qəbulunun son müddəti 30 iyun saat 23:59 müəyyən olunmuşdur. Qeyd edək ki, həmin gənclər ərizələrini SQK-ya müraciət etmədən internetlə özləri təsdiq edə bilərlərMəlumat üçün qeyd edək ki, istər 9-cu sinifi bu il bitirən, istərsə də əvəlki illərin məzunları üçün hər bir fənn üzrə abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur.İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər.Daha ətraflı məlumatlar 3 saylı “Abituriyent” jurnalında dərc olunub.
Mənbə: ANS PRESS
13 iyun 2014
GO BACK