Qadin.NET / Avropa çempionu olan idmançımıza mənzil verildi

Avropa çempionu olan idmançımıza mənzil verildi

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə heyətinin sədri Cahangir Hacıyev federasiya rəhbərliyini, eləcə də mayın ilk günlərində Finlandiyanın Tampere şəhərində komandalar arasında avropa çempionu və fərdi yarışların mükafatçıları olan əsas milli komandanın üzvlərini qəbul edib.

Milli.Az AMKF-nın saytına istinadən xəbər verir ki, görüşdə federasiyanın yaranmasının 20 illik tarixində ilk belə uğur əldə etdiyinə görə məşqçi və idmançıları, həmçinin rəhbərliyi təbrik edən C.Hacıyev onların qarşıdakı mötəbər yarışlarda da Azərbaycanın bayrağını uca tutacaqlarına inandığını bildirib və idmana olan bütün qayğının möhtərəm prezidentimiz və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev cənabları tərəfindən qaynaqlandığını diqqətə çatdırıb.
Qitə çempionatında milli komandanın kapitanı və -84 kq çəki dərəcəsində gümüş mükafatçı Şahin Atamova 2 otaqlı mənzil hədiyyə edilib. Bundan başqa komanda yarışlarında Avropa çempionu olan milli komandamızın baş məşqçisi Rəhman Hətəmova, onun kəməkçisi Rəşad Hüseynova, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədova, böyük məşqçi Şahin Xudaverdiyevə, idmançılar Şahin Atamov, Niyazi Əliyev, Asiman Qurbanlı, Ayxan Mamayev, Rafiz Həsənov və Tural Ağalarzadəyə, Nuranə Əliyevaya, həmçinin peşəkar fəaliyyətə görə Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmova pul mükafatları təqdim edilib.
AMKF-in prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə və milli komandaların baş məşqçisi Rəhman Hətəmov diqqət və qayğıya görə ABB İdarə heyətinin sədri Cahangir Hacıyevə minnətdarlığını bildirərək, onlara göstərilən etimadı daima doğrultmağa çalışacaqlarını qeyd ediblər. İdmançılar adından təşəkkür edən Şahin Atamov onlara verilən dəyərin idmançılarda böyük ruh yüksəkliyi yaratdığını və növbəti uğurlara nail olmaq üçün böyük stimul olduğunu deyib.
Sonda Azərbaycanda karatenin daha da kütləvi inkişafına nail olmaq məqsədilə federasiya rəhbərliyindən konkret iş planı hazırlamasını tövsiyyə edən C.Hacıyev, idmançılardan noyabrda Almaniyada Dünya çempionatından və əsas hədəf kimi 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarında yüksək nəticələr gözlədiyini bildirib. O, bu nəticələr üçün baş sponsorun hər bir sahədə dəstəyini əsirgəməyəcəyini nəzərə çatdırıb. Görüşün sonunda xatirə şəkli çəkilib.

Mənbə: Milli.Az

13 iyun 2014
GO BACK