İnsanlar arasında ən tanınmış antiseptik tərkibə malik olan maddə marqansdır. Kimyəvi adı kalium-permanqanat (KMnO4) olan marqans tozu bənövşəyi və ya tünd-qəhvəyi rəngdə olur. Torpağın alt qatlarında olan bu təbii ehtiyat dəmirdən sonra ikinci ağır metal sayılır və tibbdə xəstəliklərin müalicəsində effektli vasitə kimi istifadə olunur.
Əvəzolunmaz vasitə
Farmasevt Gülnar Xudiyeva Milli.Az-a açıqlamasında deyib ki, bütün canlı orqanizmlərdə mövcud olan marqans həyat fəaliyyətinin davam etdirilməsi üçün vacib xüsusiyyətə malikdir. Bu element boy artımında, karbohidrat və mineralların mübadiləsində, qanyaratma, tənəffüs sistemi və fotosintez prosesində iştirak edir. Normal insanda 10-15 milliqram olan marqans əsasən sümüklərdə, beyində, qaraciyərdə, böyrəklərdə və mədəaltı vəzidə toplanır. Müxtəlif problemlərdə, boğaz ağrısında qarqara üçün, zəhərlənmə və ishal zamanı mədənin yuyulmasında, yaranın təmizlənməsində, yanıqlarda, ağızdakı stomatitlərdə, babasilin, ginekoloji və uroloji xəstəliklərin müalicəsində istifadə olunur. Antibakterial xüsusiyyətə malik olan marqans suyun dezinfeksiya edilməsində əvəzolunmaz vasitədir.
O olmazsa...
G.Xudiyevanın sözlərinə görə, orqanizmdə marqansın çatışmazlığı müxtəlif problemlərin - yorğunluq, depressiya, əqli fəaliyyətin zəifləməsi, yaddaş pozğunluğu, epilepsiya, əzələ ağrısı, osteoporoz, revmatoid artrid, skleroz, saçın zəif uzanması, hormonal funksiyanın pozulması, sonsuzluq, uşaqlarda inkişafın zəifləməsi, onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.Marqansın tərkibində olan xeyirli maddələri müxtəlif məhsullarda tapmaq mümkündür: buğda kəpəyi, çovdar çörəyi, qarabaşaq, düyü, yulaf, soya, noxud, kartof, çuğundur, pomidor, kök, ispanaq, cəfəri, qaragilə, qara qarağat, ananas, gavalı, fıstıq, fındıq, çay və qəhvə.
Xeyirli bildiyimiz marqansın gün ərzində orqanizmdə 40 milliqramdan artıq olması zəhərlənmə ilə nəticələnər ki, bu da ilk öncə əsəb sistemində müxtəlif fəsadlara səbəb ola bilər. Əsasən belə problemlərlə yeraltı mədənlərdə qazıntı işləri aparan insanlar üzləşirlər.
Bu qədər dəyərli maddə olan marqansın əvvəllər ölkə daxilində istifadəsində problem olmasa da sonradan onun apteklərdə satışına qadağa qoyulub. Səhiyyə Nazirliyinin 5 may 2003-cü il tarixli əmri ilə kalium-permanqanat dövriyyəsinə nəzarət edilən prekursorlar sırasına daxil edilib. Artıq uzun müddətdir ki, marqans yalnız xəstəxanalarda müalicə vasitəsi kimi istifadə olunur.
Ucuz, ancaq təhlükəli
Görəsən, çox ucuz olmasına baxmayaraq marqansın satışının qadağan olunmasına səbəb nədir?
Hər halda burada əsas səbəb özbaşına müalicə ilə insanların özlərinə vura biləcəkləri zərərin qarşısının alınması ilə bağlı deyil. Məsələyə real yanaşsaq, marqansa qoyulan qadağa ondan başqa məqsədlərlə istifadəyə yol verməməkdir. Belə ki, kalium-permanqanatdan tibbdə müalicəvi vasitə kimi yararlanmaqla yanaşı, onun kimyəvi tərkibi narkotik maddə və müxtəlif partladıcıların hazırlanmasını asanlaşdırır. Güclü katalizator olan marqans əsasən narkotik vasitələrin saflaşdırılmasında istifadə edilərək kokainin keyfiyyətini yüksəldir. Digər narkotik vasitələrdən biri isə pervitindir. Kustar üsulla hazırlanan bu psixostimulyatorun tərkibinə bir neçə maddə ilə yanaşı, marqans da qarışdırılaraq damara yeridilir. Qeyd edək ki, ikinci dünya müharibəsində alman ordusunda əsgərlərin döyüş qabiliyyətini artırmaq üçün pervitin həblərindən istifadə olunduğu məlumdur.
İşbazların kələyi
Marqansın qadağan olunmasının digər səbəbi isə ondan müxtəlif pirotexnik vasitələrin və daha güclü partladıcıların hazırlanmasında istifadə olunmasıdır. Marqansla adını çəkmədiyimiz əlvan metal tozu və kristal duzun qarşığından asanlıqla partayıcı maddə düzəltmək mümkündür. Bu maddələrlə reaksiyaya girən marqans güclü partlayışa səbəb olur.
Araşdırma zamanı marqansın daha bir funksiyasının olduğunu öyrəndik. Sən demə, işbazlar köhnə və iylənmiş ətin təmizlənməsində və kəskin qoxunun aradan qaldırılmasında marqansdan “uğurla” istifadə edirlər.
Marqansın izi-tozu da yoxdur
Məsələ ilə əlaqədar paytaxtda fəaliyyət göstərən bir neçə aptekə baş çəkib marqansın satılıb-satılmadığı ilə maraqlandıq. Bütün apteklərdə əvvəllər marqansın satışına yalnız reseptlə icazə verildiyini, ancaq sonradan onun tamamilə yığışdırıldığını öyrəndik. Bununla bağlı aptekdə satıcı işləyən Mətanət Kərimova kalium-permanqanatın uzun müddətdir ki, qadağan olunduğunu söylədi: “Marqansın izi-tozu da yoxdur. Nəinki bizim aptekdə, bütün əczaxanalarda onun satışı çoxdan dayandırılıb. Əvvəllər marqans avtomobillər üçün nəzərdə tutulan ilk yardım çantalarının içində də olurdu. Ancaq Səhiyyə Nazirliyinin göstərişindən sonra onlar apteçkaların içindən də götürülüb. Bildiyimə görə, nazirlik onlardan istifadəyə icazəni yalnız xəstəxanalara verib”.
Mənbə: Milli.Az