Qadin.NET / İki həftəlik sevgi...

İki həftəlik sevgi...

 

Kurort "münasibətləri" kimə və nə üçün lazımdır? Bu il Rusiyada məzuniyyətə çıxanları yenilik gözləyir. Turoperatorların Psixoloji Xidmət Assosiasiyası istirahət zamanı çətinliklə üzləşən turistlərin gərginliyini aradan qaldırmağa kömək edəcək. ATOR portalının icraçı direktoru Maya Lumidze qeyd edib ki, məqsəd turistlərin xoşagəlməyən olaylardan sonra özlərinə gəlməsi üçün məsləhətlər vermək və onları düzgün istiqamətləndirməkdir. Təşkilatçılar bildirirlər ki, xidmətin yaranması eksperimental xarakter daşıyır və qeyd edirlər ki, nə Rusiyada, nə də dünyada hər hansı turist birliyinin xüsusi psixoloji xidməti var. Hələlik xidmətin əməkdaşları müştərilərə hüquqi kömək göstərməyi planlaşdırırlar.Rusiyanın “Yandeks” axtarış sistemi isə kurort macəralarından iztirab çəkənlərə əsl psixoloji kömək göstərir. Belə ki, istifadəçilər "Kurort macəralarını necə unutmalı?" sualını tez-tez ünvanlayırlar. Axı qısamüddətli münasibətlərin problemi, “putyovka”nın geri qayıtma problemi kimi hər il yaranır. Hər yay Larisa Zaxarovna (məşhur "Məhəbbət və göyərçinlər" filminin uğursuz qəhrəmanı) öz Vasyasını axtarmaq üçün kurorta gedir. Yalnız iki faiz insanın taleyi Nataşa kimi ("Mənim ərim olun" filmi) xoşbəxt ailə münasibətləri ilə sonuclanır. Baxmayaraq ki, rusların ən məşhur kurort macərası – Çexovun "İt gəzdirən qadın" romanında olduğu kimi insanlara həyatı boyu ömürlük əzab gətirir. Amma indi zaman dəyişib və münasibətlər də tezləşib. Bu baxımdan “kim və nə üçün davamlı kurort macəralarını arzulayır?”, “Bu macəralar son yarım əsrdə necə dəyişib?”, “Yay məyusluğundan necə qaçmalı?” sualları insanları hələ də düşündürür.

"Persona" psixoloji kömək mərkəzinin direktoru Tatyana Mizinova isə “İnternet əsrində kurort macəraları – bu, sizin üçün "Məhəbbət və göyərçinlər" filmi deyil” deyə cavab verir:
- Əxlaq davranışları dəyişdiyi kimi, kurort macəraları da daha qısamüddətli olub. Bu gün “münasibətlərin” aydınlaşması üçün çox az vaxt lazımdır. Əgər əvvəllər "Məhəbbət və göyərçinlər" filmində olduğu kimi sevgililər uzun müddət qələmin arxasınca gəzirdilər və aralarında “münasibət” sonuncu baş verirdisə, bu gün insanlar daha çox praqmatik olublar. Onlar ikihəftəlik məzuniyyət dövründən bacardıqları qədər intensiv istifadə etməklə seksual münasibətlərini də tezləşdirirlər.
- İnsanları bu cür münasibətlərə nə sövq edir? Bezdikləri məişətmi? Yorğunluqmu?

- Biz əlbəttə, yoruluruq. Təkcə fiziki baxımdan yox, həm də emosional baxımdan. Gündəlik iş, eyni həyat tərzi, məişət qayğıları… Yay isə - bu, həqiqətən balaca həyatdır. Sürətli tempdə davam edən kurort macəraları bu emosiyaları yaşamaq imkanıdır. İnsanlar bütün ömürlərinin yarım ilində yaşaya bilmədiklərini bəzən bu qısa müddətdə yaşaya bilirlər. İstirahətdə hər şey çox sürətlə baş verir. Bundan əlavə, ailə həyatında, məsələn, insanı sona qədər öyrənmək mümkün olmur. Ancaq kurort macəraları baş verəndə qarşımızdakı insan tapmaca olsa belə, 2-3 gün ərzində biz onu kəşf edirik.
- Sosial şəbəkələrdə "Kömək edin, hər şey nağıl kimi idi, unuda bilmirəm" xahişləri ilə kömək istəyənlərin sədaları yer alır.
- Bu macəralar həmişə ideallaşdırılıb. Çünki reallıqdan uzaqdır. Məsələn, yeni ortaya çıxan aşiq hər hansı biznesmenin sürücüsü ola bilər. Ancaq ona kurortda özünü biznesmen obrazında təqdim etməyə heç nə mane olmur. Sevgi arayan, buna ehtiyacı olan insanlar bəzən sadəlövh olurlar. Onlar üçün yalanla həqiqəti ayırmaq da bəzən çətin olur. Onlar elə sürücünü “biznesmen” kimi də qəbul edirlər. Ayrılandan sonra da bəzən bunu bilmirlər. Biləndə isə artıq gec olur...
- Elə çıxır ki, kurort macəraları bizi Larisa Zaxarovnanın taleyinə təhrik edir? İstirahətdə xoşbəxt ailə həyatı qurulmur?
- Çoxları kurort macəralarını yeni münasibətlərin başlanması ilə qarışdırırlar. Onlar hesab edirlər ki, hansısa müddətdə bir yerdə olmaq artıq bir-birinin qarşısında hər hansı öhdəlik qoyur. Amma kurort macəraları hər hansı öhdəliksiz, tez yaranan və parlaq münasibətlərdir. Onlar bəzən adamlara bir şəhərin qonşu küçələrindəki insanları tanımağa imkan verir. Aşiqlər real həyata qayıdanda öz münasibətlərini davam etdirə bilərlər, amma kurort macəraları haçansa bitir.
- Sürətlə baş verən macəra daha çox kimlər üçün məyusluqla başa çatır?
- Qadınlar üçün... Cavan qızlar, “Balzak dövrü”nü yaşayan qadınlar, ailəli və tənha qadınlar üçün... Orta yaş dövründə olan qadınlar isə bunu daha çox zərbə kimi qarşılayırlar. Çünki onlar bəzən bu macəralara öz şəxsi həyatlarında yaranacaq şans kimi baxırlar. Tənha qadınların həyatının öz üstünlükləri var – onlara xəyanət etmirlər, içkili vəziyyətdə onları döyən olmur və onlar kişilərdən daha çox gözəl hisslər gözləyirlər. Maraqlı kurort macəralarını yaşamaq onlara xoş emosiyalar bəxş edir. Bu onları xoşbəxtliyin illüziyasının qoynuna atır. Qadınlar özlərinin macəralarını öz rəfiqələri ilə bölüşməyi xoşlayırlar. Həmin macəraları danışarkən bu, onlarda özlərinə dəyərvermə hissini artırır və onlar özlərini lazımlı hiss edirlər. Amma nə zaman ki, məyusluq yaranır, onlar ürək ağrısı ilə heç kimə lazım olmadıqlarını anlayırlar. Ərli qadınlar isə qısamüddətli macəraları yaşayandan sonra öz ailələrinə qayıdırlar. Yəni kurortda nə baş veribsə, verib, arxada onların ailəsi – əri və uşaqları var. Ailəli kişilər də eləcə. Ailəli insanlar öz ailələrinin yanına qayıdırlar. Ancaq özlərinə ömürlük sevgili və ya həyat yoldaşı axtaranlar isə bu cür görüşlərdən xoş təəssüratlarla bərabər depressiya da qazanırlar. Ancaq öncədən bu cür münasibətləri ciddi qəbul etməsələr və qəlblərinə yaxın buraxmasalar, həyatları sakitcə davam edər. Reallığı görmək və onunla barışmaq lazımdır.
- Onda belə çıxır ki, nağıl bitsə də hər şey hələm-hələm unudulmur.
- Təcrübədən göründüyü kimi bəzən macəraların davamı olur. Yeni tanışlar bir-birlərinə SMS yazır, zəngləşirlər. Ancaq bir gün hər şey bitir. Bir-iki aydan sonra kurort macəraları da yaddan çıxır. İnsanlar bunun yüngül münasibətlər olduğunu başa düşür. Bilirlər ki, yeni obyektin ömür-gün yoldaşından daha yaxşı ola biləcəyinə ümid etmək sadəlövhlükdür. Xoş anları yaşayanlar nəhayət, hər şeyin ümidsizliklə başa çatdığına əmin olurlar. Dərk edirlər ki, internet əsrində kurort macəraları heç də "Məhəbbət və göyərçinlər" filmindəki kimi deyil.

Mənbə: Milli.Az

 

13 iyun 2014
GO BACK