Qadin.NET / Gəncə dünyada ilkə imza atır

Gəncə dünyada ilkə imza atır

 

Gəncənin Xan bağında 16-cı əsrdə inşa edilən Qala divarının yanında Respublikada, eləcə də dünyada ilk dəfə olaraq qədim məhəllələrin adları yazılan abidə ucaldılacaq. Bundan başqa Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tarixçiləri tərəfindən ilk dəfə qədim məhəllələr haqqında nəşr və elektron variantda kataloq da hazırlanacaq. 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin qədim məhəllələrinin adları yazılacaq abidənin layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tarixçiləri tərəfindən hazırlanıb. Abidədə 4 min illik tarixi olan Gəncənin bütün qədim dövrdən başlayaraq indiyədək olan məhəllələrinin adları yazılacaq.
Şəhərdə 2004-cü ildə qoyulan ilk lövhədə Gəncənin 17-21-ci əsrlərə aid olan ən qədim 73 məhəlləsinin adı yazılıb. Yeni qoyulacaq abidədə isə Gəncənin daha qədim 100-ə yaxın məhəlləsinin adları yazılacaq. 
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin əməkdaşı Elnur Həsənovun sözlərinə görə, yeni qoyulacaq abidənin ölçüsü ümumi standartlara uyğun olacaq. Abidənin inşasına şəhər ziyalılarının yekun qərarından sonra başlanılacaq.
Elnur Həsənov: “Gəncə beynəlxalq səviyyədə ilk təşəbbüsü irəli sürüb. Ölkə rəhbərinin dəstəyi ilə ucaldılacaq abidədə yalnız məhəllələrin adı öz əksini tapmayacaq. Burada həm də məhəllələr haqında məlumatlar qeyd olunacaq. Abidənin özünün quruluşu, inşa materialı elə formada olacaq ki, orada Gəncənin tarixi memarlığı məhəllələri haqqında ən mühüm, zəruri məlumatlar qeyd olunacaq. Xronoloji ardıcıllığa riayət olunacaq”.
Bundan başqa AMEA-nın Gəncə bölməsində Azərbaycan, eləcə də digər əcnəbi dillərdə Gəncənin qədim məhəllələri haqqında kataloq da hazırlanacaq. Bu kataloq istər Gəncənin qədim məhəllələrini araşdıran tarixçilər, istərsə də şəhərə gələn qonaqlar üçün mühüm tarixi sənəd olacaq.
Elnur Həsənov: “Kataloq nəinki regionda, eləcə də dünyada ilk dəfədir hazırlanır. Bir şəhərin mədəniyyətini və tarixini əks etdirə biləcək məhəllələrlə bağlı ayrıca elmi kataloq-monoqrafiya işıq üzü görəcək. Burada məhəllələrin tarixi ilə bağlı bütün elmi məlumatlar öz əksini tapacaq. Həm foto şəkillərindən, arxiv materiallarından, tarixi mənbələrdən istifadə olmaqla çox mükəmməl bir elmi nəşr ortaya çıxacaq. Bunun multimedia onlayn variantı elektron versiyası internet portalında yerləşdiriləcək. Dünyanın istənilən nöqtəsindən çıxış əldə olunacaq”.
Bildirək ki, Xan bağında Gəncə qalasının bir qalığı da var. Gəncə qalası 1588-ci ildə Osmanlı Sultanı 3-cü Muradın xüsusi göstərişinə əsasən, Qafqazdakı türk qoşununun komandanı Fərhad Paşa tərəfindən tikdirilib. Uzunluğu 13,7 km, hündürlüyü 12 m olan qalanın yalnız Şir Əlibəy bürcü qalıb. Bu tikili isə AMEA-nın Gəncə bölməsi tərəfindən qorunur. 

Mənbə: Milli.Az

 

13 iyun 2014
GO BACK