Qadin.NET / Ali məktəblərin tələbələrə verdiyi biliyin səviyyəsi artırılacaq

Ali məktəblərin tələbələrə verdiyi biliyin səviyyəsi artırılacaq

Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin yekunları ilə əlaqədar keçirdiyi tədbirdə bildirib ki, son tədris ilində müəllimlərin hazırlığı istiqamətində böyük dəyişikliklər həyata keçirilib. Kolleclərdə müəllim hazırlığı üzrə plan yerlərinin sayı kəskin şəkildə azaldılıb.Nazir bildirib ki, bunun əsas məqsədi müəllim hazırlığında diqqəti saya deyil, onların hazırlıq səviyyəsinə, biliklərinin artırılmasına yönəltməkdir:"Müəllimlərin hazırlığı bir neçə ixtisaslaşmış pedaqoji profilli ixtisas məktəblərində saxlanılıb. Bu, birinci addımdır. Bu qərarın qəbul edilməsi ilə dayanmaq fikrində deyilik. Növbəti addım müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin tədris etdiyi məzmunun optimallaşdırılması və bilik səviyyəsinin artırılmasıdır".M.Cabbarov əlavə edib ki, müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində də son bir ildə islahatlar həyata keçirilib. Bu sahədə elektronlaşdırmanın tətbiqi şəffaflıq üçün imkanları genişləndirib.Nazir xatırladıb ki, Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərindəki orta məktəblərdə çalışan orta məktəb müəllimlərinin sınaq qiymətləndirilməsi həyata keçirilir.M.Cabbarov bildirib ki, təhsil sistemində diaqnostik qiymətləndirmə geniş istifadə olunan alət olsa da, Azərbaycanda müəllimlərin tətbiq etdiyi bilik səviyyəsi, metodik və kommunikativ yanaşma ilə bağlı bilikləri barədə sistemli məlumat yoxdur. Belə bir diaqnostik qiymətləndirmə də heç bir zaman keçirilməyib.Təhsil naziri qeyd edib ki, sınaq qiymətləndirmə Bakıda fəaliyyət göstərən məktəblərdə 30 minə yaxın müəllimi əhatə edir. Növbəti mərhələdə bu proses bütün ölkə ərazisində də tətbiq ediləcək.Onun sözlərinə görə, bu tədris ilində ən böyük nailiyyət təhsil mühitinin dəyişdirilməsi, sağlamlaşdırılması istiqamətində atılan addımlar olub. O xüsusi vurğulayıb ki, təhsil sistemində əsas meyar bilik səviyyəsi olmalıdır və belə də olacaq.

Mənbə: Milli.Az

12 iyun 2014
GO BACK