Qadin.NET / 2100-ə yaxın qədim əlyazmanın saxlanıldığı şəxsi kitabxana

2100-ə yaxın qədim əlyazmanın saxlanıldığı şəxsi kitabxana

Qəbələnin Durca kənd sakini Ruslan Məmmədov 20 ildən çoxdur ki, qədim və nadir nüsxəli kitabları toplamaqla məşğul olur. Ruslan Məmmədov son vaxtlar şəxsi kitabxanasını daha da zənginləşdirib. O, turistlərin ən çox gəlib-getdiyi Qəbələnin Duruca kəndindəki şəxsi evində muzey və kitabxana yaradıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, kitabxanada 2100-ə yaxın qədim əlyazmalar, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitabları və müasir ədəbiyyat nümunələri mühafizə olunur. Onlar arasında ən qədim kitabın 725 yaşı var. Ərəbcə olan həmin əlyazma “Qurani-Kərim”in təfsiridir. Kitabxanada Əssar Təbrizinin “Mehr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risalənin şərhi” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının 100 yaşı var. Kitabxanada ən kiçik ölçülü “Qurani-Kərim”in uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazmanın 310 yaşı var. Şəxsi kitabxanada ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlanılır. R.Məmmədov qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. Müsahibimiz müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. Həmin kağız pullar arasında M.Ə.Rəsulzadənin tapşırığı ilə 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin 500 manatlıq milli pulu və Nadir şahın əmri ilə hazırlanan əskinaslar diqqəti çəkir.

Mənbə: Milli.Az

11 iyun 2014
GO BACK