Qadin.NET / Cibimizə girən elm

Cibimizə girən elm

İqtisadiyyat üzrə bir nəfər fəlsəfə doktoru tanıyıram, məşğulluq problemlərindən elmi dərəcə müdafiə edib, amma bir dəfə də olsun, məşğulluq mərkəzində olmayıb. İşçiyə ehtiyacı olan müəssisələrə də baş çəkməyib. Sadəcə, statistikadan və nəzəri biliklərdən istifadə edərək, divarlara baxa-baxa elmi iş yazıb. Broşür çapına, elmi işin tərtibatına və s.-ə də bir xeyli pulu çıxıb. Digər prosedurlar qarışıq 2 min manata yaxın pul xərcləyib və həmin pul indi də borc kimi boğazından asılı qalıb.ANS PRESS-in əməkdaşı ilə söhbətində o, Bakıda müdafiə etməsindən peşmançılıq duyduğunu deyir: “Gərək elmi iş üçün xaricə gedəydim, orada elmi iş yaza-yaza pul da qazanmaq olur”. Nəzəri olaraq bu, çox asan görünür. Yəni qəhrəmanımız ölkə müəssisələrində birində olmalıydı və müqavilə bağlayaraq apardığı tədqiqatla onlara müəyyən xidmət göstərməliydi və bunun qarşılığında da pul qazanmalıydı. Praktiki olaraq isə Azərbaycanda bunu gerçəkləşdirmək qeyri-mümkündür.Statistik məlumatları tədqiq etdikdə, orta hesabla Azərbaycanda ildə təxminən 300 fəlsəfə doktorunun müdafiə etdiyini görmək olur. Statistikaya görə, əgər 2006-ci ilin əvvəlinə Azərbaycanda 2 min 306 nəfər fəlsəfə doktoru tədqiqatla məşğul olubsa, 2013-ci ilin əvvəlinə bu rəqəm 5 min 312-yə çatıb. Yəni 7 il müddətinə ölkə üzrə fəlsəfə doktorluğu müdafiə edənlərin sayı 2006 nəfərdən çox olub. Və bu 2006 nəfərin demək olar ki, əksəriyyəti elmi işini bir qəpik qazanmadan, böyük pullar xərcləyə-xərcləyə yazıb.Məhz bu səbəbdən indi elmi dərəcə alanların xeyli hissəsi elmdən uzaq, imkanlı iş və vəzifə adamlarıdır. Yəni elmi dərəcə alanların içində çörəyini elmi fəaliyyətdən çıxarmayanlar yetərincədir. Bu adamlara titullar sadəcə şöhrət üçün lazımdır. Yəni indi iş otağının girişinə “doktor filankəs” sözləri yazmaq dəb düşüb.Yaranmış vəziyyət, həm də elmdə köçürmələrə geniş meydan açır. Postsovet məkanını başına götürmüş bu mərəz zaman-zaman özünü Azərbaycanda da biruzə verir. Bir neçə il qabaq Azərbaycanda onlarla elmi işin Rusiya elmi işlərindən köçürüldüyü ortaya çıxmışdı. Ruslar da öz növbəsində Qərbdən köçürürlər. Yəni bizim bəzi “alimlərin” işləri Qərb elminin “suyunun suyudur”. Bəla burasındadır ki, bu cür köçürmə və praktikadankənar üsullarla elmi işlər yazmış adamlar sonradan pedoqoji kadrlara çevrilirlər, larboratoriyalara rəhbərlik edirlər. Təbii ki, bu da bütövlükdə Azərbaycanda elmin və təhsilin səviyyəsini uçuruma aparır.Statistikaya görə, Azərbaycanda 30 minə yaxın elmi işçi var, amma Azərbaycan alimlərinin dünya üzrə qəbul edilmiş elmi nəticələri, demək olar ki, yoxdur. Uzun müddət Amerikada işləmiş azərbaycanlı professor Altay Göyüşovun yerli mətbuata bildirdiyinə görə, xaricdə Azərbaycan alimlərinin elmi nəticələrindən demək olar ki, həddindən az istifadə edirlər: “Ən güclü indikatorlardan biri sitat gətirilməsidir. Bizim xaricdə işlərindən sitat gətirilən cəmi bir-iki alimimiz var”. Altay Göyüşovun sözlərinə görə, çox vaxt əsərlərinin xaricdə çap olunduğunu iddia edən bir çox alimlər elə də ciddi nəşrlərdə dərc olunmurlar: “Hazırda qonşu ölkələrdə elə “elmi” jurnallar nəşr edilir ki, orada yalnız bizim “alimlər” dərc olunur. Özünə hörmət edən elm adamı heç zaman belə oyunlara qatılmaz, hətta uzun zaman tələb olunsa da, nüfuzlu nəşrlərdə dərc olunmağa nail olar”, - deyə Altay Göyüşov vurğulayıb.Kimya üzrə fəlsəfə doktoru İrşad Abbasov yaranmış problemi Azərbaycan elminin yönümünün müəyyən edilməməsi ilə bağlayır. “Azərbaycanda elm sahəsi hələ də böyük imperiya elminin regional bölməsi kimi özünü aparır. Sovet İttifaqı dövrünü çoxdan unutmaq lazımdır. Anlamaq lazımdır ki, Azərbaycan kiçik bir ölkədir və onun hər bir sahədə elmi bazası ola bilməz”, - deyə İrşad Abbasov vurğulayır. “İndi əksər sahələrdə elmi işlər müdafiə edilir, amma elmi nəticələr əldə edilmir”.

İrşad Abbasovun fikrincə, elmi nəticə istehsalatda və elmdə praktiki istifadə edilə bilən, yarar gətirən nəticələr sayılmalıdır. “Amma indi müdafiə edilən elmi işlərin nəticəsi yoxdur. Sovet illərində 3 ilə tədqiqat aparıb, nəticə əldə edib müdafiə etmək mümkün idisə, indi 7-8 ilə nəticə almaq mümkün deyil. Çünki elmi-tədqiqat müəssisələrinin əksəriyyətinin bazası yoxdur. Belə vəziyyətdə gəncləri elmə gətirmək də mümkün olmur. Çünki gənclər yaşlı nəsildən fərqli olaraq dünyadan xəbərdardır və bilirlər ki, indi imkanlar genişlənib. Onlar daha tez nəticə əldə edib özlərinə imkan yaratmaq istəyirlər. Buna görə də bazası olmayan elmi-tədqiqat müəssisələrinə yaxın getmək istəmirlər”, - deyə İrşad Abbasov bildirib.
Alimin dediyinə görə, indi dəqiq elmlər sahəsində hər hansı bir tədqiqatın aparılması çox çətindir ki, bu da elmi nəticələrin əldə edilməsinə mane olur. “Biz konkret olaraq Azərbaycanla, regional məsələlərlə bağlı elmi işlərə diqqət yetirib, maliyyə ayırmalyııq. Çünki bu sahələrdə nəticə əldə etmək asandır. Dəqiq elmlərdə isə güclü seçim aparıb çox savadlı insanları bazası olan inkişaf etmiş ölkələrə göndərmək və onların geri dönərək Azərbaycanda elmi-pedoqoji sahədə fəaliyyət göstərməsini təmin etməliyik. Məsələn, bizdə Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat institutlarının bazası var və oralarda nəticə əldə etmək çətin deyil. Eyni zamanda, neft sənayesi sahəsində də tədqiqatlar aparmaq, elmi nəticələr əldə etmək lazımdır. Bu sahələrdə aparılan elmi tədqiqatları istehsalatla əlaqələndirərək elmi işçinin pul qazanması da asandır. Ona görə də Azərbaycan elm sahəsində seçim edərək prioritet sahələri müəyyənləşdirməli, qalan elmi-tədqiqat institularını isə bazası olmadığına görə bağlamaq lazımdır”, - deyə İrşad Abbasov vurğulayır.

Mənbə: Milli.Az

11 iyun 2014
GO BACK