Qadin.NET / Meşələri istirahətə qurban verməyək

Meşələri istirahətə qurban verməyək

İnsanlar, eləcə də bütün canlılar üçün oksigen bir həyat mənbəyidir.

Bu baxımdan meşələr Yer kürəsinin ən qiymətli sərvəti hesab olunur. Çünki planetimizin əsas oksigen mənbəyi məhz meşələrdir. Buna görə də insan həyatını meşələrsiz təsəvvür etmək qeyri-mümkündür. Onu da qeyd edək ki, meşələrin faydası təkcə havaya buraxdığı oksigenlə məhdudlaşmır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır, sellərin və torpaq sürüşməsinin qarşısını alır. Bundan başqa, meşələr qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Meşələr həmçinin havanı tozdan, avtomobil və sənaye müəssisələrinin buraxdığı zərərli maddələri təmizləyərək, güclü filtr rolunu oynayır.
Yanğınlar hər il Yer kürəsində 20 milyon hektara qədər meşəni məhv edir
Meşələrin əhəmiyyəti və faydası haqqında bu qədər geniş söhbət açmağımız səbəbsiz deyil. Bildiyimiz kimi, yay mövsümünün başlanması ilə əlaqədar olaraq, ölkə vətəndaşları istirahət üçün dağlıq rayonlara üz tuturlar. Onlar istirahət vaxtlarının böyük qismini meşələrdə keçirməyə üstünlük verirlər. Bu zaman meşə ərazilərinin zibillənməsi və yanğın təhlükəsi ilə üz-üzə qalması halları müşahidə olunur. Məlumat üçün bildirək ki, meşə yanğınları fəlakət hadisələrinin ən təhlükəlilərindən biri olmaqla, hər il orta hesabla Yer kürəsində 20 milyon hektara qədər meşələrin məhv olmasına səbəb olur. Bu da həmin ölkələrin iqtisadiyyatına böyük miqdarda maddi ziyan vurmaqla yanaşı, ekoloji mühitin davamlı şəkildə çirklənməsinə səbəb olur.
“Aparılan maarifləndirilmə işləri artıq öz bəhrəsini verməkdədir”
Mövzumuzla bağlı suallarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadıq Salmanov cavablandırdı: “Yay mövsümünün başlanması ilə əlaqədar meşə ərazilərinin kütləvi zibillənməsi və yanğın təhlükəsinin qarşısını almaq məqsədilə aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Artıq həmin idarələrdə sutkalıq növbətçilik sistemi tətbiq olunur. Meşə zonalarında mütəmadi olaraq reydlər keçirilir. Qanunun tələblərini pozan vətəndaşlar isə cərimə olunurlar”. S. Salmanov onu da əlavə etdi ki, hələ ki meşələrin zibillənməsi və yanğın təhlükəsi müşahidə olunmur: “Meşələrdə də insanların istirahəti üçün müəyyən yerlər var. 4-5 il bundan əvvəl meşə ərazilərinin zibillənməsi, yanğın təhlükəsinin yaradılması və s. məsələlərlə bağlı bizə tez-tez məlumat verilirdisə, son vaxtlarda bu kimi hallar müşahidə olunmur. Cəmiyyət arasında aparılan maarifləndirilmə işləri artıq öz bəhrəsini verməkdədir”.
Meşələrdə yanğın törədənlər məsuliyyət daşıyırlar
Ölkə ərazisindəki meşələr “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydaları” haqqında qanun əsasında mühafizə edilir. Həmin qanunda yanğın təhlükəsizliyinin əsas tələbləri kimi göstərilir ki, meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi, sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əsgi və digər materialların atılması, müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması və s. qadağan edilir. Eyni zamanda adıçəkilən qanuna əsasən, dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılması, aparılmış hər hansı tikinti işlərinin yerində, tikinti materiallarının qalıqlarının atılması və yandırılması, yanacaq və sürtgü yağlarının açıq şəkildə saxlanılması da qadağan olunub.
Qeyd edək ki, meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə, odvurma və ya odla ehtiyatsız davranma nəticəsində meşənin məhv edilməsinə və ya qismən yandırılmasına, habelə bu qaydada göstərilən yanğın təhlükəsizliyi tələblərinin pozulmasına, bununla da meşə yanğını törədilməsinə, yaxud onun geniş sahəyə yayılmasına görə təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlar, vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müvafiq məsuliyyət daşıyırlar.
Mənbə: Milli.Az
10 iyun 2014
GO BACK