Yol polisi "Sürücülər, intizamlı olaq!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirəcək. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.BDYPİ hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, respublikanın avtomobil yollarında sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi qaydalarının pozulması, habelə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması kimi xətalara yol verilməsi səbəbindən ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsi, yollarda təhlükəsizlik mühitinin yaradılmasında hərəkət iştirakçılarının bütün kateqoriyalarının və aidiyyəti təşkilatların aktiv iştirakının təmin edilməsi məqsədi ilə cari ilin iyun ayının 15-dən iyul ayının 15-dək ölkə ərazisində "Sürücülər, intizamlı olaq!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını aylıq ərəfəsində yol hərəkəti qaydalarına ciddi riayət etməyə, idarə, müəssisə, təşkilat rəhbərlərini və kütləvi informasiya vasitələrini təhlükəsizlik aylığının yüksək səviyyədə keçirilməsinə yardımçı olmağa çağırır, əhalinin diqqətinin bu tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edir.
Mənbə: Milli.Az