Özünü peşakar hesab edən, əslində isə qeyri-peşəkar olan sürücülərdən danışacağıq. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkinin istənilən yerində bir neçə dəqiqə dayanıb müşahidə aparmaq kifayətdir ki, dönmə işığından istifadə etməyən onlarla sürücünü görə biləsən. Söz yox ki, dönmə işıqları sürücünün manevr edəcəyi barədə qarşıda və ya arxada hərəkətdə olan avtomobiləri, həmçinin piyadaları xəbərdar etmək üçündür. Ancaq apardığımız müşahidələr göstərir ki, bir çox sürücülər, sanki, avtomobildə belə bir funksiyanın olduğundan xəbərsizdilər. Belə sürücülər hər an qəza şəraiti yaratmaqla özləri və digərlərinin həyatını təhlükəyə atırlar. Dövlət Yol Polisi əməkdaşlarının xəbərdalığına baxmayaraq, belə hallar, hələ də, təkrarlanır. Halbuki, bu qayda pozuntusuna görə, 30 manat cərimə nəzərdə tutulur. Belə sürücülərlə ünsiyyətdə olarkən onların özlərini peşəkar sürücü kimi hiss etdiyini və yaxud özünə həddən artıq əmin olduğunun şahidi olursan. Ancaq bu peşəkarlıqdan çox məsuliyyətsizliyin göstəricisidir. Belə sürücülər unutmamalıdırlar ki, peşəkarlıq təcrübəli, bacarıqlı olmaqla yanaşı, digər sürücü həmkarlar və piyadalara hörmət qoyulmasını da etiva edir. Bir sözlə, dönmə işıqlarından istifadə sürücü mədəniyyətinin bir hissəsidir.
Mənbə: Milli.Az