Bazar günü Nyu-Yorkda bu ilin aprelində dünyada ən yaşlı kişi kimi adı Ginnesin Rekordlar Kitabına daxil edilən Aleksandr İmiç vəfat edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Amerikanın NBC telekanalına istinadən xəbər yayıb.1903-cü il fevralın 4-də Polşada anadan olan İmiç kimyaçı idi və parapsixologiyaya dair kitablar yazırdı. A.İmiç 1939-cu ildə nasistlərin ölkəni ələ keçirməsindən sonra arvadı ilə birlikdə Polşadan qaçıb və bir müddət SSRİ-də yaşayıb. 1951-ci ildə ABŞ-a köçüb.Vaxtilə jurnalistlərin uzunömürlü olmağının sirrinə dair sualına İmiç: "Bunun sirri idmanla məşğul olmaq, alkoqoldan kənar durmaq və əsasını toyuq əti və balıq təşkil edən pəhriz saxlamaqdadır", - deyə cavab verib.Bununla yanaşı, İmiç planetin ən yaşlı adamı deyil. Hazırda ondan yaşlı 60-dan artıq qadın var. Onların arasında yapon qadın Misao Okavadır. Bu ilin martında o, 116 yaşını qeyd edib.İndi planetin ən yaşlı kişisi statusu Yaponiyadan olan Sakari Momoiyə keçib. O da 1903-cü ildə, amma İmiçdən cəmi bir gün sonra dünyaya gəlib.
Mənbə: Milli.Az