Qadin.NET / Kişilərin kim olduğunu qadın göstərir

Kişilərin kim olduğunu qadın göstərir

1976-cı ildə İtaliya kinorejissoru Serjio Korbuççi Daniel Defonun “Robinzon Kruzo” romanı əsasında “Sinyor Robinzon” filmini çəkdi. Komediya janrında çəkilmiş film bu roman əsasında çəkilmiş 8-ci film olmaqla, əvvəlki filmlərə də, əsərə də parodiya idi.Filmin seyrçiyə verdiyi mesajlar Daniel Defonun mesajlarından ciddi surətdə fərqlənirdi. Müasir, sivil kişi obrazını çözmək rejissor-ssenaristin qarşısına qoyduğu məqsədlərdən biri, bəlkə də birincisi bu idi. Hətta bəlkə, film rejissorun Daniel Defonun məşhur əsərinə yeni nəfəs vermək yox, yeni dövrün kişi obrazını təsvir etmək istəyindən ortaya çıxıb. Bəlkə də.....Hər halda rejissorun yeni filmə etdiyi əlavələrin məntiqi bunu deyir. Daniel Defonun qəhrəmanı varlanmaq üçün uzaq ölkələrə dənizlə səyahət edən, gəmisi dəfələrlə yağmalanmış, buna baxmayaraq, səyahətlərdən qalmayan səyyah olduğu halda Korbuççinin müasir Robinzonu mağazalar şəbəkəsi olan, pal-paltar alverçisi, maqnatdır.

Cümə ondan “Axı hər bir kişi nə isə bacarmalıdır, bəs sən nə bacarırsan?” deyə soruşanda sinyor Roberto nə cavab verir?Başlayır gördüyü işdən danışmağa, bunu alırıq, bunu satırıq deyə. Cümə isə razılaşmır və təkrar-təkrar soruşur, “sən nə bacarırsan?” Doğrudan da, az sonra Cümənin qəbiləsinin imtahanları qarşısında gülünc və aciz qalan Robertoya isə mağazalar şəbəkəsi, bankdakı pulları kömək edə bilmir.Defonun qəhrəmanı üçün çətin vəziyyətə düşmək birinci hal deyil, sadəcə bu əvvəlki imtahanların heç birinə bənzəməyəcək dərəcədə ağır bir situasiyadır. O isə o qədər də çaşmır, yaşamaq uğrunda şüurlu və məqsədyönlü mübarizəyə başlayır.Müasir Robinzonu isə bütün hallarda təsadüf xilas edir. Hələ filmin əvvəlində biz onu qarınqulu və yatağan birisi kimi görürük. Arvadına münasibətinin də sevgi, yoxsa nifrət olduğunu ayırd eləmək çətindir. Adaya düşəndən sonra Cümə onun arvadının - Maqdanın şəklini görüb, “Bu döyüşçüdürmü?” soruşur. Robi əvvəlcə “Yox, bu mənim arvadımdır” , sonra isə şəklə bir də baxıb, fikirli-fikirli “hə, iyirmi ildir mən döyüşçü ilə yaşayıram” deyir.
Robi canına əziyyət verməyi xoşlamır, elə yatmağı ucbatından da başına bəla gəlir. Və bu zaman o, yaşamaq uğrunda Defonun qəhrəmanı kimi şüurlu yox, instinktiv mübarizəyə qoşulur. Acır deyə yemək, üşüyür deyə sığınacaq axtarır.
Korbuççinin müasir Robinzonu xarakterizə etmək üçün filmə qadın obrazını gətirməsi isə dahiyanə düşünülmüş gediş idi.
Məlum olduğu kimi, Daniel Defonun əsərində Cümə qadın yox, kişi olur. “Sinyor Robinzon” filminə qədər çəkilmiş 7 filmin heç birində adaya düşmüş Robinzonun ətrafına epizodik də olsa, qadın obrazı əlavə olunmayıb. Korbuççi isə bunu edib. Niyə? Müasir kişinin sevgi pəstəhalarını göstərmədən, onun xarakterini açmaq olardımı?
Korbuççinin sinyoru - hər halda varlı olduğu üçün elit sayılan Roberto adada qarşısına çıxan qara aborigen qızı ələ almaq üçün nə oyunlardan çıxır?
Qız isə o qədər də tez təslim olmasa da, əlbəttə, ürəyində Robinin onun sevdiyinə inanır və buna sevinir. Amma elə ki, imtahan anı gəlir, bizim müasirimiz bir özünə baxır, bir də cəsur Mandinqoya, çoxbilmişcəsinə Cümənin əlini Mondinqonun əlinə verib, aradan çıxmaq istəyir!
Sonra isə başlayır sınaq biabırçılığı. Qəbilə başçısının hökmü ilə zorla Mondinqo ilə yarışa qatılan Roberto filmin ən gülməli səhnələrini “yaradır”.
Nəhayət, nə qədər qəribə olsa da, taleyin hökmü ilə Cüməyə sahib olan, daha doğrusu sahib olmalı olan Robertonun qıza marağını itmiş görürük. Ən dəhşətlisi isə onda baş verir ki, balıqçılar təsadüfən onun radiosunu və bir parça qəzeti dənizdən çıxarırlar. Roberto öz sevimli futbolunu izləyir, qəzeti gözünə soxacaq kimi dönə-dönə oxuyur.
Yuxarıda qeyd etdiyim kimi, hər bir əsərin də filmin də oxucuya, tamaşaçıya çatdırmaq istədiyi mesaj olur. Daniel Defonun “Robinzon Kruzo” əsərinin qayəsi bəşər övladında yaşamaq eşqinin necə güclü olması, həyatda qalmaq üçün hansı çətinliklərdən keçə bilməsi idisə, “Sinyor Robinzon”un tamaşaçıya bu fikri aşıladığını söyləmək, sadəcə, mümkün deyil. Defonun Robinzonu adamyeyən qəbilənin əlindən əsirləri alacaq qədər cəsur idisə, Korbuççinin müasir Robertosu qorxaq, bəzən də fərasətsiz, amma bic idi.
Bütün bunlardan əlavə, filmə qadın obrazının gətirilməsinin də, əlbəttə ki, ciddi bir səbəbi olmalıdır. Necə deyərlər, “səhnədə tüfəng asılıbsa, sonda o açılmalıdır”. Filmin sonunda Korbuççinin “kartları açılır”- qadın obrazının müasir Robinzonun yaşadığı kolluqlara dürtüşdürülməsinin əsil səbəbi bəlli olur: Müasir Robinzonun kim olduğu məhz qadının dilindən səslənməli, müasir kişinin qiymətini məhz qadın verməli idi.
Sonda, ayrılarkən Robi öz Cüməsinə yaltaqlana-yaltaqlana üzrxahlıq edir: “Görürsən, mənim arxamca gəliblər. Bəlkə də, belə yaxşıdır? Biz başqa-başqa mühitlərdə yaşamışıq. Axı mən ağam, sən isə qara?” Cümə isə deyir: “Yox, Robi, mən qarayam, sən isə... krabua!” Robi “krabuanın” nə demək olduğunu soruşur. Üzündəki məmnun təbəssümdən görünür ki, o, bu sözün hansısa xoş anlam verdiyini düşünür. Bəs necə, film boyu Cümə bir dəfə də olsun onun xətrinə dəyməyib... Cümə “krabuanın” nə demək olduğunu deyəndə isə Robinin təbəssümü üzündə donur. Filmin çəkildiyi italyan dilində bu “stront”, rus dublyajında isə “dermo” kimi səslənir. Azərbaycan dilinə isə səhv etmirəmsə, film hələ tərcümə olunmayıb...
Mənbə: Milli.Az
9 iyun 2014
GO BACK