Qadin.NET / Yol polisi istirahət zonasında reyd keçirdi

Yol polisi istirahət zonasında reyd keçirdi

 

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Hacıkənd qəsəbəsində reyd keçirib. İstirahət gününə təsadüf edən yoxlamalar zamanı əsas hədəf sükan arxasına sərxoş vəziyyətdə əyləşən sürücülər olub.
Havaların istiləşməsi ilə əlaqədar istirahət zonalarına gedib-gələnlərin sayı da artıb. Təbii ki, mövcud vəziyyət bu cür yollarda avtomobillərin intensiv hərəkətini qaçılmaz edir. Belə olan halda sürücü və sərnişinlərin mənzilə təhlükəsiz çatması vacib amillərdəndir. Gəncənin yol polisləri də bu və ya digər amilləri nəzərə alaraq mövsümü reydlərə start verib.
Gəncənin yol polisinin Hacıkənd qəsəbəsində keçirdiyi ilk reyd maraqlı görüntülərə səhnə olub. Sərxoş halda sükan arxasında əyləşən əksər sürücülər yol polisinin saxla işarəsinə tabeçilik göstərmək istəməyib. Yol polisinin işarəsinə əməl etməyən sərxoş sürücülər çətinliklə də olsa saxlanılıb. Əksər hallarda ağır dərəcəli sərxoş olan hətta ayaq üstə güclə dayanan bəzi sürücülər spirtli içki qəbul etmələrini inkar etməyə çalışıb. Bəzi sərxoş sürücülər yol polisinə müqavimət göstərməkdən belə çəkinməyib.
Aparılan yoxlamalar zamanı diqqət çəkən məqamlardan biri də sərxoş sürücülərdən çox onların yanında əyləşən sərnişinlərin narahatlığıdır. Əksər hallarda sərnişinlər yol polisi ilə mübahisə edərək sürücünün sərxoşluğunu inkar etməyə çalışıb.
Ümumilikdə iki gün ərzində Hacıkənd qəsəbəsində keçirilən reyd zamanı 20-yə yaxın sərxoş sürücü aşkarlanıb. Bir neçə sürücü isə avtomobili hüquqsuz idarə etdiyi üçün cəzlandırılıb.
Elşad Nəbiyev- Gəncə şəhər DYPŞ-nin rəis müavini: “Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları mösümlə əlaqədər reydlərə başlayıb. Hal-hazırda Hacıkənd qəsəbəsində reydlərimizi həyata keçiririk. Mütəmadi aparılan yoxlamalara baxmayaraq yenə də xeyli sayda sürücü aşkarlanıb. Sürüclərdən xahişimiz və tələbimiz ondan ibarətdir ki, sükan arxasında əyləşərkən spirtli içki qəbul etməsinlər”.Qeyd edək ki, Gəncənin yol polisləri istirahət zonasında reydlərini qarşıdakı günlərdə də davam etdirəcək.
Mənbə: Milli.Az

 

8 iyun 2014
GO BACK