Qadin.NET / O kəslər ki, dinlərini oyun-oyuncaq ediblər...

O kəslər ki, dinlərini oyun-oyuncaq ediblər...

 

O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları unudarıq. (əl-Əraf surəsi- 51)
Uca Rəbbimiz yer üzünü saysız-hesabsız nemətləri ilə təchiz edib, bizə təqdim edərkən bizi də öz başımıza buraxmayıb, göylərin və dağların boynuna götürməkdən çəkindikləri çox mühüm bir əmanəti daşımaqla məsul olmuşdur. Uca Yaradanımızın bizə təklif etdiyi bu önəmli məsuliyyət Onu tanıma, bilmə və Ona layiqincə itaət və ibadət etmə borcudur. Uca Rəbbimiz sonsuz mərhəmətinin tərkib hissəsi kimi bu şərəfli qulluq, ibadət və itaət vəzifəsini yerinə yetirə bilməyimiz üçün öz dərgahından kitablar göndərmiş və o kitabları insanlara tədris etmək üçün xüsusi müəllimlər, peyğəmbərlər seçmişdir. Bizə öz vəzifəmizi öyrədən, xatırladan Peyğəmbərlərə tabe olaraq onların buyruqlarını doğru-düzgün yerinə yetirməklə biz həm dünyada, həm də axirətdə səadətə qovuşa bilirik. Peyğəmbərlərə tabe olmaq Allahın əmridir. Çünki Peyğəmbərlər öz istədiklərini deyil, Allahın əmrlərini təbliğ ediblər. Təbliğat metodunda əsas istiqamətlərdən biri də axirət düşüncəsi olmuşdur. Yəni insan bu dünyada nə edirsə-etsin, bir gün Allah-Təalanın hüzuruna çıxb bütün əməlləri üçün hesab verəcəyini unutmamalıdır. Axirət düşüncəsi müsəlmanın ağlından bir an belə çıxmamalıdır. İmanın şərtlərindən biri də axirətə, yəni hər kəsin orada hesaba çəkiləcəyinə iman etməkdir. Axirətə inanmayanın imanı olmaz.
Peyğəmbərə üsyan edən onu göndərən Allaha üsyan etmiş sayılır. Quranda sevimli Peyğəmbərimizdən bəhs edilərkən Onun həm Bəşir (müjdələyici, yəni dünyada Allahın əmrlərinə uyğun yaşayanların axirətdə səadətə qovuşacağını müjdə verən), həm də Nəzir (xəbərdaredici, yəni həyatını Allahın əmrlərinə uyğun deyil, nəfsinin istəklərinə uyğun yaşayanların axirətdə aqibətinin heç də xoş olmayacağını bildirən) olduğu bildirilir.
Dünyada axirəti unudanlar, fani dünyanın fani əyləncələri ilə bir ömrü heçə-puça çıxaranlar ən zavallı, bədbəxt insanlardır. Axirətdə Allah-Təalanın mərhəmətindən məhrum qalmaq insan üçün ən böyük nəsibsizlikdir və bu gen dünyada Allahı düşünməyən, axirətə gedəcəyini, orada hesab verəcəyini ağlından belə, keçirməyənlər elə bu nəsibsizlərdir.
Müqəddəs Kitabımız Qurani-Kərim bildirir ki, dünyada axirəti unudanlar, öldükdən sonra yenidən dirilməyi düşünməyənlər, Allah-Təalanın göndərdiyi ilahi dəvətə yanaşmayanlar dünyada stress və sıxıntı görəcək, dünyada onlara gələn ayələri unutduqları üçün axirətdə kor kimi həşr olunaraq və yardıma ən böyük ehtiyac hiss edəcəkləri o zamanda onlarla unudulmuş, siyahıdan silinmiş kimi davranılacaq.
Müqəddəs Kitabımız bizim ibadət edərək Rəbbimizin əmrlərini yerinə yetirəcəyimiz təqdirdə Onun da bizi xatırlayıb anacağını müjdələyir. Uca Rəbbimiz Ona şərik qoşulmaqdan başqa istədiyi qulunun bütün günahlarını bağışlaya biləcəyini xəbər verir. Bununla yanaşı, Kitabımız gözlərini həqiqətə qapayan, haqqın səsini dinləməyə səbr edə bilməyən, Allahın göndərdiyi ayələri yalan sayıb göndərdiyi elçilərə və onların gətirdikləri ilahi buyruqlara rişxənd edən, axirəti inkar edən və bu səbəblərə görə də işlədikləri bütün əməlləri boşa çıxan şəxslərin axirətdə ən böyük zərərə uğrayacaqlarını da söyləyir.
Ona görə də bu dünyada yaşadığımız həyatın bir imtahan olduğunu və bu imtahanda müvəffəqiyyət qazanmağın yeganə yolunun Allahın Kitabına və Peyğəmbərinə təslim olmaq, həyatı nəfsin istəklərinə görə deyil, Allahın əmrlərinə görə qurmaq olduğunu bir an belə olsun ağlımızdan çıxarmamalıyıq. 
Yəmənə vali göndərdiyi Muaz bin Cəbəl ayağını üzəngiyə qoyanda Rəsulullah ona belə öyüd verir: “Ey Muaz, insanlara qarşı əxlaqını gözəlləşdir”.
Rəsulullah buyurmuşdur:
- Ən xeyirliniz əxlaqca ən gözəl olanlarınızdır.
-Yaxşılıq gözəl xasiyyətdir. Günah isə vicdanı rahatsız edən, adam içində gizlədiyi və insanların xəbər tutmasını istəmədiyi şeydir.
- Su buzu əritdiyi kimi gözəl əxlaq da günahları əridir. Sirkə balı çürütdüyü kimi pis əxlaq da yaxşı əməli çürüdür.
- Mənim yanımda ən sevimliniz əxlaqca ən gözəl olan və ətrafdakılarla xoş davranandır ki, o, ətrafdakıları sevər, ətrafdakılar da onu sevər. Mənim yanımda ən az sevilənləriniz isə çuğulçuluq edən, dostların arasını vuran və təmiz şəxslərdə qüsur axtaranlardır.
- İmanca möminlərin ən kamili əxlaqı ən gözəl olub, ailə üzvlərinə qarşı ən yumşaq və lütfkar davranandır.
- Allahım, təfriqə və aravuruculuqdan, ikiüzlülük və pis əxlaqdan sənə sığınıram.
Mənbə: Milli.Az

 

8 iyun 2014
GO BACK