Qadin.NET / Azərbaycanda könlü balıq istəyənin...

Azərbaycanda könlü balıq istəyənin...

 

Son illər beynəlxalq arenada ərzaq təhlükəsizliyi məsələsi tez-tez müzakirə mövzusuna çevrilir. Dünyada əhalinin sayının durmadan artması, şəhərətrafı ərazilərdə kənd təsərrüfatı məqsədlərilə istifadə oluna biləcək torpaqların məhdudluğu insanların ərzaqla təmini məsələsini qlobal problemə çevirir.
Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) "Dünyada balıqçılığın və akvamədəniyyətin vəziyyəti" adlı yeni məruzə açıqlayıb. Məruzədə bu sahənin inkişaf perspektivlərindən bəhs olunur.
FAO-da hesab edirlər ki, balıqçılıq və akvamədəniyyət aclıqla mübarizədə, əhalinin işlə təminində böyük rol oynayır, Yer kürəsi sakinlərinin 12%-nin yaşamını təmin edir. Bununla yanaşı, sözügedən sektorda məşğulluq son zamanlar dünya əhalisinin sayı ilə müqayisədə daha böyük templərlə artmağa başlayıb. Üstəlik, 1960-cı ildən keçən dövr ərzində balıq istehlakı, təxminən, 2 dəfə çoxalıb və 2012-ci ildə adambaşına 19 kiloqram təşkil edib.
Məruzədə bildirilir ki, hazırda dünyada zülal qəbulunun, təxminən, 17%-i balığın payına düşür. Bəzi sahilyanı və ada dövlətlərində isə bu göstərici hətta 70%-i ötür. FAO ekspertlərinin fikrincə, planetdə əhalinin sayının çoxalması ilə əlaqədar ərzağa artan tələbatı balıqçılıq təsərrüfatı hesabına ödəmək olar.
Balıq istehlakı Xəzər dənizinə çıxışı olan Azərbaycan üçün də aktual məsələdir. Azərbaycanın dəniz sahilinin uzunluğu, təxminən, 955 kilometrdir. Üstəlik, paytaxt Bakı düz Xəzərin sahilində yerləşir və ölkə əhalisinin 20%-dən çoxu, məhz, paytaxtda yaşayır. Amma rəsmi statistika göstərir ki, Azərbaycan bu qədər əlverişli coğrafi mövqeyə malik olsa da, ölkə əhalisi dəniz məhsullarından gündəlik rasionlarında o qədər də çox istifadə etmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2005-2013-cü illərdə Azərbaycanda balıq və balıq məhsullarının istehlakı 7,57% artıb və 2013-cü ilin yekunlarına görə, adambaşına 7,1 kiloqram təşkil edib.
Bununla yanaşı, planetin digər regionları ilə müqayisədə Azərbaycanda balıq istehlakı son dərəcə zəifdir. Məsələn, Rusiyada adambaşına düşən balıq istehlakı 22 kiloqramdır. Şimali Amerikada bu 24, Avropada 21 kiloqram təşkil edir. Dəniz məhsullarını ən çox Yaponiyada sevirlər. BMT-nin məlumatına görə, bu ölkədə il ərzində adambaşına 60 kiloqram balıq və balıq məhsulları istehlak olunur.
Göründüyü kimi, Azərbaycan balıq istehlakında dünyadakı ümumi göstəricilərdən xeyli geri qalır. Bu, digər ərzaq məhsullarının üzərinə düşən yükü daha da artırır. Əhalinin balıq və digər dəniz məhsullarına həvəsinin stimullaşdırılması ölkədə ərzaq məhsulları istehlakının ciddi şəkildə şaxələndirilməsinə yol açardı.
"Balıq çox faydalıdır. O, ət və ət məhsullarını tamamilə əvəzləyə bilər", - deyə Dayanıqlı İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Nəriman Ağayev bildirir. Digər ət məhsulları ilə balığı müqayisə etsək, balıq tərkibi baxımından ət məhsullarını tamamilə üstələyir. Balığın yeməli hissələrinin həm qida, həm də kulinariya baxımından qiyməti onun tərkibindəki zülallı maddələrlə, yağlarla ölçülür. Balığın tərkibindəki bu maddələr orqanizmə çox faydalıdır. Balıqda enerji nisbətən azdır və bu, onu həm də pəhriz yeməyinə çevirir. Bundan başqa, dəniz və çay balıqlarının bəzi növlərində adi ətdə olduğu qədər və ondan daha artıq kalori var.
Balıq ətinin tərkibində 20%-dək qiymətli zülal olur, bu isə bizim orqanizmimiz üçün əvəzsiz sayılan aminoturşular deməkdir. Mal ətindəki zülaldan fərqli olaraq, bu cür zülal yaxşı həzm olunur. Zülallı maddələrin əhəmiyyəti əvəzolunmaz aminoturşuların sayı ilə ölçüldüyündən, balıq zülalı çox xeyirlidir.
Amma problem azərbaycanlıların balığın faydalarını bilməmələrində deyil. Nəriman Ağayev ölkədə ərzaq istehlakı mədəniyyətinin onilliklər ərzində formalaşdığını deyir: "Xəzər dənizinin və çayların sahillərində yaşayan azərbaycanlılar, xüsusilə cənub bölgələrin sakinləri balıq məhsullarından daha çox istifadə edirlər. Şəhərlilər isə ətə üstünlük verirlər".
Ekspertin fikrincə, balıq istehlakının artımına qiymətlər də mane olur. "Bakıda bir neçə balıq və balıq məhsulları mağazası var. Amma onların sayı azdır. Rəqabətin artırılması üçün onların sayının artırılması məqsədəuyğun olardı. Rəqabət qiymətlə bağlı vəziyyətə də öz müsbət təsirini göstərəcək. Bununla yanaşı, balıqçılıq sənayesilə məşğul olan şirkətlərə və şəxslərə güzəştlərin tətbiqi də mümkündür və bu, balığın qiymətinin ucuzlaşmasına səbəb ola, balıq və balıq məhsullarının istehlakını stimullaşdıra bilər", - deyə N.Ağayev qeyd edib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə hesab edir ki, Azərbaycanda balıq istehlakının aşağı səviyyədə olmasının obyektiv səbəbləri var. O, misal kimi, Azərbaycanın isti iqlimə malik ölkə olmasını göstərir - isti aylarda balıq istehlakı o qədər də yüksək olmur. "Biz balıq və balıq məhsullarını daha çox qışda və ya soyuq aylarda qəbul edirik. Amma bu yerdə ortaya başqa sual da çıxır: İspaniyanın iqlim şəraiti Azərbaycanla oxşardır, amma bu, ispanların 7 dəfə artıq balıq yemələrinə mane olmur (adambaşına 43 kiloqram). Doğrudur, bir məsələ də var ki, İspaniyada balıq həm də milli mətbəxin elementidir. Bizdə isə tarixən ət yeməklərinə üstünlük verilib", - deyə V. Bayramov qeyd edib: "Bundan başqa, nəzərə almaq lazımdır ki, Azərbaycanda balıq və balıq məhsulları, əslində, rəsmi statistikada göstərildiyindən, təxminən, 20% çox istehlak olunur. Ölkənin müxtəlif çayların sahilində yerləşən ayrı-ayrı rayonlarında əhali balıq tutur, tutulan balıqlardan hazırlanan xörəkləri yeyir. Təəssüf ki, bu məqamlar çox zaman rəsmi statistikadan kənarda qalır. Çünki onların qeydə alınması son dərəcə çətindir. Amma rəsmi statistikadan kənarda qalan halları nəzərə alsaq belə, Azərbaycanda balıq istehlakı yenə də lazımi səviyyədə deyil".
Ekspertin fikrincə, mövcud vəziyyətin stimullaşdırıcı tədbirlər həyata keçirilmədən dəyişdirilməsi son dərəcə çətin olacaq: "Mən onunla da razıyam ki, ilk növbədə, qiymət məsələsinə əncam çəkilməlidir. Bundan başqa, sosial reklamdan istifadə olunmalı, balıq və balıq məhsullarının faydası geniş auditoriyaya çatdırılmalıdır. Bu halda yaxın 5 ildə balıq istehlakını 50% artırmaq olar və bu, insanların rasionunda ətdən istifadəni, təxminən, 20% azalda bilər".
Ət istehlakının azalması öz növbəsində yem becərilməsi üçün istifadə olunan ərazilərin azalmasına da səbəb olacaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə yem becərilməsi üçün 392,7 min hektar torpaq sahəsindən istifadə edilib. Qənaət olunan əkin sahələrini isə digər kənd təsərrüfatı növləri üçün ixtisaslaşdırıla bilər. Bir sözlə, bir məsələnin həlli ölkənin müxtəlif ərzaq məhsulları ilə daxili imkanlar hesabına təmin edilməsi işində çox sayda problemin aradan qaldırılmasına imkan verərdi.
Mənbə: Milli.Az

 

8 iyun 2014
GO BACK