Yay mövsümü gəldikdə istirahət insanların bir nömrəli seçimi olur. Harada olmağından asılı olmayaraq şəhərdən 3 günlük uzaqlaşmaq belə insan üçün gözəl istirahət sayılır. Gündəlik əsəb, stres, gərginlikdən uzaq durmaq üçün isə yay mövsümündə çox insan şəhərdən uzaqlaşır.İstər bölgələr olsun, istərsə də fərqli ölkələr, hər il minlərlə insanı qəbul etməyə hazırlanır. Fərqli ölkə və fərqli məkanlarda ayrı insanlar ilə birlikdə istirahət etmək hər nə qədər əyləncəli və maraqlıdırsa, təhlükəsi də bir o qədər boldur. Gigiyenik qaydalar isə bütün ölkələr üçün eynidir. Sağlam olmaq və xəstəliklərdən sığortalanmaq istəyiriksə, bir sıra qaydalara əməl edilməlidir.Məsələ burasındadır ki, istirahət üçün fərqli ölkələrə yollananlar bunu demək olar, düşünmür. Şəhəriçi avtobusların natəmizliyindən şikayət edənlər əksər hallarda xarici ölkələrdə buna ümumən fikir vermir. İstirahətdən sonra isə xəstəliklərdən əziyyət çəkməyi soyuqlama ilə bağlayırlar. Halbuki, virusun vətəni olmur. İstənilən ölkədə ən ağır xəstəliklərə belə yoluxmaq mümkündür. Təbii ki, diqqət edilməzsə.Həkim-infeksionist Elvira Axundovanın sözlərinə görə, yay fəslində yayılan xəstəliklərin böyük bir qismi xarici ölkələrdən gələn virusların hesabına olur. Tez-tez rast gəlinən xəstəliklərdən olan turist ishalı, qızdırma, sarı qızdırma, vəba, hepatit A və B, tifo, sətəlcəm və qrip kimi xəstəliklər turistlər arasında yayılan məşhur infeksiyalardır. Gigiyenik qaydalara sərt əməl etməklə bu xəstəliklərdən sığortalanmaq mümkündür: "İlk olaraq bağırsaq xəstəliyindən qorunmaq üçün əllər tez-tez yuyulmalı, bağlı şüşələrdəki sular seçilməlidir. Kran suyu və kran suyundan hazırlanmış buzlu içkilər içilməməli və paketsiz, açıqda hazırlanan yeməklər və dəniz məhsulları yeyilməməlidir. Xüsusən, bişməmiş ətlər, soyulmamış meyvələrin şirələri, salatlar kimi riskli ola biləcək qidalardan uzaq durulmalıdır. Turistlərin vazkeçilməzi olan dondurmalar da istirahət edənlər üçün təhlükəlidir. Açıq şəraitdə satılan bu cür dondurmaların tərkibi pozulur və bakteriyaların yaranması üçün uyğun mühit yaranır. Əgər hər hansı prestijli otelde istirahət edilirsə, bu zaman qidalar qəbul edilə bilər, amma ölkədən asılı olaraq açıqda satılan bütün qidalar risk faktorudur. Bundan əlavə, xarici ölkələrə gedənlərin əksəriyyəti döymə elətdirməyi sevir ki, bu da çox böyük riskdir. Təhlükəsiz olmayan yerlərdə döymə, akupunktur və pirsinq etdirmək Hepatit B, C, QİÇS kimi qanla keçən xəstəliklərin keçməsinə səbəb ola bilər. Avtobus, metro və bu kimi nəqliyyatlardan istifadə edənlər xüsusən nəm salfet və antibakterial gelləri əskik etməməlidirlər".İstirahət mərkəzərində, xüsusən otellərin ümumi hovuzlarında dincələnlərin də risk qrupuna daxil olduğunu deyən infeksionist hovuz sonrası təmiz duş almağın vacibliyini vurğulayır. Müsahibimiz deyir ki, əksər dəri xəstəliklərinin səbəbi də elə ümumi hovuzlardır ki, qiyməti kifayət qədər yüksək olan otellerdə hovuz təmizliyinə diqqət edilir. Digər yerlər isə böyük təhlükədir: "Hovuzda eyni anda 100-ə yaxın insan çimirsə, burdakı suyun təmizliyindən danışmaq mümkün deyil. Ola bilər ki, su gündəlik təmizlənsin, hovuz yuyulsun, amma eyni anda hovuzda 100-ə yaxın insan varsa, demək, infeksiyalarla birlikdə çimirsiniz. Bundan sığortalanmağın uyğun yolu isə çimdikdən dərhal sonra duş qəbul etməkdir. Eyni zamanda yaş çimərlik geyimləri ilə də günəşlənmək geyimdə olan mikrobu birə- beş artırdığı üçün çimdikdən dərhal sonra geyimi quru geyimlərlə dəyişmək vacibdir".Bundan başqa, turistik məkanları gəzənlər də diqqətli olmalıdır. Bir gündə mindən çox insanın ziyarət etdiyi abidələr, məkanlarda əllər mümkün qədər əşyalara toxundurulmamalı, həmin məkanlardan qayıtdıqdan sonra bol su və sabunla yuyulmalıdır. Hər ölkədə müxtəlif hədiyyələrin satıldığı küçələr var ki, məhz bu küçələrdən istirahətə yollananlar öz yaxınları üçün alış-veriş də edir. Bu zaman mümkün qədər geyimlər alınmamalı, geyim alınacaqsa xüsusi geyim dükanlarından alınmalıdır. Açıq şəraitdə satılan suvenirlərin alınması daha uyğundur. Fərqli papaqların başa qoyulması, pencəklərin geyinilib şəkil çəkdirilməsi də sağlamlıq baxımından düzgün deyil. Eyni gündə yüzlərlə insanın o geyimlərdən istifadə etdiyini nəzərə alsaq infeksitya riski çox yüksəkdir.İnfeksiyalardan və infeksion xəstəliklərdən qorunmaq üçün lazimi prosedurlardan əlavə ehtiyacı olan şəxslərə sarımsaq, gül kələmi, yaşıl yarpaqlı tərəvəzlər, C vitaminli meyvələr, A vitaminli qidalar, kefir, göbələk, zəncəfil, qara turp və tərkibində antioksidant olan qidaların qəbulu məsləhətdir. Xəstəliklərdən qorunmaq üçün hər kəsin güclü bir immunitet sisteminə ehtiyacı var. Həmin qidalar mövsüm dəyişikliklərində belə zəifləyən bədəni viruslardan və infeksiyalardan qorumaqda çox kömək edir.İstirahətdən döndükdən sonra ümumi həkim müayinəsindən keçməkdə fayda var. Belə olan halda xarici ölkələrdən infeksiyalarla birlikdə dönmədiyiniz də aşkar olmuş olar. Əks halda hər hansı bir virus aylar sonra insan orqanizmində baş qaldırmış ola bilər.Qeyd edək ki, səyahət sağlamlığı baxımından infeksiya xəstəliklərindən qorunmaq üçün yalnız peyvənd edilmə və profilaktik dərman istifadəsi kafi deyil. Eyni zamanda hər vaxt olduğu kimi ümumi sağlamlıq qaydaları və fərdi gigiyena qaydalarına tam olaraq əməl edilməlidir. Nəticə olaraq, səyahət edən kəslərin infeksiya xəstəlikləri cəhətdən problemsiz səyahət edə bilmələri üçün gediləcək ölkəylə əlaqədar infeksiyalar haqqında məlumat almalı və təklif edilən zəruri peyvəndləri etdirməlidir
Mənbə: Milli.Az