Qadin.NET / Zəlzələ anında nə etmək lazımdır?

Zəlzələ anında nə etmək lazımdır?

Zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər? Milli.Az xəbər verir ki, bu gün ölkəmizdə baş verən yeraltı təkanlar zəlzələ zamanı davranış qaydalarını gündəmə gətirib. 

Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbiət hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir.
Yadda saxlamaq lazımdır ki, ilk təkanları hiss edən kimi heç bir vahiməyə düşmədən, səs-küy və qışqırtı salmadan, səbr və təmkinlə hərəkət etməklə, həm özünüzə, həm də ailə üzvlərinizə bir o qədər kömək göstərə bilərsiniz.
1. Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə binanın deformasiyasından giriş qapıları əksər halda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir. 
2. Sakitcə gözləyin, başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Zəlzələ zamanı əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa və yaxud küçədədirlərsə, evə daxil olmağa çalışırlar. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Daxili qapı boşluğunda və ya otağın əsas divarına yaxın olan daxili küncündə durun. 
3. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də, heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın və ya zalın ortasında durmayın. 
4. Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn, soyuducudan, mebeldən və s. uzaq dayanın.
5. Qaçaraq binadan çıxmayın. Yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur.
Əgər siz çox da hündür olmayan binanın içindəsinizsə, yaxşı olar ki, oranı tərk edəsiniz. Yuxarıdan düşən daş parçalarından və şüşə qırıntılarından özünüzü qorumaq şərtilə binadan bacardıqca tez və ehtiyatla çıxın. 
6. Çoxmərtəbəli binanın içərisindəsinizsə, onda ən yaxşısı elə oradaca qalmaqdır. Pilləkənə çıxmağa və liftə minməyə tələsməyin. Birincisi, əksər hallarda ola bilsin ki, lift işləməsin, ikincisi, pilləkəndə basabas yaransın. Bundan başqa unutmayın ki, zəlzələ vaxtı ən çox lift və pilləkən sıradan çıxır.
7. Güclü zəlzələdən sonra təkrarlanan təkanlardan qorxmayın. Bu heç də yeni zəlzələ deyildir. İlk təkandan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə boyuna, sonradan eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra da arabir təkrar güclü təkanlar hiss edilə bilər. Bəzən ilk təkandan sonra təkrar zərbələr zədələnmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına gətirib çıxarır.

Mənbə: Milli.Az

7 iyun 2014
GO BACK