Qeyd edək ki, Z.Həsənov NATO Baş Qərargahına səfəri çərçivəsində ISAF Müdafiə Nazirlərinin görüşündən əvvəl ABŞ-ın müdafiə katibi Çak Heygel ilə ikitərəfli, türkiyəli və gürcüstanlı həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirib. Bu və digər məqamları nəzərə alan politoloqlar səfərin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini deyirlər. Bildirirlər ki, ümumilikdə səfər özü və nazirin iclasdakı çıxışı bir daha ölkəmizin güclü hərbi bazaya malik olduğunu göstərir.
Politoloq Fikrət Sadıqov bizimlə söhbətində xatırlatdı ki, Azərbaycan hər zaman Əfqanıstanla bağlı məsələlərdə yaxından iştirak edib və lazım olduğu təqdirdə öz hərbi dəstələrini oraya göndərib: “Bilirsiniz ki, iclasda ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi haqda, Əfqanıstanda keçirilən prezident seçkiləri və cari siyasi durum barədə fikirlər söylənildi. Həmçinin NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası və onun başlaması üçün lazım olan hüquqi çərçivənin son vəziyyəti də müzakirə olundu. Hamıya məlumdur ki, ölkəmiz Əfqanıstanla bağlı əməliyyatlarda yaxından iştirak edib. O da heç kimə sirr deyil ki, bizim orada hərbi dəstəmiz vardı. Yəni, bu istiqamətdə olan proqramlarda həmişə NATO ilə birlikdə olmuşuq və qurumun əsas layihələrində iştirak etmişik. Amma bütün bunlara baxmayaraq, dövlətimiz bəyan edib ki, NATO-ya üzv olmaq fikrində deyil və gələcək planlarımızda belə bir şey yoxdur. Bizim əməkdaşlığımız sadəcə olaraq, ikitərəfli formatda olub, belə də davam etdirilməsində maraqlıyıq. Düşünürəm ki, bundan sonra da əlaqələr yalnız bu çərçivədə olacaq”.
F.Sadıqov təəssüflə qeyd etdi ki, regionun ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb və NATO ölkələri durumla bağlı qəti mövqe ortaya qoymayıblar. Ona görə də Azərbaycan-NATO əlaqələrinin bu münaqişənin həllinə yardım edə biləcəyi haqda danışmaq çətindir: “Hamı bilir ki, regionda stabilliyə mane olan bir məsələ var, o da Ermənistanın Azərbaycana təcavüzüdür. Bütün dünya bunu bilsə də, hələ də Azərbaycan torpaqları işğal altında qalmaqdadır. Bu məqam faktiki olaraq arzulanan stabilliyi pozur. Biz dəfələrlə danışıqlar zamanı münaqişənin həlli yolları haqda fikrimizi bildirmişik və bəyan etmişik ki, bu məsələ həll olunmayana qədər regionda tam sabitlik formalaşa bilməz. Proseslər bu çərçivədə davam edərsə, münaqişə hər an alovlana bilər. Aparıcı dövlətlər bunu dərk etməlidirlər və özləri üçün nəticə çıxarmalıdırlar. Çünki bizim bu ədalətsizliyə daha nə qədər tab gətirə biləcəyimiz bəlli deyil və sakit durmaq fikrimiz yoxdur. Bizə əsas verən, haqlı olduğumuzu bir daha təsdiqləyən müxtəlif qətnamələr, bəyanatlar var. Azərbaycan-NATO əlaqələrinin inkişafının Qarabağ münaqişəsinin həllinə ciddi təsir etməyəcəyini ona görə ehtimal edirəm ki, onlar indiyə qədər bu məsələ ətrafında konkret addım atmayıblar. Aparıcı dövlətlərdən olan ABŞ, Fransa, Almaniya, İngiltərə və digərləri hələ də seyrçi mövqedə dayanıb. Düzdür, onlar bizim ərazi bütövlüyümüzü tanıyırlar, amma əməli fəaliyyətdə heç bir iş görmürlər. Elə bizi narahat edən də budur. Biz onlardan real addımlar gözləyirik. Lakin ortada səsləndirilən bəyanatlardan başqa heç nə yoxdu. Aparıcı dövlətlərlə əməkdaşlığımızı inkişaf etdirsək də, NATO-nun üzvü olmağa hazırlaşmırıq və ümumiyyətlə, heç bir hərbi ittifaqa daxil olmaq fikrində deyilik”.
Politoloq Elxan Şahinoğlu da müdafiə nazirinin Brüsselə səfərinin olduqca məhsuldar olduğunu düşünür. Hesab edir ki, hər şeydən öncə, Zakir Həsənovun nazir təyin olunandan sonra xarici səfərlərinin çoxalmasının özü müsbət məqamdır. Çünki ölkəmiz bu yolla hərbi əməkdaşlığını genişləndirmək istəyir: “Əslində toplantı Əfqanıstanla bağlı idi və Brüsseldə NATO-ya üzv və qeyri-üzv dövlətlərin bu dövlətlə bağlı geniş fikir mübadiləsi oldu. Bu çərçivədə nazir Zakir Həsənov ikitərəfli və üçtərəfli görüşlərdə də iştirak etdi. Hesab edirəm ki, onun Gürcüstan, Türkiyə və ABŞ müdafiə nazirləri ilə görüşüb diskussiya aparması ölkəmiz üçün çox önəmli məqamdır. Çünki adıçəkilən dövlətlər Azərbaycanın strateji tərəfdarlarıdırlar və onlar ölkəmizlə hərbi əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Ona görə də bu görüşləri çox əhəmiyyətli hesab edirəm. Əfqanıstan haqda olan müzakirələr də bizim üçün önəmlidir. Çünki Azərbaycan bu ölkə ilə bağlı məsələlərdə xüsusi rola malikdir. Dövlətimiz Əfqanıstana həm hərbi kontingent göndərib, həm də böyük miqdarda maliyyə yardımı ayırıb. Onu da xatırladım ki, NATO qoşunları bu il Əfqanıstandan çıxarılacaq və onların əksər texniki təchizatı Azərbaycan üzərindən geri daşınacaq. Bu məqam Azərbaycanın onlar üçün önəmli ölkə olduğunu bir daha göstərir.
E.Şahinoğlu onu da nəzərə çatdırdı ki, belə görüşlərin Qarabağ münaqişəsinin həllinə birbaşa təsiri mümkün deyil: “Bu münaqişə ilə ATƏT və onun həmsədrləri məşğul olur. Danışıqlarda isə daha çox Xarici İşlər Nazirliyi iştirak edir. Düşünürəm ki, Müdafiə Nazirliyinin bu məsələdə əsas işi Azərbaycanın hərbi qüdrətini artırmaq və hərbi potensialı modernləşdirməkdən ibarətdir. Məlumdur ki, büdcəmizdə hərbi potensialımızı artırmaq üçün xeyli imkanlarımız var. Dövlət hər il hərbi sahəyə böyük maliyyə vəsaiti ayırır. Hesab edirəm ki, bunun özü işğalçı dövlət üçün bir ismarıcdır. Onlar bu mesajı anlamalıdırlar ki, əgər münaqişə sülh yolu ilə həll olunmasa, Azərbaycanın hərbi qüdrətindən faydalanması zərurəti yaranacaq. Ona görə də belə görüşlərin baş tutması ölkəmiz üçün çox vacibdir. Məlumdur ki, NATO da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Onların rəsmi sənədlərində Azərbaycanın ədalətli mövqeyi hər zaman vurğulanır. Amma təəssüf ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul deyil. Bu səbəbdən də Azərbaycan-NATO münasibətlərinin münaqişənin həllinə təsir edə biləcəyini deyə bilmərəm”.