“Hazırda Bakı şəhəri üzrə rəsmi olaraq 31 çimərlik fəaliyyət göstərir. Bəzi xırda çimərliklər də var ki, qeydiyyata alınmayıb, adsız fəaliyyət göstərir. Buna görə də onları hesaba almırıq”.Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Bakı Şəhəri Ticarət və Xidmət Departamentinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əlabbas Bağırov bildirib:“Bütün çimərliklər özəlləşib, hamısı fərdi şəkildə fəaliyyət göstərdiyindən ciddi problemlər yaranıb. Haqlı olaraq əhali tərəfindən suallar meydana çıxır ki, “filan çimərliklər pulludur-pulsuzdur, pulsuzdursa, niyə ora daxil ola bilmirik...”.Ə.Bağırovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, çimərliklərə girişin pulsuz olması birmənalı olaraq təsbit olunub:“Hər kəs çimərliyi hasara alıb, deyir ki, bura mənim ərazimdir, giriş ödənişlidir. Problemin həlli yollarını axtaracağıq ki, girişin pulsuz olmasını necə təmin edək, əhali əziyyət çəkməsin. Düşünürəm ki, çimərliklərə dövlət nəzarəti təmin olunmayınca, bu sahədəki vəziyyət hökm sürəcək. Bunun iki çıxış yolu var: ya əhali vəziyyətlə barışmalıdır, ya da dövlət nəzarəti həyata keçirilməlidir”.Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, BŞİH-nin çimərliklərə dair sərəncamı ilə bağlı Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyevin əmri olmalıdır:“Əmri gözləyirik. Bundan sonra bütün fəaliyyətimizi həmin əmr əsasında quracağıq. Sərəncamda ümumi göstərişlər, ümumi müddəalar var. Konkret olaraq müddəalardan doğan prinsiplər həmin əmrdə öz əksini tapacaq və biz həmin əmrə əsasən, öz fəaliyyətimizi quracağıq”.
Mənbə: Milli.Az