Son günlər yağan yağışlar nəticəsində İsmayıllıda sürüşmə aktivliyini qoruyub saxlayır. Zərnava kəndində torpaq sürüşmələri hələ də davam edir. Milli.Az Kanal S-ə istinadən bildirir ki, kəndə nəqliyyatın hərəkəti hələ dərpa olunmayıb. Mayın 28-də və 29-da İsmayıllının Zərnava kəndinə yağan leysan yağışlar və dolu nəticəsində kəndin giriş yolunda sürüşmə məticəsində avtomobil yolu bağlıdır. Yol qırılıb və 8-10 metr dərinlikdə yarğan əmələ gəlib. Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, həmçinin, rayon rəhbərliyinin nümayəndələri əraziyə baş çəkiblər. Alternativ yol üçün yer müəyyənləşdirilib. Artlq sabahdan etibarən həmin yolun çəkilişinə başlanılacaq. Hazırda isə əhali piyada getmək məcburiyyətindədir. Sürüşmənin eni 350-400, uzunluğu isə təqribən 500 metrdir. Həmin ərazidə mayın 29-dan bu günə kimi aktivlik müşahidə olunur. Kənd icra nümayəndəsi Elvin Nuriyevin sözlərinə görə, kənddə sürüşmə əvvəllər də müşahidə olunsa da, son yağıntılar prosesi aktivləşdirib. Axırıncı sürüşmə zamanı isə 2 yaşayış evinə ziyan dəyib. Eləcə də, sel suları nəticəsində evlərdən birinin arxa divarı uçub və evdə yaşayış mümkünsüz olub. Digər evdə isə yaşayış davam etsə də, divarlarda müəyyən çatlar əmələ gəlib. İcra nümayəndəsinin sözlərinə görə, digər evlər üçün hər hansı təhlükə yoxdur. Lakin kəndin 500-800 metrliyində sürüşmənin aktivliyi hələ də müşahidə edilir. Bunun qarşısının alınması istiqamətində aidiyyatı qurumlar tərəfindən addımlar atılacaq.
Mənbə: Milli.Az