
Bir neçə gün əvvəl Day.Az saytına məktub göndərən oxucu Tamara Axundovaqeyd etmişdi ki, Bakı-Tbilisi marşrutu ilə hərəkət edən qatara ev heyvanı ilə daxil olmağa icazə verməyiblər. Dekorativ itin bütün sənədlərinin qaydasında olmasına baxmayaraq, bələdçi ondan tələb edib ki, aşağı düşsün.Milli.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşıma departamentinin rəisi Elyar Muradovla əlaqə saxlayıb."Mənə məlumat veriblər ki, Tamara adlı qadın ev heyvanını dəmir yolu nəqliyyatı ilə daşımaq istəyib. Sənədlərin qaydasında olması vətəndaşa hüquq vermir ki, iti dəmir yolu nəqliyyatı ilə daşısın. Çünki baytarlıq sənədlərindən əlavə, başqa sənədlər də tələb olunur", - Elyar Muradov deyib. Onun sözlərinə görə, ev heyvanlarının dəmiryolu ilə daşınması üçün xüsusi qaydalar var. Əgər vətəndaş ev heyvanı ilə yola düşmək istəyirsə, bu qaydaları bilməlidir.
"Ev heyvanlarının daşınması yalnız kupe tipli vaqonlarda olar. Hər bir heyvan üçün təkcə baytarın arayışı deyil, eyni zamanda baqaj qəbzi olmalıdır. Bu qəbzi almaq üçün kupedəki bütün yerlərin pulunu ödəmək lazımdır. Bununla belə, heyvanlar qutuya, zənbilə və ya qəfəsə salınmalıdır", - o əlavə edib.
Mənbə: Milli.Az