Qadin.NET / Kəbənin üzərini qara parça ilə nə zamandan örtürlər?

Kəbənin üzərini qara parça ilə nə zamandan örtürlər?

Milli.Az İslam.Az-a istinadən bildirir ki, Kəbənin üzərinə örtülən parçaya “kisvə (kisvət)” deyirlər. Bu ənənənin Həzrət İsmail Peyğəmbər (ə) tərəfindən yarandığını yazırlar. Bəzi müəlliflər isə Kəbənin üzərini bahalı parça ilə bəzəmiş ilk şəxsin miladi V əsrdə yaşamış Yəmən hökmdarı Tübbə olduğunu qeyd etmişlər. Cahiliyyə dövründə, eləcə də, İslamın ilk əsrlərində hər il Kəbənin üzərinə yeni kisvə salırdılar, köhnə kisvə isə zaman keçdikcə cırılıb yerə düşürdü. Daha sonralar Kəbənin damına ağırlıq etməməsi üçün hər il köhnə kisvəni çıxarıb, yerinə təzəsini salmağı qərara aldılar. Əvvəllər kisvə Misirdə tikilib Ərəbistana gətirilirdi. Hal-hazırda bu işlə Məkkə şəhərində 240 nəfərin çalışdığı xüsusi fabrik məşğul olur. Kəbənin kisvəsi qara rəngli xalis ipəkdən toxunur, onun hazırlanmasında xeyli qızıl və gümüş sap işlədilir. Kisvənin üzərinə qızıl saplarla Quran ayələri, Allahın adları və naxışlar tikilir. Hər il həcc mövsümündən əvvəl kisvə təzələnir, əvvəlki kisvə isə hacılar arasında paylanır.

Mənbə: Milli.Az

6 iyun 2014
GO BACK