Qadin.NET / Allah qatında din İslamdır

Allah qatında din İslamdır

 

“Allah yanında din, əlbəttə, İslamdır. Kitab verilmiŞ şəxslər ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) baŞladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir”. (Ali-İmran, 3/19)Din - ağıl sahibi insanları öz seçimləri ilə birbaşa xeyir olan şeylərə yönəldən ilahi bir qanundur. Dini vəhy yolu ilə bildirən Allahdır. Peyğəmbərlərin vəzifəsi isə təbliğ etməkdir. Bütün həqiqi dinlər Allahdan gəlmiş və saflıqlarını qoruduqları müddətcə qüvvədə qalmışlar. İlk insan olan Həzrət Adəm (ə) eyni zamanda ilk peyğəmbərdir. Bəşəriyyətin ilk dini də Haqq dinidir. Peyğəmbərlərin gətirdikləri dinlər əsas xüsusiyyətləri baxımından eynidir. Sadəcə, zaman və məkana görə dəyişən bəzi qaydalar xaricində əqidə əsaslarında və ümumi prinsiplərdə dəyişiklik yoxdur. Lakin İslam adı son peyğəmbər olan sevimli Peyğəmbərimizin (s.ə.s.) təbliğ etdiyi dinə verilmişdir: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim”. (əl-Maidə, 5/3)
Uca Allah tərəfindən endirilən müqəddəs kitablar əslində eyni əsasları ehtiva edir. Daha sonralar insanlar bu əsasları öz mənfəətlərinə uyğun şəkildə izah etmiş, yaxud da mənfəətlərinə uyğun olmayan hissələri ilahi kitablardan çıxarmışlar. Hətta insanlar həddi aşmaq, haqsız qazanc əldə etmək, bəzi imtiyaz və haqları əldə etmək üçün yeni dinlər icad edə bilmişlər.
Əziz Peyğəmbərimiz peyğəmbərlərin, onun gətirdiyi din də dinlərin sonuncusudur. Bu səbəbdən İslam ən mükəmməl dindir. Yəhudilik dünya həyatına, xristianlıq da dünyadan uzaqlaşaraq mənəvi həyata daha çox yer verdiyi halda, İslam hər ikisi arasında müvazinət qurmuş və bunu qorumuşdur.
İslamı digər dinlərdən fərqləndirən ən ümdə xüsusiyyət Onun müəyyən bir cəmiyyətə yox, bütün bəşəriyyətə göndərilməsi və ən axırıncı ilahi buyruq olmasıdır. Qurani-Kərim digər kitabların da ehtiva etdiyi ümdə prinsipləri yenidən irəli sürmüş, əvvəlki kitablarda mövcud olan həqiqətləri təsdiq etmiş, təhrif edilən xüsusları isə düzəltmişdir. İslamda haqq dinin ümdə prinsipləri isə din alimlərinin ictihadlarına həvalə edilmişdir. Onun qiyamətə qədər haqq din kimi etibarlığını təmin edən bu xüsusiyyətdir.
İslam maddə-məna, dünya-axirət müvazinəti baxımından ən ölçülü və asan yaşanıla bilən dindir. Müxtəlif əmr və hökmlərdə asanlığı önə çəkmək baxımından da ən asan dindir. Allah qatında din İslam olduğuna görə İslamdan başqa bir din axtarmaq olmaz. Bu həqiqət Uca Allah tərəfindən belə bəyan edilmişdir:
“Allah yanında din, əlbəttə, İslamdır” (Ali-İmran, 3/19).
“Kim İslamdan başqa bir din ardınca gedərsə, (bilsin ki, o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali-İmran, 3/85).
Allahdan gələn şəkli ilə mövcudiyyətini qoruyub-saxlayan yeganə din İslamdır. Bunda heç bir şübhə yoxdur. Bununla bərabər, imtahan dünyasında, insanların fərqli din və düşüncələrə mənsub olmaları da mümkündür. Bu onların öz seçimləridir. Heç kimi din seçimi mövzusunda məcbur edə bilmərik. Lakin hər kəs öz seçim və tətbiqatı səbəbilə hesaba çəkiləcək.
Fərqli dinə mənsub olan insanların din və əqidə azadlıqlarını sərbəst şəkildə yaşaya bilmələri əhəmiyyətlidir. Fərqli dindən də olsa, insanların qovğa və zorakılıqdan uzaq, qarşılıqlı şəkildə haqq və hüquqa riayət edərək eyni mühitdə yaşama imkanlarını davam etdirmələri böyük əhəmiyyət kəsb edir. Dində məcburiyyət yoxdur. Dinlər zorakılıq, qovğa və gərginlik səbəbi olmamalıdırlar. Allah qatında haqq din olan İslamın mahiyyəti sülh, dinclik və xoşbəxtlikdən ibarətdir. İslam dini bizim üçün həqiqi əmin-amanlıq və sülh mənbəyidir.
Mənbə: Milli.Az

 

5 iyun 2014
GO BACK