Azərbaycanın Xəzər sahili sularında kefal balıqlarının virusa yoluxması halları qeydə alınmayıb. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bildiriblər. Xidmətdən deyiblər ki, İran İslam Respublikasının (IRNA agentliyi) Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvalar üçün təhlükəli olması barədə məlumatlara istinad edən Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində nəzarət tədbirlərinin aparılması barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verib. Dövlət Xidməti həmin göstərişi əldə rəhbər tutaraq 2014-cü il martın 5-dən ölkəmizin Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində, eləcə də mənsəbi dənizlə birbaşa əlaqəli olan çaylarında nəzarət tədbirləri həyata keçirməyə başlayıb.Həyata keçirilən bu nəzarət tədbirləri balıqların kürüvermə və dənizə qayıtma dövrlərini əhatə etməklə hər gün müvafiq qurumlarla, eləcə də balıqçılarla əlaqəli şəkildə aparılıb.