Qadin.NET / Yayda xəstələnməyəsən, o ki xəstələndin...

Yayda xəstələnməyəsən, o ki xəstələndin...

Yayın istisində dondurma yemək, buz kimi su içmək, kondisionerin altında oturmaq angina və soyuqdəymə kimi xəstəliklərə tutulma riskini çoxaldır. Həkimlər bildirirlər ki, yayda kəskin bağırsaq infeksiyaları, otit, stomatit, sistit, enterit kimi xəstəliklər də geniş yayılır.Terapevt Sərvan Mirzəyevin sözlərinə görə, yayda isti havadan qəfil soyuq hava olan otağa keçmək, dondurma və soyuq su, ümumiyyətlə, hava isti olduğu üçün özünü yeldən qorumamaq, tərləmək orqanizmi xəstəliklərə qarşı daha həssas edir. Tibbi statistikaya görə, xüsusilə də, yayda angina xəstəliyinə tutulanların sayı artır: "Çox vaxt yay olduğu üçün anginaya əhəmiyyət verməyən və özünü qorumayanlar, sonradan xəstəliyin ağır fəsadlarını çəkirlər. Xəstəliyin ağırlaşması revmatizmin inkişafına, ürək və böyrəklərin çox yüklənməsinə səbəb olur. Artroz, burun-qulaq orqanlarının xəstəlikləri, qaymorit, sətəlcəm xəstəlikləri də müalicə olunmayan anginanın fəsadları ola bilər".Yayda angina və soyuqdəyməyə tututulmanın əsas səbəblərindən biri havanın hərarətinin kəskin dəyişməsidir. Misal üçün, yayda qızmar günəşin altında gəzib sonra kondisionerli mağazaya, evə, ofisə daxil oluruq. Sərinlikdə rahatlıq tapsaq da orqanizm havanın dərhal dəyişməsinə adaptasiya ola bilmir. Mağazaya 5-10 dəqiqəlik girdikdə belə havanı kəskin dəyişdiyimiz üçün soyuqlayırıq. İstirahətə, çimərliyə gedəndə də günün altında qaralıb, bədənimiz qızmış halda soyuq suya giririk. Bu zaman orqanizm hərarətin kəskin dəyişməsinə məruz qalır.Anginaya, hətta baş ağrılarına səbəb olan amillərdən biri də yayda soyuq içkilərə ehtiyacın çoxalmasıdır. Sərinləmək məqsədilə, yayda çoxları içməli suyu soyuducuda saxlayır və ya mağazadan soyuq su alır. Gün ərzində bir neçə dəfə havanın kəskin dəyişməsinə məruz qalan orqanizm soyuq suyun təsirindən daha da soyuqlayır. İmmun sistemi zəiflədikdə, xroniki yorğunluq da özünü göstərdikdə bir dondurma yeməyimiz belə qızdırmaya və ya anginaya səbəb ola bilər.Bütün bu səbəblərə baxmayaraq, yayda soyuqdəyməyə ciddi yanaşanlar azdır. Bədən üşümədiyi üçün insan təbiətdə belə özünü rahat hiss edir və xəstələnəcəyinə inanamaq istəmir.Terapevt bildirib ki, xüsusilə də, dondurma sevən uşaqlar anginadan əziyyət çəkirlər: "Bu səbəbdən də valideynlər ehtiyatlı olmalıdırlar. Xüsusilə də, uşağı kənd yerinə, təbiət qoynuna istirahətə aparan valideynlər nəzərə almalıdırlar ki, istirahətin ilk 10 günü orqanizmdə adaptasiya prosesi gedir. 10 gün ərzində uşaq yeni şəraitə, havaya öyrəşir. Gün ərzində istidən soyuğa, soyuqdan istiyə tez-tez keçmək isə uşaq orqanizmini daha da zəiflədir".Həkim anginanın əlamətləri hiss edilən kimi həkimə müraciəti məsləhət görür. Dediyinə görə, angina müalicə olunmasa ciyər, böyrək və ürək-damar sisteminə mənfi təsir göstərəcək. Həkimin göstərişi olmadan, bu haqda kifayət qədər bilmədən xəstəliyi müalicə etməksə pis nəticələnə bilər: "Anginanın əlamətləri yemək yeyəndə, udqunanda boğazda kəskin ağrı, oynaqlarda, beldə ağrılar, ümumi halsızlıq, 39-40 dərəcəyə çatan qızdırma, tez-tez tərləmə, baş ağrıları, işatahsızlıq, çənəaltı limfa düyünlərinin şişməsi, boğazın daxildən şişməsi və qızarmasıdır".Anginanın müalicəsi üçün stafilokkok, streptokok, pnevmokok və başqa bakteriyalara qarşı antibakterial vasitələrdən istifadə olunur. Boğazda qızartını və ağrını aradan götürmək üçün qarqara etmək məsləhətdir. Angianya qarşı sprey də yaxşı effekt verir.Onun dediyinə görə, angina xəstəliyi zamanı çoxlu maye içmək lazımdır. Xəstəliyin ilk günlərində sulu yeməklər və tərəvəzlərdən püre yemək məsləhətdir. İstiotlu, quru yeməklərdən isə az istifadə edin. 

Mənbə: Milli.Az

5 iyun 2014
GO BACK