Belində körpəsi, yanında bir neçə azyaşlı uşağı olan somalili qadın ərzaq yardımı almaq üçün növbəyə dayanıb.Əfqanıstan kəndində təbii fəlakət baş verib. Yoxsul görkəmli, beş-altı uşaqlı ailə məzlumca boyunlarını büküb yerlə-yeksan olmuş daxmalarına baxır.Onların üzündə, duruşunda rahat yaşamın, həyat sevgisinin, ondan zövq almağın işartısı yoxdur.Bu insanlarda həyat, sanki, ölüb.Mən başa düşürəm ki, dünyaya uşaq gətirmək hər şeydən əvvəl insanın instinktiv duyğusudur.Amma çox ağır şərtlərdə yaşayan insanlar canlıya həyat vermək məsələsində instinktini adlayıb, şüurlu düşüncə ilə hesablaşmalıdır.Yəni özünə rahat həyat qura, minimum ehtiyaclarını ödəyə bilməyən, öz qayğısına qalmağı bacarmayan, qeyri-insani şərtlərdə yaşayan yetkin insanın yeni bir insanı həyata gətirməsi nə qədər doğrudur?Düşünülmüş şəkildə uşaq dünyaya gətirmək daha çox qərb cəmiyyətinə aiddir.Şərq mentallığında isə uşaqsız ailə mövcud ola bilməz.Bizdə toplum etik çərçivəni aşaraq uşaqsız ailəyə hökm kəsir: bədbəxt ailədir, uğursuzdur və s.Hətta ibtidai-qəbilə düşüncəmiz atalar məsəli ilə daha da möhkəmlənib: “Uşaqsız ev suyu sovrulmuş dəyirmana bənzəyir”.Çünki bizim mentallıqda uşaq sevgidən çox, qanunauyğunluq, zərurət kimi doğulur.Uşaq nəslin davamçısıdır və valideynlərin, nənə-babanın merkantil, eqoist maraqlarının nəticəsidir.Onlar üçün uşaq övlad toyu görməkdir, qocalanda qabağına bir çay qoyanı olmasıdır, qulluq edənidir və s.Ona görə də azərbaycanlı imkanlarının məhdudluğunu, sosial problemlərini, şəraitini, psixoloji buna hazır olub-olmadığını nəzərə almadan mütləq uşaq doğur. Özü də bir yox, bir neçə uşaq.Başqa cür desək, biz uşaq məsələsinə praqmatik, realist yox, metafizik, fatallıq kimi baxırıq.Məsələn, gənc cütlük, normal şəraiti olmayan evdə yaşayır, gəliri yetərli deyil.Qayınana, qayınata, qohum-əqrəba, nəsil-nəcabət gənc ailənin canına daraşır, başının ətini yeyir ki, bir uşaq azdır, sonsuz öləcəksən, birini də doğ, Allah da ruzisini yetirəcək.Növbəti uşaq da gəlir, amma Allahın ruzisi gəlib çıxmaq bilmir.Uşaqlar böyüdükcə problemləri, tələbatları çoxalır. Valideynin isə onların tələbatını ödəmək üçün gücü yetmir.Nəticədə gücsüzlükdən doğan aqressiyasını uşaqlarına yönəldir.