Bu xəstəlik kişilərdə çox nadir hallarda müşahidə edilir. Qidalanma pozuntusu yaşayan şəxslərin çəkisində tez-tez dəyişmələr, çəki itkisi müşahidə edilir. Xarici görünüşləri isə hər an özündən gedəcəkmiş kimi görünür.Belə xəstələrdə gücsüzlük, yorğunluq, baş gicəllənməsi, latergiya (həyat funksiyalarının çox zəiflədiyi, çox dərin və davamlı patoloji yuxu vəziyyəti), dəridə quruluq, saç tökülməsi, şiş (əl-ayaq və göz qapaqlarında şişir), amenore (menustrasiyanın kəsilməsi), oligomenore (menustrasiya qanamasının azalması), əl-ayaq barmaqlarında tərləmə, konstipasyon (qəbizlik) müşahidə edilir. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, qida pozuntusu xəstəliyindən əziyyət çəkənlərlə söhbətlər zamanı məlum olub ki, onlar yeməklər, yeməklərin kaloriləri, yağ nisbətləri ilə həddən artıq maraqlanırlar. Əksəriyyəti normal çəkidə olduqları halda köklükdən şikayət edər, hər zaman dietoloq axtarar, pəhriz saxlayar, həkim məsləhəti olmadan müxtəlif məşqlər edərlər. Heç bir şey yemədikləri halda ac olmadıqlarını söyləyərlər. Onların insanlardan uzaqlaşmalarının, digər insanlarla yemək yeməməsini də səbəbi budur: "Yemək yemədiklərinə şahid olmaması üçün ailə mühitində süfrə başında olmazlar. Çox az yemək yedikləri halda çox yediklərini deyərək, az keçməmiş buna özləri də inanırlar. Düşüncə formalarının tamamilə pozulduğunun fərqində olmazlar. Gün içində tez-tez tərəziyə çıxar, qramlarla ifadə edilən kilo dəyişikliklərində belə həddindən artıq narahat olduqlarını büruzə verərlər".Müsahibimiz bildirir ki, belə xəstələr ictimai mühitdən çəkinir, qapalı olur, insanlarla ünsiyyətdən yayınırlar. Həddindən artıq gərginlikdən, romantik və fikri çətinliklərdən, gün içində ruh hallarının anbaan dəyişdiyindən şikayət edən belə xəstələrdə həddən artıq səhv özünü qiymətləndirmə müşahidə edilir. Yeməkdən sonra tez-tez tualetə getmə, qusma, boşalma sistemini sürətləndirən dərmanlar və çaylardan həddən artıq çox istifadə edirlər:"Bu, nevrozun bir əlamətidir. Bu insanlar təkcə yeməklərə nifrət etmir, eyni zamanda öz imiclərindən də narazı olurlar. Ən böyük qorxuları kökəlmək olan bu xəstələr yaşlarına görə çox arıq olsalar da hər zaman özlərini kök hiss edirlər. Xalq arasında belə insanlara "bir dəri, bir sümük" deyirlər. Amma özlərini kök hesab edən bu insanlar zamanla ölümlə qarşı-qarşıya qalırlar. Bu, psixoloji vəziyyətdir".Əlibəyli deyir ki, qidalanma pozuntusu xəstəliyinin digər bir növü isə həddən artıq yeməkdir. Belə ki, bu insanlar həddən artıq yemək yesələr də, dərhal peşman olub özlərini qusdurmağa çalışarlar. Bu xəstəliyin müxtəlif səbəbləri var. Belə ki, bu, əsasən bədəndəki dəyişikliklərin sürətləndiyi bir dövrə yetkinlik dövrünə təsadüf edir: "Bu dövrdə gənclərdə güclü dəyişikliklər baş verir. Boy, səs, görünüş tamamilə dəyişir. Həm qadınlar, həm kişilər bu dövrdə baxımlı olmağa, digər insanlar tərəfindən bəyənilməyə, gözəl görünməyə, məşhur olmağa çalışırlar. Yeniyetmələrin bu dövrdə göstərdikləri davranışlar onları yaxından tanımağımıza yardım edə bilər. Yoldaşları tərəfindən bəyənilməmək, tənqid hədəfinə çevrilmək yeniyetmə üçün kabus olduğu üçün o problemlərdən xilas olmaq üçün öz xarici görünüşünə daha çox diqqət yetirir. Bu dövrdə 80 faiz yeniyetmələr qidalanma pozuntusu psixoloji xəstəliyinə yaxalanırlar".Həmsöhbətimizə görə, ailədaxili münasibətlərini düzgün qurmamış, valideynləri ilə münasibətləri yolunda olmayan, davranış qaydaları formalaşmamış yeniyetmələrdə qidalanma pozuntusu daha çox müşahidə edilir. Belə uşaqlar daha çox risk altında olurlar. Buna görə də hər bir valideyn hər zaman övladını nəzarət altında saxlamağı bacarmalıdır. Fikir vermək lazımdır ki, uşaq çəkisi ilə necə maraqlanır, çəkisini problem kimi qəbul edirmi, çəkisi ilə bağlı şikayətləri dilinə gətirirmi, qidalanma davranışlarında hər hansı bir fərqlilik varmı, tez-tez çəkisini yoxlayırmı? "Əgər uşağınız belə vərdişlər edibsə, siz mütləq dietoloq və psixoloqla məsləhətləşməlisiniz. Çünki belə vəziyyətlər müşahidə edilirsə, sizin övladınız qidalanma pozuntusu -nevrozu xəstəliyinə yaxalanmış ola bilər. Erkən diaqnozun qoyulması yeniyetmələri tez bir zamanda bu xəstəlikdə qurtara bilər".Müalicəsi asan olmayan bu cür problemlərin öhdəsindən gələ bilmək üçün lazımlı fiziki müayinəni, hormon, qan, sümük tibbi testləri edəcək bir həkimə müraciət etmək lazımdır. Bütün bunlarla yanaşı uşağın mütləq bir psixoterapevtə və ya psixoloqa göstərilməsi lazımdır.
Mənbə: Milli.Az