Qadin.NET / Azərbaycanda analoqu olmayan şəlalə

Azərbaycanda analoqu olmayan şəlalə

 

Bir neçə gündür ki, Azərbaycanın bir sıra bölgələrində qeyri-sabit hava şəraiti müşahidə olunsa da, havada kifayət qədər istilik özünü göstərir. Belə vaxtlarda hər birimiz vaxt tapan kimi istirahət güşələrinə, təbiət qoynuna üz tuturuq. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Qaxda gözəl məkanlar kifayət qədərdir. Bunların içərisində xüsusi diqqət çəkən yerlər də az deyil. Qaxın Ləkit kəndində ecazkar görüntüyə malik olan "Mamırlı" şəlaləsi isə görənləri valeh edir. 
Adından da göründüyü kimi, "Mamırlı" şəlaləsi mamırlı qayaların arasından süzülüb gəlir. Kəndin yuxarı hissəsində meşəlik ərazidə yerləşən şəlalə öz görünüşü ilə onu görməyə gələnlərin zövqünü oxşayır. Yerli camaat arasında bunu "Damcı" şəlaləsi adlandıranlar da az deyil. Bu gözəl mənzərəni hər il çoxlu sayda görməyə gələnlər olur.
Turistlərin bu məkana rahat çata bilməsi üçün kənd bələdiyyəsi şəlaləyə gedən yolları iri daşlardan təmizləyib. Mütəmadi olaraq şəlalə ətrafına nəzarət olunur. Burada çimmək və ya avtomobil yumaq qadağandır. Bu ərazidən kəndə boru vasitəsi ilə içməli su da çəkilib. Bələdiyyə sədri Abdulla Kərimovşəlaləyə getmək istəyən turistlərə bələdçilər tərəfindən yardım edildiyini də bildirib. 
Qeyd edək ki, şəlalə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli qərarı ilə "Təbiət Abidəsi" adlandırılıb və dövlət tərəfindən mühafizə olunur. Əgər siz də bu gözəlliyi görmək istəyirsinizsə, bu fürsəti dəyərləndirməyə çalışın.
Mənbə: Milli.Az

 

4 iyun 2014
GO BACK