Azərbaycanın yol polisi ağır yol qəzaları ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, son günlər çoxsaylı insan ölümü və xəsarətləri ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir:
"Təhlillər göstərir ki, son vaxtlar baş verən ağır yol qəzalarının baş verməsinə əsasən sürət həddinin aşılması, manevr, ötmə qaydalarının pozulması, sürücülərin avtomobili sərxoş halda idarə etmələri səbəb olur. Xahiş edirik ki, sürücülər özlərinin və yaxınlarının, o cümlədən yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükəyə atmasınlar, qaydalara əməl etsinlər".
Şöbə rəisi, həmçinin qeyd edib ki, yay mövsümü ilə əlaqədar Azərbaycanın rayonlarına istirahətə gedənlərin, eləcə də rayonlardan paytaxta kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan sürücülərin sayı getdikcə artır: "Ona görə də bununla əlaqədar avtomobil sürücülərini maksimum diqqətli olmağa, təhlükəsizlik kəmərlərindən mütləq şəkildə istifadə etməyə, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddində idarə etməyə, xüsusən də spirtli içki qəbul edəndən sonra avtomobil idarə etməməyə və yükdaşıma qaydalarına ciddi riayət etməyə çağırırıq".
Qeyd edək ki, son bir neçə gün ərzində respublikanın xüsusən magistral yollarında çoxsaylı insan ölümü və xəsarəti ilə nəticələnən ağır yol qəzaları baş verib.
Mənbə: Milli.Az