Britaniya kraliçası 2-ci Yelizavetanın yeni, qızıl karetası artıq hazırdır.
Kraliça bu gün səhər saatlarında parlamentə yollanarkən karetaya minəcək və yeni kareta ilk dəfə London küçələrində görünəcək.
Son əsrdə Britaniya taxtı üçün hazırlanmış ikinci kareta olan bu nəqliyyat vasitəsinin müəllifi 64 yaşlı avstraliyalı Cim Freklinqtondur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kraliça 2-ci Yelizavetanın brilyant yubileyi münasibətilə hazırlanmış karetanın Britaniya parlamentinin yeni sessiyasının rəsmi açılışındakı təntənəli təqdimatı pis alınmamalıdır.
Qızılla süslənmiş karetanın pəncərə və qapıları brilyant qaşlarla bəzədilib. Karetanın taxtadan olan detalları isə "HMS Victory" gəmisinin inşasında istifadə edilmiş ağaclardan seçilib.
6 say-seçmə löhrəm atın qoşulacağı karetanın içi Britaniya tarixinin ən şanlı məqamlarını xatırladan kiçik dördbucaq taxta parçaları ilə bəzədilib. Həmin parçaların hər birinin yanında, qızıl lövhənin üzərində bu və digər olayın, şəxsin adı yazılıb.
Əcdadları 1850-ci ildən Britaniyanan Avstraliyanın Yeni Cənubi Uels vilayətinə mühacirət etmiş Cim Freklinqtonun dediyinə görə, karetanı 4 il ərzində hazırlayıb.
"Britaniyadan rəsmi sifariş alınandan sonra işə başladım. Karetanı kraliçanın brilyant yubileyinə çatdırmaq, o vaxta qədər başa vurmaq istəyirdim. Bu səbəbdən də sürətlə işlədim, amma ən kiçik detala, xırda təfərrüata da fikir verdim", - məşhur kareta ustası deyib.
Mənbə: Milli.Az