Qadin.NET / Xalq şairi: "Ağrılardan qurtulmaq istəyirəm..."

Xalq şairi: "Ağrılardan qurtulmaq istəyirəm..."

Xalq şairi Vaqif Səmədoğlunun səhhəti stabildir. Şairin xanımı Nüşabə Vəkilova Yeni Musavat-a bildirdi ki, yaxın vaxtlarda İsraildə müalicəyə getməsi planlaşdırılmır. Onun sözlərinə görə, şair hələlik dincəlir və yubileyə hazırlaşır:“Dövlət səviyyəsində yubiley tədbiri təşkil olunacaq. İki gün sonra yubileyidir. Qoy bir az özünə gəlsin, onunla danışarsınız, müsahibə alarsınız. Elə yubiley günü zəng edin, danışın. İndi özünü belə birtəhər, orta hiss edir. Müalicəsini davam edirik”.Hazırda Bakıda evində olan V.Səmədoğlu dincəlir, arabir yazılar oxuyur, mətbuatı izləyir. V.Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir. Şair bu günlərdə “1937.az” ədəbi portalına müsahibəsində deyib ki, ən çox istədiyi xərçəngin ağrılarından qurtulmaqdır: “Xərçəngin ağrılarından qurtulmaq, ürəyim ən çox bunu istəyir. Çox amansız ağrılardır, amansız ağrılardır, amansız... Nə ”mən ölüm" bilir, nə yalvarmaq... Gərək dərmanlar günü-gündən güclənsin. İntiharı ancaq və ancaq bir halda qəbul eləyərəm: yalnız dözülməz ağrılarda. Onda intihar məqbuldur. Mən bilmirəm, bu qorxudur, maraqdır, nədir e bu ölüm? Məni ən çox o yandıracaq ki, ölüm nədir, biləcəm, amma heç kimə deyə bilməyəcəm ki, ölüm buymuş. Zəng də eləyib deyə bilməyəcəm. Xəbər də vermək olmayacaq. Adam yanıb-tökülür". V.Səmədoğlu zarafatından da qalmayıb: “İsraildə həkimə dedim ki, tərkibində narkotik olan dərmanı mənə verməyə qorxmayın. Dedim, 75 yaşım var. Onsuz da bu yaşa qədər narkoman kimi yaşamışam. Bundan sonra da narkoman olum, üç il də yaşayım. (gülür) Ölümdən maraqlı şey yoxdur. Azərbaycan dilinə qurban olum. Bir həyat sözü var, bir ömür, bir də ölüm. Qəribədir ki, həyat sözündə ömür də var, ölüm də. Amma başqa dillərdə, demək olar ki, belə deyil”. 

Mənbə: Milli.Az

4 iyun 2014
GO BACK