Azərbaycanda ət kəsimi zamanı İslam dininin qaydalarına riayət edilib-edilmədiyi ilə bağlı nəzarəti həyata keçirəcək Qafqaz Müsəlmanları İdarəsi ilə artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) arasında əməkdaşlıq başlayıb.APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında SMPDK sədriRamiz Həsənov söyləyib.R.Həsənov deyib ki, Azərbaycanda 3 broyler fabriki “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun sertifikat almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) müraciət edib:“Dövlət Komitəsi də Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi ki, onların nümayəndələri həmin broyler fabrikində kəsimə nəzarət etsinlər. Yekunda da rəy versinlər ki, bu şirkətlərə uyğun sertifikat verə bilərik, yoxsa verə bilmərik. QMİ-nin də bu sahədə tələbləri var və hazırda QMİ-nin rəyini gözləyirik. Biz altı aya yaxındır ki, bu şirkətlərlə monitorinq aparırıq, çünki bu sahədə standartın başqa tələblərinə nə dərəcədə riayət olunduğunu müəyyənləşdirməliyik. Ümumiyyətlə, dövlətin standartı varsa, bu standarta riayət olunmasına da dövlət nəzarət etməlidir. Təbii ki, burada QMİ-nin də müəyyən rolu var”.R.Həsənov xarici ölkələrdən ət məhsullarının istehsalı üçün idxal edilən ətlə bağlı QMİ-nin rəyinin tələb olunmadığını qeyd edib: “Tutaq ki, kolbasa istehsalı üçün ət xaricdən gəlirsə, həmin ət o ölkənin sertifikatı ilə gəlir və biz də o sertifikatı tanıma proseduru həyata keçiririk. Azərbaycanın daxilində kəsimlə bağlı ət məhsulunun halal olmasını QMİ müəyyən edəcək”.Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb. İndiyədək SMPDK-da akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib. Dövlət standartına uyğun olaraq “Hakan Foods” FF Co. LTD müəssisəsi “Kral” və “Yeni dad” nişanlı məhsullar, “Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsullar, “M T” LTD firması “Hacı Turqay” nişanlı məhsullar və “Zəhmət Ruzi” MMC “SAB” nişanlı məhsullar istehsal edəcək.
Mənbə: Milli.Az