Çinin Hisense şirkəti dünya Ultra HD formatlı (4K) televizorlar bazarında satış həcmini genişləndirərək 2014-cü ilin birinci rübündə ikinci yerə yüksəlib.Milli.Az ACT news-a istinadən bildirir ki, bu barədə DisplaySearch analitik şirkətinin hesabatında deyilir. Birinci yeri 16 faizlik bazar payı ilə Cənubi Koreyanın Samsung şirkəti tutur. Bu, 2013-cü ilin 10,2 faizlik göstəricisi ilə müqayisədə böyük uğur hesab edilir.Televizorların ümumi satış həcminə görə, Hinsense 6,4 faiz bazar payı ilə dünya reytinqində dördüncü yerdə qərarlaşıb.
Hesabata əsasən, 2013-cü ildə dünyada 1,6 milyon 4K formatlı televizor satılıb ki, bunun da 1 milyonu dördüncü rübün payına düşüb. Artım getdikcə daha çox əhəmiyyət kəsb edən Çin bazarının inkişafı ilə izah olunur. Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan 4K formatlı televizorlar 3840x 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da Full HD formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. IHS analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra UHD televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək.
Mənbə: Milli.Az