Qadin.NET / Sevməyin iki yolu

Sevməyin iki yolu

Bir dəfə Viktor Hüqonun yanında həyat barədə və həyatda ən çox nəyin vacib olmasına dair söhbət düşəndə yazıçı demişdi ki, onun fikrincə, həyatda həqiqətən qiymətli olan şey nə şöhrətdir, nə sərvətdir, nə də talant; ən vacibi – sevmək və sevilmək, sevimli olmaq imkanıdır. Və o, haqlı idi. O şeyi ki, bizi sevən, bizə qəlbən bağlı olan adamla bölüşməyimiz mümkün deyil, deməli, həmin şey bizimçün heç bir dəyər kəsb etmir; əgər biz ona qarşılıqlı cavab vermiriksə, onda bu sevgi də bizə çox az sevinc gətirəcək. Qətiyyən zərurət yoxdur ki, bizi sevən adamların sayı lap çox olsun. Mən daim o fikirdə olmuşam ki, ən kiçik şəhərcikdə də özünü xoşbəxt hiss edə bilərsən; əgər yanında iki-üç sadiq dostun olsa, onda bu xoşbəxtlik hətta haradasa, Saxara vadisində də mümkündür. Yaxud əksinə, hər hansı dövlət başçısı, yaxud dünya şöhrətli bir artist çətin ki xoşbəxtliyi dərk etsin – əgər yanlarında maskanı çıxarıb atmağın mümkün olduğu ən azından bircə canlı məxluq, bircə ürək sirdaşları yoxdursa. Bax elə buna görə də görkəmli adamların həyatında onların dostlarının, arvadlarının, sevgililərinin oynadıqları rol bu qədər böyükdür.
"Mən elə yalqızam ki", – müşayiətçilərin bütöv bir dəstəsi ilə əhatə olunmuş, bütün dünyanın tanıdığı məşhur bir adam mənə şikayətlənirdi. Sevgi – oğul sevgisi, ər-arvad sevgisi, yaxud dostluqdan yaranmış sevgi tənhalığın buxovlarını qırır.
Lakin sevməyin iki fərqli manerası mövcuddur. Birincisi – sevdiklərini özün üçün sevirsən, ayrı cür desək, başqa adamlara onların sənə verdiyi sevginin əvəzində bağlılıq hiss edirsən. Elə qadınlar var ki, öz ərlərini son dərəcə səmimi məhəbbətlə sevirlər, çünki ərləri onların ətrafında etibarlı ab-hava yaradır, onları qayğı ilə əhatə edir və onlara sevinc gətirir. Lakin qadınlar onu yalnız ona görə sevir ki, onsuz necə yaşayacaqlarını təsəvvür etmirlər. Belə ər onlar üçün zəruridir; onların özlərinin də, uşaqlarının da xoşbəxtliyinin qayğısını çəkir; o – onların həyatının başlıca dayağı, əsas sütunudur. Lakin ərin öz həyatı onları çox az məşğul edir; onlar heç vaxt özlərinə sual vermirlər ki, onun ayrı istəkləri, başqa ehtiyacları varmı; onun öz qısa ömrünü onların səadəti üçün xərcləməsinə təbii yanaşırlar.
Bu cür ərlər və sevgililər də həmçinin kifayət qədərdir: onlar qadını ondan ötrü sevirlər ki, qadın onlar üçün heç nəyi əsirgəmir və onlar hətta qadının ürəyinə boylanmağa heç vaxt cəhd də göstərmirlər. Uşaqlar, demək olar ki, öz valideynlərini məhz bu cür sevirlər. Onlar üçün ata o adamdır ki, ona həmişə arxayın ola bilərsən; ana – daim mərhəmətli və sadiq məsləhətçidir. Amma valideynlərin qayğı yükünü yüngülləşdirmək barədə ciddi düşünən çoxmu uşaq var? Bax mən özü üçün, özündən ötrü sevgi deyəndə bunu nəzərdə tuturam.
Başqasını onun özündən ötrü sevmək – ondan nə aldığın barədə yox, ona nə verdiyin barədə düşünməkdir. Bundan ötrü öz ömrünü onun ömrü ilə elə sıx bağlamalısınız ki, onun hisslərini elə ürəkdən bölüşməlisiniz ki, onun xoşbəxtliyi həm də sizinki olsun. Elə düşünməyin ki, belə sevgi nadir şeydir. Bir çox valideynlər öz uğurlarından daha çox uşaqlarının uğurlarına sevinirlər. Mən ərlə arvadın bir-biri üçün yaşadığı çoxlu cütlüklər tanıyırdım. Ən yüksək dostluğa aid çoxlu nümunə var. Belə bir dostluq nümunəsini Balzak özünün "Ponse" və "Allahsızın ibadəti" əsərlərində təsvir edib. Həqiqi dostluqda qayğıkeşlik tələbkarlıqdan qat-qat çoxdur və mən bunu başqaları üçün sevgi adlandırıram.
Təmənnasız məhəbbətin vacib özəlliyi ondan ibarətdir ki, o özü üçün sevgi və ya sadiqliklə müqayisədə daha çox xoşbəxtlik gətirməyə qabildir. Nədən ötrü? Ondan ötrü ki, insan məhz bu cür yaranıb: özünü unutmaqla o, əslində, xoşbəxtlik əldə edir. Nə qədər ki yalnız özün haqqında düşünürsən, nə vaxtacan ki şübhə və məmnuniyyətsizliyin girdabında yaşayırsan, düşüncələr səni bir an da rahat buraxmır: "Mən həyatda bacara bildiyim hər şeyə nail olmuşammı? Məni hazırda düşdüyüm vəziyyətə gətirən hansı səhvim oldu? Mənim barəmdə nə düşünürlər? Məni sevirlərmi?" Elə ki başqa kişi (yaxud qadın) sənin həyatının başlıca dayağına, əsas sütununa çevrilir, onda hər şey öz qaydasına düşür. 
Bizim borcumuz nədədir? Sevdiyin adamın xoşbəxtliyini təşkil etməkdə. Həmin dəqiqədən etibarən həyat məna kəsb etməyə başlayır və bu məna həmin gündən onun özəyinə çevrilir. İnamla bəxş olunan təsvirəgəlməz, ifadəolunmaz rahatlıq həzzi, təəssüf ki, hamı üçün əlçatan deyil. Lakin dünyəvi bağlılıq da dadlı və qiymətlidir. Əlvida.
Mənbə: Milli.Az
2 iyun 2014
GO BACK