Milli.Az Azər Tac-a istinadən bildirir ki, Azərbaycanın mülki aviasiya işçiləri hər il iyunun 2-sini peşə bayramları kimi qeyd edirlər. Gecə-gündüz bilmədən səmanın ənginliklərini fəth edən, uzaq yolları qısaldan milli aviatorlarımız daim iş başındadırlar. Azərbaycan aviasiyasının tarixi isə bir əsrdən də artıq dövrü əhatə edir. Gəlin, əvvəlcə bu zəngin və şərəfli tarixə qısaca nəzər salaq.
Ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşmış, rus aviatoru Utoçkin “Farman” tipli aeroplanla Balaxanı “şossesində” dörd gün ardıcıl uçuş həyata keçirmişdir. Bu hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı artmağa başlamış, Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilmişdir.
Adları aviasiya tarixinə düşmüş ilk azərbaycanlı təyyarəçilərin fəaliyyəti isə 1915-1920-ci illərə təsadüf edir. Fransada aviamühəndis təhsili almış, 1916-cı ildə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən pilot-aviator diplomuna layiq görülmüş Əli bəy Verdiyevin, ilk hərbi təyyarəçi - birinci Dünya müharibəsində rus aviasiyasının tərkibində hərbi əməliyyatlarda iştirak etmiş “İlya Muromets 16” tipli bombardmançı təyyarənin pilotu Fərrux ağa Qayıbovun adlarını qürurla çəkə bilərik.
Bu günlərdə 96 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə aviasiyanın inkişafı istiqamətində bir sıra önəmli addımlar atılmışdır. 1919-cu ildə Gürcüstanla bağlanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, bir qrup əsgər və zabitimiz təcrübə keçmək üçün bu ölkəyə ezam olunmuşdu. Onlardan 9-u hərbi təyyarəçi peşəsi üzrə ixtisaslaşmışdı.
Azərbaycan aviasiyanın tarixində uzaq məsafəyə ilk uçuş da məhz Cümhuriyyət dövründə, 1919-cu ildə həyata keçirilmişdi. Bakı aerodromundan səmaya qalxan “Farman-30” tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq Türkmənistanın Krasnovodsk şəhərində uğurla eniş etmişdi. Ölkənin müdafiə qüdrətinin artırılmasında aviasiyanın rolunu düzgün qiymətləndirən Xalq Cümhuriyyəti hökumətinin 1919-cu ildə orduda hərbi aviadəstənin yaradılması barədəki qərarı həmin dövr üçün mühüm əhəmiyyət kəsb edirdi.
1920-ci ilin aprelindən sonra mülki aviasiyamız SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərməyə başladı. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail ola bilmişdi. Belə ki, 1921-ci ildə Azərbaycanda ilk poçt-yük təyyarəsi havaya qalxmış, 1923-cü ildə “Yunkers” tipli təyyarə ilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin daşınması həyata keçirilmiş, 1928-ci ildə isə SSRİ məkanında ikinci beynəlxalq reys olan Xarkov-Bakı-Pəhləvi (İran) hava xətti açılmışdı. 1933-cü il iyunun 25-də ilk dəfə Qafqaz dağları üzərindən keçməklə Bakıdan Moskvaya uçuş həyata keçirilmiş, 1937-ci ildə isə Bakı-Moskva-Bakı müntəzəm hava reysi fəaliyyətə başlamışdı. Həmin reyslə hər gün 15 sərnişin daşınırdı ki, bu da o vaxt üçün böyük nailiyyət sayılırdı.
Bundan bir il sonra, 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradıldı və Bakı hava limanı müstəqil təsərrüfat vahidinə çevrildi. Bu da uçuşların müntəzəmliyinin, təhlükəsizliyinin artırılmasına imkan yaratdı.
Böyük Vətən müharibəsinin qanlı-qadalı illəri aviasiyamız üçün də ciddi sınaq oldu. İstər ön cəbhədə döyüşən, istərsə də arxa cəbhədə çalışan azərbaycanlı hərbi təyyarəçilər, aviatorlar, hərbi və mülki aviasiya sənayesi mütəxəssisləri faşizm üzərində qələbəyə dəyərli töhfələr verirdilər.
Müharibədən sonra keçmiş SSRİ məkanında, o cümlədən respublikamızda hava nəqliyyatının dirçəliş dövrü başlandı. Aviasiyamızın həmin dövrdə qazandığı ən böyük uğurlar isə ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə əldə olundu. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikildi və ya yenidən quruldu. Naxçıvanda, Beyləqanda, Zaqatalada “Yak-40” reaktiv təyyarələri üçün süni örtüklü uçuş-eniş zolaqları salındı, Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edildi. Məhz həmin illərdə respublikanın hava traslarında yeni “Tu-134”, “Yak-40” reaktiv laynerləri göründü.
Tariximizin faciəli səhifələrindən olan Qarabağ müharibəsində də aviasiyamız özünəməxsus rol oynamışdır. Torpaqlarımızın erməni qəsbkarlarından müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəman təyyarəçilərimiz də yaxından iştirak etmişlər. Vaqif Qurbanov, Yavər Əliyev, Fazil Bayramov, Sergey Senyuşkin, Bayram Muxtarov, Əsəd Əsədov, Zakir Məcidov və başqaları qeyri-bərabər döyüşdə düşmənə layiqli müqavimət göstərərək, təkcə aviatorların deyil, bütün xalqımızın yaddaş tarixinə düşmüşlər.
1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən milli aviasiya sahəsində də böyük tərəqqiyə yol açdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində görülən tədbirlər, xarici aviaşirkətlərlə bağlanan müqavilələr Azərbaycan aviasiyasının sonrakı inkişafını təmin etdi. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Xüsusən düşmən blokadasında qalıb, yalnız hava əlaqəsinə ümid bağlayan Naxçıvan Muxtar Respublikası böyük təhlükədən xilas oldu.
Azərbaycanın dövlət müstəqilliyinin açdığı üfüqlər ümummilli lider Heydər Əliyevin milli aviasiyamızla bağlı arzularını bütünlüklə reallaşdırmasına imkan yaratdı. Ulu Öndərin rəhbərliyi ilə “1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı” hazırlanıb, uğurla həyata keçirildi. Bu illərdə əldə edilən nailiyyətlərin ən bariz nümunəsi Bakı hava limanında dünya standartları səviyyəsində yeni aerovağzal kompleksinin tikilməsi oldu. 1999-cu il oktyabrın 2-də Heydər Əliyevin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılış mərasimi keçirildi və bir il sonra isə Bakı hava limanına ilk “Boeing” təyyarəsi endi...
Mülki aviasiyamızın sürətli inkişafı onun yüksək ixtisaslı milli kadrlarla təminatını da ön plana çıxarmışdır. Bu işdə Milli Aviasiya Akademiyası əvəzolunmaz rola malikdir. Müasir müstəqil Azərbaycanın aviasiyasının kadrlara olan ehtiyacını yüksək səviyyədə ödəyən bu akademiya milli aviatorların yeni nəslinin yetişməsinə öz dəyərli töhfəsini verməkdədir. Ulu öndər Heydər Əliyev bu ali təhsil ocağının uğurlu fəaliyyətindən fərəh duyaraq iftixarla deyirdi: “Mən xoşbəxtəm ki, artıq indi Azərbaycan mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır və onlar Azərbaycanın mülki aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər”.
2010-cu ilin oktyabrında Milli Aviasiya Akademiyasında trenajor mərkəzinin istifadəyə verilməsi ilə bu ali təhsil ocağının kadr hazırlığı imkanları daha da genişlənmişdir. O öz texniki təchizatına və funksionallığına görə MDB məkanında yeganə, Şərqi Avropada ən müasir və böyük mərkəzlərdən biri olmaqla, pilotların məqsədyönlü, davamlı və fasiləsiz, ilkin və yenidən hazırlığı, həmçinin uçuş heyəti üzvlərinin istehsalatdan ayrılmadan ixtisaslarını artırmaları üçün əlavə imkanlar yaratmışdır.
Ulu Öndərin siyasi xəttini müasir dövrün tələbləri ilə uğurla uzlaşdıran Prezident İlham Əliyev də mülki aviasiyanın inkişafına, eləcə də çətin və gərəkli peşə sahibi olan aviasiya işçilərinə böyük diqqət və qayğı göstərir. Dövlətimizin başçısının 2006-cı ildə imzaladığı Sərəncama əsasən, Azərbaycanda ilk mülki aviasiya dəstəsinin yaradıldığı tarix əsas götürülərək, mülki aviasiya işçilərinin peşə bayramı günü təsis edilmişdir. Bu, Prezident İlham Əliyevin aviasiyamıza verdiyi önəmin daha bir təzahürüdür.
Əminliklə demək olar ki, Azərbaycanın mülki aviasiyası Ulu Öndər tərəfindən yaradılan möhkəm bünövrə üzərində qərar tutaraq, 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Belə ki, 2004-cü ildə müasir standartlara uyğun Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-2011-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə müasir aeroportlar istifadəyə verilmişdir. Sərnişin və yük daşımalarının günün tələbləri səviyyəsinə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu il aprelin 23-də açılışı olan yeni aerovağzal kompleksi isə uçuşların təhlükəsizliyinə daha etibarlı təminat yaradan, beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə imkan vermişdir. Bununla da ölkənin əsas hava limanının strateji əhəmiyyəti daha da artmışdır.
Milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları - AZAL”nın təyyarə parkında bu gün yetərincə “Airbus A-320”, “Boeing-757-200”, “Airbus A-319”, “Airbus A-340-500”, “Boeing-767-300ER” və “Embraer” kimi ən müasir avialaynerlər vardır. AZAL tezliklə aviaparkına “Boeing-787 Dreamliner” tipli müasir təyyarə də əlavə edəcəkdir. Bununla da, yaxın gələcəkdə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz aviareyslər həyata keçirilmək mümkün olacaqdır. Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, eyni zamanda Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir.
“Azərbaycan Hava Yolları”nın təyyarələri hazırda dünyanın 32 şəhərinə uçur. Nəhəng aviaşirkətə çevrilmiş AZAL yeni avialaynerlərin sayına görə MDB məkanında liderlərdən biridir.
Beləliklə, aviasiya tariximizin keçmişinə, bu gününə və yaxın gələcəyinə qısa ekskurs göstərir ki, Azərbaycanın zəngin ənənələrə malik mülki aviasiyası hazırda öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır.
Mənbə: Milli.Az