Qadin.NET / Başsız və gələcəksiz ölkəni yenə aldatdılar

Başsız və gələcəksiz ölkəni yenə aldatdılar

 

Rusiyanın göstərişi və nəzarəti ilə yaradılan, Belarusla Qazaxıstanın da qatıldığı Avrasiya İqtisadi Birliyinə Ermənistanın da qoşulma istəyi absurd, eyni zamanda müəmmalı bir prosesə çevrilməkdədir.
Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın dövlət başçılarının Astanadakı sammitində bu məsələ aşkar müzakirə olunmadı.
Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev Astanada müqavilə imzalayaraq Avrasiya İqtisadi Birliyinin yaradıldığını bəyan etdilər.
Serj Sarkisyan isə bildirib ki, Ermənistan bu kvaziquruma, ölü doğulmuş struktura iyunun 15-dək qatılmaq fikrindədir.
Faktiki olaraq rəsmi Yerevan vaxt udmağa çalışır. İlin əvvəlində S.Sarkisyan bildirmişdi ki, Ermənistan müvafiq sazişi mayın 5-də imzalayacaq. Daha sonra deyildi ki, Ermənistanın öz "Yol xəritəsi" var və Yerevan da Avrasiya Birliyinə yox, Gömrük İttifaqına qatılmaq niyyətindədir. Daha sonra deyildi ki, Ermənistan Gömrük İttifaqına qatılmaya da bilər, amma Avrasiya Birliyinə mütləq qoşulacaq - çünki Avrasiya Birliyi, sən demə, "Gömrük İttifaqının genişləndirilmiş versiyasıdır". Bir qədər keçdi, Serj Sarkisyan ölkəsinin yeni quruma mayın sonunda birləşəcəyini dedi.
İndi də iyunun 15-i söylənir.
Belə davam edərsə, iyunun 15-i ərəfəsində daha bir tarix açılacaq.
Absurd və komik vəziyyətdir - bir şərtlə ki, S.Sarkisyan iqtidarı Ermənistanın taleyi ilə oynamasaydı. Söhbət ermənilərin yaxın illərdə siyasi gələcəyini həll edəcək məsələlərdən gedir.
Ermənistandakı müxalifət ölkənin Avrasiya İqtisadi Birliyinə qatılmasının təxirə salınması və gecikməsindən ruhlanır, Qərbə meylli siyasətin mümkünlük ehtimalının total sıfıra bərabər olmadığını deyirdi. Amma mayın 29-da bəlli oldu ki, problem, sadəcə, Serj Sarkisyan hakimiyyətinin idiotizmində yox, bu marazmatik iqtidara Rusiya, Belarus və Qazaxıstanın münasibətindədir.
Məqam Dağlıq Qarabağla bağlıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistan Rusiyadan asılı vəziyyətdə qalmağa davam edəcək və Yerevan azacıq "cızıqdan çıxaraq" Qərbə meyllənən kimi Moskva qarabağlı ermənilərin qorxulu yuxusu olan müharibənin başlana biləcəyini istisna etmədiynə üstüörtülü şəkildə işarə vurur.
Azərbaycanın işğal altındakı ərazilərini azad etmək məqsədilə antiterror əməliyyatına başalyacağı təqdirdə Rusiyanın Yerevana arxa durmaması isə ermənilərin sonu ola bilər.
Bunu onlar anlayırlar.
Yerevan onu da bilir ki, geosiyasi və geostrateji baxımdan Belarusla Qazaxıstan üçün müttəfiq, tərəfdaş və tərəf-müqabili qismində Azərbaycan daha sərfəlidir.
Nəinki səfil, yoxsul, müstəqillik və suverenliyi olmayan, sərhədləri və diplomatiyasından tutmuş, taleyinədək hər məqamını Rusiyaya tapşırmış Ermənistan.
Rusiyanın Ermənistandakı səfiri son müsahibələrindən birində çox incə şəkildə Yerevandakı iqtidarın nəzərinə çatdırmışdı ki, Avrasiya İqtisadi Birliyi ilə bağlı danışıqlarda Yerevanın israrla Dağlıq Qarabağ problemindən bəhs etməsi "diplomatiyadan və abırdan uzaq məsələdir".
Rusiyalı diplomat əslində S.Sarkisyan rejiminə yerini göstərmiş, sakit oturmasını, deyilənlərə sözsüz və şərtsiz əməl etməsini istəmişdi.
Ötən ilin sentyabrın 3-də, daha sonra isə oktyabrda Minskdəki sammitdə Yerevana müəyyən vədlər verildi, Yerevan iqtidarı bir qədər sakitləşdirildi, amma sonra ermənilər növbəti dəfə aldadıldıqlarını dərk etdilər.
Xülasə, Ermənistan bütün səylərinə və ona verilən vədlərə rəğmən Avrasiya İqtisadi Birliyininin təsisçilərindən biri olmadı, sadəcə, üzvlüklə kifayətlənmək məcburiyyətində qaldı. Bu isə təbii ki, başqa status, fərqli mövqedir.
Halbuki S.Sarkisyan iqtidarı ötən ilin ortalarından bəri "təsisçi" olacağını deyir, ölkə daxilindəki tənqidçilərinə və müxalifətçilərinə qarşı ritorikasında təbliğat vasitəsi qismində istifadə edirdi.
Bundan başqa, Yerevandakı iqtidar dəfələrlə bəyan etmişdi ki, Gömrük İttifaqına, sonra da Avrasiya Birliyinə qatılmaq üçün bütün "normativ tələbləri" yerinə yetirməyə çalışır.
Yerevanın belə aktivliyini görən Rusiya "tərəfdaş və müttəfiq"inin illüziyalarının mənasız olduğunu onun nəzərinə çatdırmaqla yanaşı, təsisçiliklə üzvlük arasındakı fərqi aydın başa saldı.
Nəticə bəlli.
Rusiyanın səyləri və təkidi, daha konkret desək, Moskvanın təkidli siyasəti nəticəsində Ermənistan Avrasiya İqtisadi Birliyinin "elita"sının nominal elitası olmaq şansını itirməklə yanaşı, bu qurumdakı trionun iddialı olduğu nüanslara da formal olaraq bel bağlaya bilməz.
Serj Sarkisyanın iqtidarının arqumentlərinə rəğmən Rusiya, Belarus və Qazaxıstan Yerevanın iddialarını təmin etmədilər. Bu azmış kimi, Yerevan sözügedən qurumun oyunçusu yox, əlavəsi oldu.
Avrasiya İqtisadi Birliyi kağız üzərində yaradılsa da, bu qurumun daxilindəki münasibətlər konkret, müəyyən deyil: problem əsas məsələlərdən biri olan enerjidaşıyıcıları, onların emal məhsullarının dövriyyəsi ilə bağlı məqamın müzakirə edilməməsidir.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə qatılması, sadəcə, imza naminə imza oldu.
Qurumun guya real fəaliyyətə başlayacağı tarix qismində açıqlanmış 2015-ci ilin yanvarın 1-də müqavilənin kağızının hansı rəngdə olacağı bəlli deyil.
Mənbə: Milli.Az

 

2 iyun 2014
GO BACK