Hər gün yeməkdə zeytun yağından istifadənin faydası var.
Kardioloqlar bildirirlər ki, zeytun yağı çirkli havanın təsirindən ürəkdə yaranan problemləri aradan qaldırır, həmçinin təzyiqi salır.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, təcrübə zamanı alimlər könüllülərin gündəlik rasionuna müəyyən tərəvəzlərlə zeytun yağını əlavə ediblər. Bunlar, azot turşusunun duzlarının bol olduğu yerkökü, kərəviz, ispanaq kimi tərəvəzlər olub.
Məlum olub ki, zeytun yağı ilə böyük miqdarda azot turşusu duzlarından ibarət rasion qan təzyiqini salır.
Paralel olaraq oxşar təcrubəni ABŞ Ətraf Mühitin Qorunması Agentliyinin əməkdaşları da aparıblar. Onların təcrübəsinin nəticəsi göstərib ki, zeytun yağı ürək-damar sistemini havanı çirkləndirən hissəciklərdən qoruyur (bunlar damarların bərkiməsinə, tromb və infarktın yaranmasına səbəb olur).
Təcrübə zamanı 42 könüllü 4 həftə ərzində hər gün 3 qram zeytun yağı və ya balıq yağı qəbul edib.
Heç bir qida əlavəsi qəbul etməyən ikinci qrup da yaradılıb. İnsanlar gah təmiz, gah çirkli havaya çıxarılıblar. Bundan sonra könüllülərin damarlarının vəziyyətini havanın birbaşa təsiri zamanı və üstündən 20 saat keçəndən sonra yoxlayıblar.
Məlum olub ki, çirkli havada olarkən damarlar xeyli yığılır. Üstəlik, bu, zeytun və ya balıq yağı qəbul etməyən qrupda özünü göstərib. Zeytun yağı qəbul edənlərdə isə damarlar yığılmayıb. Həmçinin onlarda trombları dağıdan zülalın artdığı da müşahidə olunub.
Mənbə: Milli.Az