Marketer konsaltinq agentliyinin proqnozuna görə, 2018-ci ilədək dünyanın populyar Twitter mikrobloqlar servisi istifadəçilərinin sayı 400 milyona yaxınlaşacaq və onların əsas hissəsi Asiya, Cənubi Amerika və Yaxın Şərq sakinləri olacaq.Yaxın beş ildə əsas inkişaf etmiş bazarlarda Twitter istifadəçilərinin say artımı xeyli zəifləyəcək. Belə ki, 2018-ci ilədək servis üçün əsas hesab edilən regionlarda – ABŞ və Yaponiyada artım tempi müvafiq olaraq 6,4 və 6,1 faizədək aşağı düşəcək. Göstərilən dövr ərzində dünyada 386,9 milyon Twitter istifadəçisinin olacağı gözlənilir. Bundan əvvəl servisin auditoriyasının bir neçə ildən sonra 1 milyard nəfərə çata bilməsi ilə bağlı proqnozlar verilib.Bununla yanaşı, eMarketer mütəxəssisləri diqqəti Twitterin inkişaf etməkdə olan regionlarda yüksək potensialının olmasına yönəldir. Xüsusilə Asiyada auditoriyanın kəskin artımı gözlənilir. Güman edilir ki, artıq 2014-cü ildə Hindistan və İndoneziya Twitter istifadəçilərinin sayına görə Böyük Britaniyanı geridə qoyaraq üçüncü və dördüncü yerə yüksələcək. Proqnoza əsasən, bu iki ölkədə servisin auditoriyası cari ildə müvafiq olaraq 61,7 və 56,9 faiz artacaq.
Mənbə: Milli.Az