Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/Azərbaycanda ötən il 524 nəfərdə Hepatit A, B və C virusları aşkarlanıb.
Trend-in məlumatına görə, rəsmi statiskaya əsasən Azərbaycanda "Hepatit" viruslarının aşkarlanması halları azalıb. 2012-ci ildə 665 nəfərdə adıçəkilən viruslar aşkarlanıb.
2012-ci ölkədə 256 nəfərdə "Hepatit B", 226 nəfərdə "Hepatit A", 183 nəfərdə isə "Hepatit C" virusuna yeni yoluxma halı aşkarlanıb. 2013-cü ildə isə Azərbaycanda 223 nəfərdə "Hepatit B", 150 nəfərdə "Hepatit A", 151 nəfərdə "Hepatit C" virusuna yeni yoluxma halı aşkar edilib.
Qeyd edək ki, bu gün Respublika Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə "Viral hepatitlər" mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Mərkəzin həkimi Arzu Yusifova bildirib ki, "Hepatit C" daha çox qanla keçən infeksion xəstəlikdir: "Bu xəstəlik damar daxilinə iynə vurulan, cərrahi müdaxiləyə məruz qalan və ya qan köçürülən xəstələrin bəzilərində aşkarlanır. Təəssüf ki, çox zaman əlamətləri müşahidə olunmur. Hər hansı bir xəstəyə qan verilməsi lazım olan zaman xəstəliyin olduğu ortaya çıxır".
A.Yusifova qeyd edib ki, "Hepatit C" qaraciyər sirrozu və qaraciyər xərcənginin ana səbəblərindən biridir. Lakin bu, müalicə oluna bilən xəstəlikdir. İndiki tibbi nailiyyətlər hesabına 91% halda Hepatit C-dən sağalma mümkün olur. Amma bunun üçün də xəstənin vaxtında müalicə olunması vacibdir. Daha çox fəsadlaşmış qaraciyər xəstəliklərində yeganə xilas yolu qaraciyərin transplantasiyasıdır.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə artıq "Hepatit C" virusuna yoluxma aşkarlanmır və yoluxma şansı çox aşağı səviyyəyə düşüb.
Hepatit C-nin müalicə oluna bilən xəstəlik olduğunu deyən A.Yusifova bildirib ki, bu xəstəliyə qadınlar və kişilər eyni dərəcədə yoluxurlar: "Çünki Hepatit C-də cinsi yolla yoluxma ehtimalı Hepatit B qədər yüksək deyil. "Hepatit C" daha çox böyük cərrahi əməliyyatlarda külli miqdarda qan və ya plazmanın köçürülməsi nəticəsində xəstələrə yoluxa bilir. Kosmetik xidmətlərdə - pedikür, manikür zamanı, eyni zamanda, stomatoloji xidmətlər zamanı da az da olsa, bu xəstəliyə yoluxma riski olur".
A.Yusifova bildirib ki, körpə uşaqlarda da Hepatit C və ya B-yə rast gəlinə bilər. пїЅ?gər hamilə qadın Hepatit B və ya C virusunun daşıyıcıdırsa, bu zaman virus anadan uşağa keçə bilir. Uşaqlarda Hepatit C-nin müalicəsi 3 yaşından sonra aparılmalıdır: "Hər anadan olan uşağın doğulan kimi Hepatit C və ya B virusu ilə bağlı yoxlanması doğru deyil. Çünki uşaqda anadan aldığı immunitetlə əlaqədar antigenlər pozitiv çıxacaq. Uşaqda Hepatit B və C-nin olub-olmadığını müəyyən etmək üçün onun 18 aylığında müayinə aparmaq lazımdır".
Mənbə: Trend.Az