Qadin.NET / Kişiləri necə cəlb etməli?

Kişiləri necə cəlb etməli?

 

Milli.Az 1937.az-a istinadən Andre Moruanın novellalarını təqdim edir. 
 Yad qadına məktublar
Siz varsınız, mövcudsunuz, eyni zamanda da yoxsunuz, mövcud deyilsiniz. Dostlarımdan biri mənə təklif edəndə ki həftədə bir dəfə sizə məktub yazım, onda mən xəyalən sizin obrazınızın cizgilərini cızmağa başladım və təsəvvürümdə sizi gözəl yaratdım – həm qəşəng, həm də ağıllı, dərrakəli: Mən bilirdim: siz mənim xəyalımda uzun müddət donub-qalmayacaq, çox tezliklə canlanacaqsınız və mənim göndərdiyim məktubları oxuyub onlara cavab verəcək, müəllifin həsrətlə gözlədiyi hər şeyi mənə danışacaqsınız.
İlk gündən mən sizə müəyyən bir sima vermişəm – bu sima mənim teatrda gördüyüm son dərəcə gözəl və gənc bir qadının simasıdır. Yox, o qadın teatrın səhnəsində deyildi, salonda idi. Mənim böyrümdə olan adamlardan heç biri onu tanımırdı. Həmin vaxtdan siz o qadının gözlərini və dodaqlarını, səsini və boy-buxununu almısınız, bununla belə, bu cür hallarda gözlənildiyi kimi, hələ də Yad qadın olaraq qalırsınız.
Mənim iki-üç məktubum mətbuatda dərc edildi və mən qabaqcadan gözlədiyim kimi, sizdən cavablar almağa başladım. Burada "siz" – toplayıcı şəxssiniz. Sizdə çoxlu sayda müxtəlif yad qadınlar cəmlənib: biri – sadəlövhdür, o biri – mənasızdır, üçüncüsü isə – şıltaq və gülüncdür. Mən sizinlə məktublaşmağa, şəxsi yazışmaya səbirsizliklə can atırdım, amma özümü saxladım: siz bu qadınların hamısı olaraq qalmalıydınız, onlardan ayrıca biri olmağınız yaramazdı.
Siz məni təmkinli olmağıma, sentimental nəsihətçiliyimə görə qınayırsınız. Amma neyləmək olar? Adamların ən səbirlisi, ən dözümlüsü belə yad qadına yalnız o şərtlə sadiq qalacaq ki, həmin qadın ona bircə dəfə ürəyini açmış olsun. Merime öz yad qadınının adının Jenni Daken olduğunu kifayət qədər tez öyrənmişdi və qadının qiyamət ayaqlarını öpməyə ona çox tezliklə icazə vermişdilər. Bəli, bizim kumirimiz gözəl ayaqlara da malik olmalıdır, bütün başqa şeylərə də, çünki biz bədənsiz ilahələrin parıltısından yoruluruq.
Mən vəd etmişdim ki, bu oyunu ondan aldığım məmnunluq duyğusunun tükəndiyi vaxtacan davam etdirəcəyəm. Bir ildən artıq vaxt keçdi, mən bizim yazışmalarımıza nöqtə qoydum və buna etiraz olmadı. Xəyali ayrılıq qətiyyən çətin deyil. Sizin barənizdə mənim qəlbimdə gözəl, saf bir xatirə qalacaq. Əlvida.
A. M.
 KİŞİ CİNSİ HAQQINDA
Dünən mən amerikan qəzetlərinin birində sizi əyləndirə biləcək bir məqalə oxudum. Həmin məqalədə amerikalı bir qız öz bacılarına, qadınlara müraciət edir. "Siz özünüzə ər tapa bilmədiyinizə görə şikayət edirsiniz? – qız məqalədə yazır. – Siz bizim kişilərimizin tamah saldığı Hollivuddakı qarşısıalınmaz gözəlliyə malik olmadığınızdan təəssüflənirsiniz? Siz qapalı həyat tərzi sürür və cəmiyyət arasında nadir hallarda görünürsünüz? Bir sözlə, sizin, demək olar ki, tanış kişiləriniz yoxdur, aralarında sizin aşiqinizin ola biləcəyi tanışlar isə sizə diqqət yetirmirlər?
Onda icazə verin, sizə mənim özüm üçün çox gərəkli olmuş bir neçə məsləhət verim. Düşünürəm ki, siz də bizim bir çoxumuz kimi balaca bir kottecdə yaşayırsınız; dörd tərəfiniz çəmənlikdir, yaxınlıqda sizinkinə bənzər başqa evlər. Sizinlə qonşuluqda, heç şübhəsiz, bir neçə subay adam da yaşayır.
– Əlbəttə, yaşayır! – siz mənə cavab verəcəksiniz. – Amma onların mənlik bir işləri yoxdur.
– Bax elə bu yerdəcə mənim birinci məsləhətim kara gələ bilər. Öz evinizin divarına nərdivan söykəyin; nərdivanla evin damına çıxıb orada televiziya antenasını quraşdırmaqla məşğul olun. Bu kifayətdir. Elə həmin saat eynən bal bardağının cəlb elədiyi eşşəkarısı kimi, ətrafda yaşayan bütün kişilər gözlərini sizə zilləyəcəklər. Niyə? Çünki kişilər texnikanın dəlisidirlər, həmişə nəsə düzəltmək istəyirlər, çünki hamısı özlərini çox məharətli və bacarıqlı sayır… ən başlıcası isə öz üstünlüklərini qadınlara nümayiş etdirməkdən onlar böyük ləzzət alırlar.
– Belə yox! – onlar sizə deyəcəklər. – Siz bunu necə düzəltməyi bacarmırsınız. İcazə verin, mən düzəldim…
Siz, təbii ki, razılaşırsınız və kişilərin necə işləməsinə heyranlıqla tamaşa edirsiniz. Bu da sizə təzə dostlar; üstəlik də, öz məharətlərini göstərməyə imkan yaratdığınız üçün onlar sizə ürəkdən minnətdardırlar.
– Çəmənliyin biçilməsi üçün, – amerikalı qız öz yazısına davam edir, – məndə elektrik mühərriki var; mən onu rahatca işə salıb idarə edə bilirəm, çəmənlik boyunca aşağı-yuxarı hərəkət etdirməyi bacarıram. Nə qədər ki hər şey öz qaydasıyla davam edir, bircə kişi də gözə görsənmir. Elə ki qonşularımın mənimlə maraqlanmasını istədim, daha onda bundan asan bir iş ola bilməz: mən mühərriki sıradan çıxarır və özümü elə göstərirəm ki, guya, onun niyə işləməməsinin səbəbini cidd-cəhdlə axtarıram. Elə həmin dəqiqə sağ tərəfimdə kəlbətinlə silahlanmış, sol tərəfimdə isə əlində alətlərlə dolu qutu tutmuş kişi peyda olur. Bax bizim mexaniklər artıq tələyə düşüblər.
Avtostradada da eyni oyundur. Maşını saxlayın, kapotu qaldırın və çaşqın halda mühərrikin üzərinə əyilin. Təriflənmək ölüsü olan o biri eşşəkarıları, öz növbəsində, maşını saxlayacaqlar və sizə öz qiymətli xidmətlərini təklif edəcəklər. Lakin nəzərə alın ki, təkərin dəyişdirilməsi, yaxud şinlərə hava vurulması onlar üçün cəlbedici məşğuliyyət deyil. Bu işlər bic iş olmasa da, zəhmət tələb edən işlərdir və çox da hörmətə layiq deyil. Dünyanın ağası olan kişilər üçünsə ən başlıcası – fağır qadınlar qarşısında öz nəhəngliyini nümayiş etdirməkdir. Yollarda təkbaşına şütüyüb gedən o qədər münasib adaxlılar var ki! Və onlar heç özləri də şübhə etmədən yalnız bir şey arzulayırlar – sizin kimi açıqqəlbli, sadəlövh, təcrübəsiz və onların işinə heyran qalmağa hazır dayanmış bir ömür yolçusu! Kişinin qəlbinə gedən yol nişan ağacları kimi, maşınlarla işarə edilmişdir".
Mən belə düşünürəm ki, söhbət amerikan qızlarından gedərkən bu məsləhətlərin birbaşa faydası var. Lakin həmin tövsiyələri fransızlara tətbiq etsən, bunun eyni dərəcədəmi təsiri olacaq? Əlbəttə ki yox; amma bizim də öz həssas yerlərimiz var. Öz nitqimizlə və gurultulu ifadələrlə kimisə heyran etmək bizim xoşumuza gələn məşğuliyyətdir. Maliyyəçidən, siyasi xadimdən, alimdən peşəkar məsləhətlər xahiş etmək – kişini fəth etməyin ən münasib üsullarından biridir və o da kişi cinsinin məhv edilməsi mümkün olmayan şöhrət düşkünlüyünə hesablanıb. Xizəksürmə dərsləri, üzgüçülük dərsləri – idmançı kişilər üçün əla tələdir.
Gete öz vaxtında qeyd etmişdi ki, gənc adamın qızla məşğuliyyətindən cəlbedici bir şey yoxdur: qızın öyrənməkdən, oğlanın isə öyrətməkdən xoşu gəlir. Bu, indiyəcən də belədir. Gənc şagird qızın yumşaq saçlarının onun gənc müəlliminin yanaqlarına toxunduğu latın dilindən tərcümələr zamanı, yaxud fizika fənnindən məsələnin həlli ilə bağlı nə qədər sevgi macəraları baş verib! Sizinçün hansısa fəlsəfi problemi izah etmələrini xahiş etmək, bu izahı dərin düşüncələrə dalaraq dinləmək, başınızı sizə yaraşan xüsusi tərzdə yana əymək və səmimiyyətlə demək ki, bəs hamısını başa düşmüsünüz – bunun qarşısında kim duruş gətirə bilər! Fransada kişinin qəlbinə aparan yol onun ağlından keçir. Mən sizin qəlbinizə gedən yolu tapa biləcəyəmmi? Əlvida.
SEVGİ VƏ NİKAH HAQQINDA
Fransız kişi və qadınlarının sevgi və nikah məsələlərinə baxışlarının necəliyini daha yaxşı anlamaq üçün hər şeydən öncə bizim ölkəmizdə zərif hisslərin tarixini xatırlamaq lazımdır. Burada iki xətti asanlıqla görmək mümkündür.
Birinci güclü xətt – yüksək məhəbbətdir. Məhz Fransada orta əsrlərdə ədəbli kurtuaz məhəbbəti yaranmışdır. Qadına təzim göstərmək, onun xoşuna gəlmək həvəsi, qadına nəğmə və şeirlər (trubadurlar) qoşmaq, yaxud qəhrəmanlıqlar, şücaətlər göstərmək (cəngavərlik) – o dövrün elit fransız cəmiyyətinin ayrılmaz xüsusiyyətidir. Heç bir ədəbiyyat sevgi və ehtiraslara bu cür məna verməyib.
Lakin bu xətlə yanaşı, son dərəcə geniş yayılmış ikinci bir xətt də mövcud idi. Onu Rable təsvir edir. Burada cismani, şəhvani məhəbbət önə çıxır, iri planda çıxış edir. Bu zaman nikah hissiyyat məsələsi deyil, ilk növbədə, yalnız münasib birgəyaşayış forması, uşaqları böyütmək və ikitərəfli maraqlara riayət etmək üsuludur. Molyerdə, misal üçün, ər arvadının bacara bilsə, aldatdığı və imkan düşən kimi özünün də kənarda sevgi macərası axtardığı məzəli bir personajdır.
Balzakın kitablarından göründüyü kimi, XIX əsrdə pula böyük məna və əhəmiyyət verən və sərvəti vərəsəlik üzrə ötürən varlı burjuaziyanın hökmranlığı nəticəsində nikah sazişə çevrilmiş oldu. Belə nikahda sevginin sonradan – birgəyaşayışın gedişatında yaranması mümkün idi; o, ərlə arvadın qarşılıqlı öhdəlikləri, temperamentlərin uyğunluğu əsasında meydana çıxa bilərdi, lakin bu, zəruri sayılmırdı. Ayıq haqq-hesab əsasında meydana gələn uğurlu nikahlara da rast gəlinirdi – valideynlər və notariuslar cehiz və nikah müqaviləsi barədə cavanlar hələ bir-biri ilə tanış olmazdan qabaq danışırdılar.
Bu gün biz bütün bunları dəyişdirmişik. Artıq özümüz üçün ömür yoldaşı seçərkən bizdə varidat müəyyənedici rol oynamır, belə ki, hazırda işləyən savadlı qadın, yaxud yaxşı ixtisasa malik olan kişi dəyərini qəfildən itirə biləcək hər hansı cehizdən xeyli yüksək qiymətləndirilir. Ali, yüksək məhəbbət də, romantik sevgiyə meyil də – köhnə əsrlərin mirası – artıq öz əvvəlki əzəmətini itirib. Niyə? Əvvəla, o səbəbdən ki, bərabər hüquqlar əldə etmiş qadın kişi üçün artıq əlçatmaz, sirli bir varlıq deyil, sadəcə, yoldaşdır; ikincisi, ona görə ki, indi gənc qızlar sevginin fiziki tərəfləri barədə heç də az şey bilmirlər və sevgi-nikah məsələlərinə ayıq gözlə baxırlar.
Demək olmaz ki, gənc oğlan və qızlar sevgiyə qətiyyən can atmırlar; ancaq onlar bu sevgini möhkəm nikah münasibətlərində axtarırlar. Müasir cavanlar ehtiraslı məhəbbət əsasında yaranan nikaha bir qədər ehtiyatla yanaşırlar, belə ki, ehtirasın uzunömürlü olmadığını bilirlər. Molyerin dövründə izdivac məhəbbətin sonu kimi əlamətdar idi. Bu günsə nikah sevginin başlanğıcıdır. İki nəfərin uğurlu ittifaqı bu gün həmişə olduğundan daha səmimidir, çünki bu, eyni vaxtda bədənin, ruhun və zəkanın birgə ittifaqıdır. Balzakın dövründə öz arvadına dəlicəsinə aşiq olan ərə gülməli adam kimi baxırdılar. Bu gün pozğunluq və əxlaqsızlıq roman səhifələrində gerçək həyatda olduğundan daha çoxdur. Hazırkı dünya sadə dünya deyil; həyat həm kişidən, həm də qadından hər şeyi tam şəkildə tələb edir, buna görə də getdikcə dostluq telləriylə möhkəmləndirilən, qarşılıqlı meyil və ruhi bağlılığa əsaslanan nikah fransız qızlarına sevgi problemlərinin ən yaxşı həlli kimi görsənir. Əlvida.
İŞVƏNİN ZƏRURİ ÖLÇÜSÜ HAQQINDA
"Böhtandır, ağa! Siz nəyə məhəl qoymadığınızı, sadəcə, başa düşmürsünüz" – "Sevilya bərbəri"nin personajlarından biri belə deyir. Çox tez-tez olur ki, mən hər şeyə son dərəcə tez inanan və sevgisi açıq olan sadəlövh qadına üz tutub demək istəyirəm: "Naz-qəmzəli xanım! Siz nəyə yuxarıdan baxdığınızı, sadəcə, başa düşmürsünüz. Naz-qəmzə həmişə heyrətamiz gücə və təhlükəyə malik bir silah olub və bu cür də qalmaqdadır. Marivo tərəfindən çox diqqətlə öyrənilmiş bu gözəl hiylə "dəstinin" mahiyyəti ondan ibarətdir ki, əvvəlcə şirnikdirib cəzb edəsən, sonra da rədd edib uzaqlaşdırasan; təxminən, bu cür ki, sanki, nəyisə hədiyyə edir, ancaq dərhal da onu geri alırsan. Bu oyun inanılmaz, heyrətamiz nəticələr verir; hətta qabaqcadan xəbərin olsa da, yenə bu tələlərə düşürsən.
Əgər yaxşı düşünsək, bu, tamamilə təbiidir. İlk kövrək ümidin yaranmasına səbəb olan yüngül işvə-naz olmadan çox adamlarda sevgi qığılcımları oyanmır. "Sevmək – sonradan zərurətə, inadkar istəyə, beyindən çıxmayan zəhlətökən ideyaya qədər böyüyüb artan hansısa imkan haqqında fikirləşərkən keçirdiyin həyəcan deməkdir". Hansısa kişinin (yaxud qadının) xoşuna gəlməyimiz bizə hələ tamamilə qeyri-mümkün görünür, biz həmin kişinin (yaxud qadının) haqqında heç fikirləşmirik də. Siz ki İngiltərə kraliçası olmadığınızdan əzab çəkmirsiniz. Hər bir kişi Qreta Qarbonun və Mişel Morqanın son dərəcə gözəl olduğunu bilir və onlara heyrandır, ancaq heç birinin ağlına da gəlməz ki, onların sevgisindən dəli-divanə olsun. Öz saysız-hesabsız pərəstişkarları üçün onlar, sadəcə, ekranda yaşayan obrazlardır və heç bir şans vəd etmirlər.
Lakin elə ki biz kiminsə baxışlarını, kəlmələrini, jestlərini öz üzərimizdə hiss edib onları qəbul edirik, onda özümüzdən asılı olmadan, bizim iradəmizdən kənarda təsəvvürlərimiz dərhal onların arxasında gizlənmiş imkanları artıq cızmağa başlayır. Bu qadın bizim əlimizə ümid üçün – lap kiçik də olsa – bir əsas, bir bəhanə veribmi? Həmin andan etibarən biz artıq şübhələrin ixtiyarındayıq və özümüzdən soruşuruq: "Doğrudanmı, o qadın mənimlə maraqlanır? Bəs o, məni necə sevə bilər? Nəsə ağlabatan deyil, inanılmazdır. Bununla belə, onun davranışı…" Kəsəsi, Stendalın dediyi kimi, biz onun barəsindəki fikirlərimizi "kristallaşdırırıq", başqa sözlə, xəyalımızda onu müxtəlif boyalarla süsləyirik, necə ki Zalsburqdakı kristal duz yataqları ora yerləşən bütün əşyaları bir-birinə qarışmağa məcbur edir.
Yavaş-yavaş arzu vahiməyə keçir, inadkar ideyaya çevrilir. Bu vahimənin ömrünü uzatmaq və "kişinin ağlını başından almaq" istəyən işvəli qadına insanlığın tarixi qədər qədim olan bir taktikaya müraciət etmək tamamilə kifayətdir: qovulmağının, təqib olunmağının heç də əleyhinə olmadığını qabaqcadan işarə verib qaçmaq, imtina edib boyun qaçırmaq, lakin eyni zamanda ona ümid parıltısı saxlamaq: "Mümkündür ki, mən sabah sizinki olum". Məhz onda uğursuz kişilər onların arxasınca lap dünyanın axırınacan da gedərlər.
Bu hiyləgər fəndlər mühakimə olunmağa layiqdir – əgər işvəkar qadın həmin fəndləri öz çoxsaylı aşiqlərini tarazlıqdan çıxarmaq üçün işlədirsə. Belə bir davranış işvəkar qadını mütləq əsəbi olmağa vadar edəcək və əgər o, şeytan kimi hiyləgərdirsə, onda heç kəsə güzəştə getmədən, kişilərin qüruruna toxunmadan onları aldatmağı bacarar. Ancaq son nəticədə ən qızğın işvəkar qadın da öz məftunlarının səbrini tükətməklə risk etmiş olur. O, eyni vaxtda üç dovşanın ardınca qaçan Molyerin Selimenası kimi axırda onların heç birini ələ keçirə bilməyəcək.
"Bir halda ki o xoşbəxt tərəfdə mənim sizdə tapdığım bütün şeyləri siz məndə tapmağı bacarmırsınız, – onda ömürlük əlvida! Ağır bir yük olan sizin qandallarınızı mən, nəhayət ki, böyük bir sevinclə çıxarıb ataram…"
Əksinə, əgər işvəkarlığın məqsədi – sevən kişilərin sadiqliyini qorumaqdırsa, onda o, tamamilə günahsız bir şeydir və hətta zəruridir. Bu halda qadın öz qəlbinin dərinliyində naz-qəmzəyə, şıltaqlığa heç bir həvəs duymur. "Məhəbbətin ən böyük möcüzəsi ondan ibarətdir ki, o, adamı naz-qəmzədən sağaldır". Ürəkdən vurulmuş qadına əksər halda özünü geriyə baxmadan, heç nədən ehtiyatlanmadan və riyakarlıq etmədən heyrətamiz alicənablıqla təslim etmək daha xoşdur. Lakin bəzən elə olur ki, qadın öz naz-qəmzəsiylə sevdiyi kişini yüngülcə incitmək məcburiyyətində qalır, çünki, həmin kişi əzab çəkmədən, tərəddüd keçirmədən yaşamağı bacarmayan kişilərin cərgəsinə daxildir.
Onda kişinin sadiqliyini itirməmək üçün bakirə, lakin ürəkdən sevən qadının hətta yalandan təşəxxüs satması da ayıb deyil, necə ki xəstənin maraqları baxımından hərdən şəfqət bacısı ona qarşı həddən ziyadə amansız olmağa məcbur olur. İynə ağrıdıcı olsa da, şəfavericidir. Qısqanclıq üzücü, əzabverici bir şeydir, amma o, hissləri möhkəmləndirir. Əgər siz, ey mənim yad qadınım, haçansa özünüzü bildirib, sizi tanımağıma icazə versəniz, onda işvəkar olmayın. Yoxsa mən də istənilən başqa birsi kimi mütləq tora düşərəm. Əlvida.
HAMININ TANIDIĞI BİR XANIM HAQQINDA
– Necə?! Doktor, siz mənim qonşumsunuz?
– Bəli, xanım, sizin iki qonşunuzdan biri.
– Mən sevinc içindəyəm, doktor, uçmağa qanadım yoxdur; çoxdandır sizinlə rahat danışmaq mənə müyəssər olmurdu.
– Mən də çox şadam.
– Mənə sizdən xeyli məsləhət almaq lazımdır, doktor… Bu, sizə çətin olmayacaq ki?
– Doğrusuna qalsa, xanım…
– İlk növbədə, mənim yuxusuzluğum… Mənim necə yuxusuz olduğum sizin yadınızdan çıxmayıb ki? Mən nə görürəm, doktor? Siz şorba yeməyə başlayırsınız?
– Niyə də başlamayım?
– Doktor, bu nədir, sizin başınıza hava gəlib? Sağlamlıq üçün bundan zərərli şey ola bilməz ki, yeməkdən qabaq bu qədər mayedən istifadə edəsən…
– Bağışlayın, xanım…
– Doktor, sizdən xahiş edirəm, bu qatı bulyonu kənara itələyin və gəlin ikimiz bir yerdə əvvəlcə menyunu yaxşı-yaxşı öyrənək… Bax, semqa gedər… bu balıqda çoxlu zülal var. Kökəldilmiş axta toyuq da pis deyil… Belə ki, bizə lazım olan A vitaminini biz yağ vasitəsilə alırıq; C vitaminini isə – meyvələrlə… Amma burada B vitamini, ümumiyyətlə, yoxdur… Əfsuslar olsun! Doktor, sizə belə gəlmir?
– Yoxdursa, deməli, yoxdur.
– Doktor, mənə deyin görüm, gün ərzində mənim kimi işgüzar həyat tərzi keçirən bir qadına nə qədər kalori lazımdır?
– Dəqiq deyə bilmərəm, xanım… Bunun, ümumiyyətlə, heç bir əhəmiyyəti yoxdur.
– Necə yəni heç bir əhəmiyyəti yoxdur? Bəlkə, siz hələ deyəsiniz ki, kömürün parovoz üçün, benzinin isə avtomobil üçün heç bir əhəmiyyəti yoxdur?! Mənim həyat tərzim kişilərin həyat tərzi ilə eynidir və mənə gündəlik üç min kalori lazımdır, yoxsa mən ayaq üstə üzülərəm.
– Xanım, siz bəyəm onları hesablayırsınız?
– Mən onları hesablayırammı!.. Siz, görünür, zarafat edirsiniz, doktor, elədirmi? Mənim cədvəlim həmişə böyrümdə olur… (Çantasını açır.) Baxın, doktor… Vetçina – kiloqram hesabıyla min yeddi yüz əlli kalori edir… Cücə – min beş yüz kalori… Süd – yeddi yüz kalori…
– Qiyamətdir. Ancaq məsələn, cücənin bu qanadının nə qədər çəkisi olduğunu necə bilmək olar?
– Mən evdə tələb edirəm ki, bütün porsiyaları çəksinlər. Burada, yaxud qonaqlıqda olarkən mən gözəyarı hesablayıram… (Qadın ah çəkir.) Ah, doktor!..
– Sizə nə oldu, xanım?
– Xahiş edirəm, əl saxlayın!.. Bu, çox dözülməzdir, eynən bıçağın səsi kimi, eynən saxta not kimi, eynən…
– Axı mən neylədim ki, xanım?
– Doktor, siz zülalları karbohidratlarla qarışdırırsınız… Ah, doktor, əl saxlayın!..
– Eh! Lənət şeytana, mənə nə verirlərsə, onu da yeyirəm…
– Siz? Görkəmli həkim?! Axı siz çox gözəl bilirsiniz ki, sıravi fransızın adi yeməyi – yəni kartoflu bifşteks – ən qorxulu zəhərdir, daha bundan təhlükəlisini hazırlamaq mümkün deyil!
– Bununla belə, sıravi fransızın səhhəti çox yaxşıdır…
– Doktor, heç demə, siz xalis kafirsinizmiş… Mən daha sizinlə danışmıram… (Güclə eşidiləcək tərzdə) Bəs görəsən, mənim bu biri qonşum kimdir! Mən onun soyadını eşitmişəm, ancaq özüylə tanış deyiləm.
– O, maliyyə nazirliyinin çox mühüm bir məmurudur, xanım.
– Doğrudanmı? Necə də maraqlıdır! (Cəld sağ tərəfə dönür.) Bizim büdcəmizin vəziyyəti necədir, cənab? Siz artıq ucunu ucuna calamısınızmı?
– Mənə rəhminiz gəlsin, xanım… Mən bu gün düz səkkiz saat büdcədən danışmışam… Ümid edirdim ki, heç olmasa, nahar vaxtı nəfəsimi dərərəm…
– Nəfəs dərmək?! Biz sizə nəfəs dərməyə yalnız o zaman imkan verərik ki, siz bizim bütün işlərimizi nizama salasınız… Axı bu, asan işdir.
– Yəni belə asandır, xanım?
– Asandan da asan… Bizim büdcəmiz dörd trilyon təşkil edir, eləmi?
– Bəli, təxminən, bu qədərdir…
– Çox gözəl… Bütün məsrəfləri iyirmi faiz azaldın…
(Həkimlə maliyyəçi, eynən əlbir adamlar kimi, hər şeydən baş çıxaran, hər şeyi bilən bu xanımın arxasında bir-birinə tam ümidsizlik içində, acizanə nəzərlərlə baxırlar.)
Sizin isə, ey mənim qiymətli xanımım, heç nəyi bilməmək üçün sağlam düşüncəniz yetərincədir. Bax ona görə də siz hər şeyi bilirsiniz. Əlvida.
GƏNC BİR QIZ HAQQINDA
– Kişini fəth etmək… – qız mənə deyir. – Lakin qadın fəth üçün yaranmayıb. Qadın – passiv varlıqdır. O, zərif etiraflar gözləyir… Ya da qəlbə toxunan sözlər. Təşəbbüs ondan gəlməli deyil ki.
– Siz gerçəkliyi deyil, görüntünü təsvir edirsiniz, – mən ona etiraz edirəm. – Bernard Şou artıq çoxdan yazıb ki, əgər qadın zərif etiraflar gözləyirsə də, bunu hörümçəyin milçəyi gözləməsi kimi gözləyir.
– Hörümçək tor toxuyur, – qız cavab verir, – bəs sizcə, zavallı qız neyləməlidir? Qız ya onun xoşuna gəlir, ya da gəlmir. Əgər qız onun xoşuna gəlmirsə, onun aciz iztirabları kişinin hisslərini dəyişmək iqtidarında deyil. Düşünürəm ki, qız bununla öz istəyinin əksinə nail olacaq: heç bir şey gənc oğlanı laqeyd yanaşdığı qızın iddiası qədər qıcıqlandırmır. Özünü zorla sırıyan və birinci addımı özü atan qadın kişinin sevgisini yox, nifrətini əldə etmiş olar.
– Bu, onda düzgün ola bilərdi ki, – mən dedim, – qadın səriştəsiz hərəkət etsin və təşəbbüsün onun tərəfindən edildiyi heç bir şübhə doğurmasın; amma məharət elə ondan ibarətdir ki, ilk addımı nəzərə çarpmadan edəsən. "Qız salxım söyüdlərin kölgəsi altında qaçır, amma həm də istəyir ki, onu görsünlər…" Geri çəkilərək rəqibi şirnikdirmək – təcrübədən keçirilmiş qədim hərbi biclik. Bu hiylə qızların da, əsgərlərin də çox karına gəlib.
– Bu, həqiqətən də, hiylənin sınaqdan keçirilməsidir, – qız razılaşır, – amma əgər rəqibin məni təqib etməyə zərrəcə həvəsi yoxdursa, onda bu qaçışın heç bir nəticəsi olmayacaq; mən salxım söyüdlərin kölgəsi altında eləcə tənha qalacağam.
– Bax elə bu yerdəcə siz qadınlar kişidə sizi təqib etməsi üçün həvəs yaratmalısınız. Bundan ötrü bütöv bir taktika işlənib hazırlanmışdır və bu taktika sizə məndən daha yaxşı tanışdır. Kişinin bəzi hərəkətlərinə icazə vermək, özünü bicliyə qoymaq lazımdır ki, guya, o, sizi bərk maraqlandırır; sonra gözlənilmədən "hər şeyi qırmaq" və ona dünənəcən tam özününkü bildiyi şeyləri qəti şəkildə qadağan etmək. Təzadlı qəlb – çox kəskin silkələnmədir, amma bunun altında sevgi də, həvəs də acıxəmrə kimi aşıb-daşır.
– Sizə dildə demək asandır, – qız etiraz edir, – ancaq belə bir taktika bir neçə şeyi nəzərdə tutur: birincisi, niyyəti icraya gətirib çıxaran soyuqqanlılıq (amma səsi səni titrəməyə məcbur edən adamı imtahana necə çəkəsən?), ikincisi, çox zəruridir ki, sınaqdan keçirilən kişi artıq bizə diqqət göstərməyə başlasın. Əks halda, nə qədər yumağı açıb-töksən də, pişik onlarla oynamaqdan imtina edəcək.
– Dünyasında inanmaram ki, – mən ona deyirəm, – gənc və qəşəng qız kişinin diqqətini özünə yönəltmək iqtidarında olmasın; başlanğıc üçün kişinin özü barəsində danışmaq kifayətdir. Güclü cinsin əksər nümayəndələri öz ixtisasları ilə qürrələnirlər. Onların həm öz barələrindəki, həm də peşələri haqqındakı naqqallıqlarını təmkinlə dinləyin – bu, tamamilə kifayətdir ki, onlar sizi ağıllı hesab eləsinlər və sizinlə yenidən görüşməyə həvəsli olsunlar.
– Deməli, darıxmağı da bacarmaq lazımdır?
– Bəs necə? – mən təsdiqləyirəm. – Bu, özlüyündə aydındır. Söhbət kişidən, ya qadından, sevgidən, ya siyasətdən getsin – fərqi yoxdur, bu dünyada həm də darıxmağı bacaran uğur qazanır.
– Elədə mən uğursuzluğa üstünlük verirəm, – mənim müsahibim cavab verir.
– Elə mən də, – onunla razılaşıram, – və Allah özü şahiddir ki, ən azı, bu məsələdə biz uğur qazanarıq.
Əzizim, bax, dünən cavan bir qızla bizim aramızda belə bir söhbət baş verdi. Çarə nədir?! Siz axı yanımda deyildiniz, amma hər necə olsa, yaşamaq lazımdır axı. Əlvida.
 
Tərcümə: Mahir N.Qarayev
 Mənbə: Milli.Az

 

31 may 2014
GO BACK