Qadin.NET / Məmurlar çimərlikdən niyə qaçırlar?

Məmurlar çimərlikdən niyə qaçırlar?

İndi Bakının dənizkənarı məkanlarında rəsmi və qeyri-rəsmi istirahət mərkəzləri çox açılıb və bunların çoxunun, xüsusilə də qeyri-rəsmilərinin mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə əlaqəsi yoxdur. Çirkab suları guya müəyyən qədər təmizlənərək dənizə axıdılır, ya da dənizdən azacıq aralıda qazılmış kanalizasiya quyularına vurulur ki, o da ki. son nəticədə sızaraq dənizə qarışır.Əksər ekspertlər çimərlik zonalarındakı belə obyektləri istirahətə gələnlər üçün real təhlükə sayır. Yəni onların tullantılarından dəniz suyuna müxtəlif infeksion xəstəlik virusları qarışa bilcəyini bildirirlər. Milli.Az xəbər verir ki, anspress-ə müsahibə verən tanınmış ekoloq, fəlsəfə doktoruTelman Zeynalov belə hadisələrin artıq bir neçə ildir ki, davam etdiyini bildirir və çimərliyə yollananları ehtiyatlı olmağa çağırır. Onun fikrincə, çimərlikdəki real bakterioloji vəziyyəti bilmədən suya girmək olmaz. Yəni insan dərisi bir çox sağalmaz xəstəliklərə düçar ola bilər, yaxud da müəyyən keçici bakterioloji xəstəlikllər tutmaq riski var. “Xəzər dənizinin suyu insan bədənində olan yaralara, eləcə də bir neçə dəri xəstəliklərinə kömək edir. Amma Səhiyyə Nazirliyi risklərin törənməməsi vəziyyət baradə dəqiq məlumat versə, insanlar da çəkinmədən istirahətlərini edə bilərlər”,- deyə Telman Zeynalov bildirib.
Çimərliklərdəki real vəziyyəti isə təbii ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi açıqlamalıdır. Əksər sivil ölkələrdə bu cür qurumlar ilin fəslindən asılı olmayaraq mütəmadi, bəzən hətta gündəlik açıqlamalar verir və əhalini çimərliklərdəki bakterioloji vəziyyətlə tanış edir. Bu cür suallarla anspress-in müraciət etdiyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiriZiyəddin Kazımov isə nədənsə verilən suallara dəqiq cavab vermir və göstəricilərin 2014-cü il yay çimərlik mövsümünün açılışı öncəsi açıqlanacağını bildirir. Dövlət məmurunun sözlərinə görə, şəhər ərazisində yerləşən çimərliklərin 2014-cü il yay mövsümünə hazırlığı ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət ilə bağlı monitorinqlər keçirilir. O həm də Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinə girişin bu il də qadağan oluna biləcəyini vurğulayır. Çünki müayinələr zamanı Şıx və Sahil çimərliklərinin sanitariya-mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi hallarına hələ də rast gəlinir. Bu ərazilərdə həddən artıq bağırsaq çöpləri aşkarlanıb.
Ziyəddin Kazımov dəniz suyunun bakterioloji çirklənməsinə səbəb olaraq yaxın ərazilərdə aparılan təmir-yenidənqurma işlərini, yol çəkilişini, çirkab sularının dənizə axıdılmasını göstərir. Onun sözlərinə görə, tikinti işləri başa çatandan sonra bu ərazilərdə ciddi qaydada təmizlənmə işləri həyata keçiriləcək, çimərliklər təmizlənəcək və istifadəyə yararlı vəziyyətdə əhalinin istifadəsinə veriləcək. Lakin bununla belə Ziyəddin Kazımov başqa çimərliklərdəki vəziyyət barədə danışmayıb və onun çıxışı elə təxminən keçən il mövsümün açılışındakı açıqlamalara bənzəyib.Amma təbii ki, bu açıqlamalar indiki vəziyyəti əks etdirmir. İl ərzində Xəzər sahilində onlarla rəsmi və qeyri-rəsmi obyekt açılıb və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi təxirə salmadan vəziyyətə açıqlama verməlidir. Əks halda on minlərlə dəniz həvəskarının həyatını risk altına salmış olur. Heç kimdən gizli deyil ki, bu il çimərlik mövsümü iyunun 15-də yox, mayın əvvəllərindən açılıb. Yəni kəskin istilər düşdü və camaat sərinləşmək üçün çimərliklərə üz tutdu. Əcəba, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bunu görmürmü və bu qurumun işini müasir tələblərə uyğun şəkildə çevik qurmasına nə mane olur? Bir də ki, Azərbaycan turizm ölkəsinə çevrilərək qardaş Türkiyə kimi milyonlarla Avropa turistini qəbul etmək istəyir. Yəni ölkə iqtisadiyyatının şəxələnməsi, böyüyən nəsillərin iş tapması üçün bu çox vacibdir. Əcəba, Antaliyada mart və aprel ayında çimərliklərin durumunu öyrənmək istəyən hansısa alman turistə yerli sanitariya məmuru “Gözləyin, sizə iyunda cavab verəcəm” söyləsə, nə baş verər? Axı çimərliklərdə sanitariya vəziyyətinin öyrənilməsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin gündəlik işi olmalıdır. Ziyəddin Kazımovun təmsil etdiyi quruma qardaş Türkiyənin təcrübəsini öyrənməyə nə mane olur? 

Mənbə: Milli.Az

30 may 2014
GO BACK