Qadin.NET / Lənkəranda dincəlmək neçəyə başa gələcək?

Lənkəranda dincəlmək neçəyə başa gələcək?

Azərbaycanın uğurlu iqtisadi inkişafı ölkəmizə turist axınını şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan Lənkəran rayonunun coğrafi cəhətdən əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi bölgənin turizm imkanlarını ildən-ilə daha da genişləndirir. Milli.Az CTV-yə istinadən bildirir ki, Azərbaycanın turizm potensialına görə öndə gələn bölgələrindən olan Lənkərana hər il yay aylarında gələn turistlərin əsasən üz tutduqları məkan dənizkənarı çimərliklər və dağətəyi ərazilərdir. Elə bu səbəbdən də həmin ərazilərdə turistlərin istirahətinin səmərəli təşkili üçün hər bir şərait yaradılıb. 
Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İlqar Əzimovbildirdi ki, artıq dəniz kənarında çimərliklər təmizlənib, tam olaraq vətəndaşların istifadəsi üçün hazır vəziyyətə gətirilib.
İlqar Əzimov turizm obyektlərində qiymətlərdə endirimlər olacağını diqqətə çatdırdı. Qiymətləri öyrənmək məqsədilə bir neçə istirahət mərkəzlərinə baş çəkdik. İstirahət mərkəzlərindən birinin əməkdaşı Vaqif Cəfərov hazırda turistlərin sayının 100-ə yaxın olduğunu bildirdi. Onun sözlərinə görə, qiymətlər 30-120 manat arasında dəyişir. Oteldə standart, VİP otaqlar var.
Digər istirahət mərkəzinə doğru üz tutduq. Aldığımız məlumatlar turizm obyektləri arasında qiymətlərdə böyük bir fərqin olmadığını göstərdi. İstirahət mərkəzlərindən birinin əməkdaşı Elman Əliyev bildirdi ki, adambaşı 45 manat və gündə 3 dəfə yemək şərti ilə biz qonaqları yerləşdirə bilərik.Amma otaqlara gəldikdə isə qiymətlər 35 manatdan 150 manata qədər, nömrələrdən asılı olaraq dəyişir.Lənkəranın turizm obyektlərini istirahət məkanı seçənlər arasında yerli turistlər də çoxdur. Onların əksəriyyəti paytaxt Bakıdan, ailəvi istirahətə üstünlük verənlərdir. Turistləri Lənkərana cəlb edən isə dəniz, dağ, meşə faktorunun olmasıdır.
2014-cü ildə Lənkərana gələn turist sayının daha da artacağı proqnozlaşdırılır. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Lənkəran ölkəmizin ən əsas turizm mərkəzlərindən birinə çevriləcək.

Mənbə: Milli.Az

30 may 2014
GO BACK