Güclü yağış Quba rayonunun Tülər və Tüləkəran kəndlərində xoşagəlməz mənzərə yaradıb.Milli.Az RTV-yə istinadən bildirir ki, yarım saat davam edən güclü yağış Ağ çay üzərində yerləşən körpünü yuyub aparıb. Daha bir körpünü isə qəzalı vəziyyətə salıb. Nəticədə Tülər kəndi ilə əlaqə kəsilib. Baş verən hadisə zamanı xəsarət alan olmasa da, vətəndaşlara məxsus mal-qara, toyuq-cücə, əkin sahələri sel suları altında qalıb. Bundan başqa, 3 evə ziyan dəyib.Hazırda intensiv yağan yağışlar səngiyib. Rayonun müvafiq qurumları dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlayıb.
Mənbə: Milli.Az