İndi Azərbaycanda bir çox ailələr “mütəmadi kredit ödəmək sindromu” xəstəliyinə tutulublar. Yəni ailənin nə vaxtsa toyla, yaxud xəstəliklə, yaxud da, Allah uzaq eləsin, şər işlə əlaqədar pula ehtiyacı olur, gedib bankdan bir 5 min manat pul götürür və anspress-in müşahidələrinə görə, bundan sonra ailənin təxminən 5-6 illik ömrü həmin pulu ödəməyə həsr olunur. Bir müddət kəmərlərini sıxıb krediti ödəyirlər. Sonradan məlum olur ki, kommunal borclar ödənməlidir, uşaq məktəbə getməlidir, qonşu oğluna toy eləyir, rayonda yas düşüb, getmək lazımdır və s. Ya da ki, krediti ödəyən işini dəyişir və daha az maaş alır. Və kredit bir neçə ay ödənməmiş qalır.
Bundan sonra “bank hədə-qorxuçuluğu” başlayır, məhkəmə işçisi olduğunu iddia edən adamlar zəng edirlər, müştərini borca görə içəri atacaqlarını, evini əlindən alacaqlarını və s. deyirlər, sonda borc götürən sınır. Qaçır başqa banka və başqa bir yaxınının adına kredit açır. Bu bankı yola verir, özü də faizləri və cərimələri ilə birlikdə. Eyni çəkişmələr bir az yumşaq şəkildə növbəti bankla, daha sonra isə üçüncü bir bankla başlayır və s. Bəzi banklar isə daha “ağıllı” çıxırlar və həmin prosesi özləri gerçəkləşdirirlər. Nəticədə, ailə nə vaxtsa götürdüyü 5 min manatın əvəzinə 10-12 min pul ödəyir.
Və bu silsilə kreditlər çox vaxt istehlak krediti kimi rəsmiləşdirilir. Nəticədə, ölkə üzrə istehlak kreditlərinin rəsmi səviyyəsi real göstəricidən yüksək olur. Statistikaya görə, 2014-cü il aprelin 1-ə olan vəziyyətə görə, Azərbaycanda ümumi kredit qoyuluşları 15,9412 milyard manat təşkil edib və bunun təxminən 6 milyard manatı, yəni 40 faizindən çoxu istehlak kreditləri olub. Beləliklə, istehlak kreditlərinin ümumi kredit portfelində payına görə biz hər şeyi kreditə alan qərbliləri iki dəfə qabaqlayırıq. Qərbdə istehlak kreditləri ümumi kredit potfelinin 20 faizindən çoxunu tutmur. Təbii ki, Azərbacandakı bu “irilənmədə” bank faizlərini ödəmək üçün verilmiş “silsilə kreditlərin” də rolu böyükdür.
Bank sahəsi üzrə ekspert Vüqar İsrafilov Azərbaycan qanunvericiliyinin əhalini bu cür “kredit balalanmasının” yaratdığı soyğundan xilas etməyə imkan verdiyin deyir: “Əgər kredit üzrə 90 gün ödəniş olmursa, həmin kredit problemli sayılır. Həmin tarixdən kredit üzrə bütün faizlər dondurulur və kreditin qaytarılması prosesi başlanılır. Bu zaman bank həm məhkəmə yolundan, həm də danışıqlar yolundan istifadə edə bilər”.
Ekspertin fikrincə, müştəriyə əvvəlcədən qanunvericiliyin bu tərəfi izah edilərsə, o, qorxuya düşməz və silsilə kreditlərdən uzaq durar: “Elə müştərilər var ki, onların kredit üzrə ödənişləri dayandırmasının ciddi səbəbləri olur - ya işini dəyişir və maaşı aşağı düşür, ya ailədə xəstələnən və ya rəhmətə gedən olur. Yəni bank müştəriyə loyal yanaşmalı, onunla görüşüb vəziyyətini öyrənməli və hədə-qorxudan uzaq şəkildə səylərini kreditin ödənilməsinə yönəltməli, müştərinin daha rahat şəkildə borcun qalan hissəsini ödəmək üçün şərait yaratmalıdır”.
Vaxtilə bankda işləmiş Vüqar İsrafilov şəxsi təcrübələrinə əsaslanaraq bunun çox faydalı olduğunu deyir: “Bizdə bu çox müsbət nəticə vermişdi, üç il ərzində problemli kreditlərin ümumi portfeldəki payı 16-17%-dən 8-9%-ə düşmüşdü. Söhbət 2008-2009-cu illərdən gedir. Halbuki, o vaxt banklar var idi ki, problemli kreditlər ümumi portfelin 30 faizinə bərabər idi. Yəni bank iri korporativ müştərilərlə məhkəmə yolu ilə danışa bilər. Amma sadə vətəndaşlarla fərqli dildə, onların vəziyyətini anlayaraq danışmaq lazımdır”, - deyə bank mütəxəssisi bildirir.
İqtisadçı ekspert Samir Əliyev isə diqqəti əhalinin gəlirlərində kreditlərin payının həddindən yüksək olmasına çəkir və kredit ödənişlərində yaranmış problemlərdə bunun da rolunun olduğunu vurğulayır: “Problem ondadır ki, əhalinin gəlirlərində kreditlərin payı çoxdur, təxminən 20 faizə çatır. Halbuki 5-6 il qabaq bu 10 faiz idi. İnkişaf etmiş ölkələrdə isə kreditlərin payı əhalinin gəlirlərinin bir neçə faizini təşkil edir. Bizdə problem ondadır ki, insanlar istehlak krediti götürməklə öz tələbatlarını ödəyirlər, bir növ istehlak kreditlərindən asılı vəziyyətə düşürlər. Bu, özü təhlükə həddidir”.
İqtisadçı ekspertin fikrincə, əslində ölkə üzrə problemli kreditlərin real səviyyəsi rəsmi açıqlanandan daha yüksəkdir: “Rəsmi statistikaya görə, problemli kreditlər 5 faiz təşkil edir, amma real rəqəmlər daha yüksəkdir. Problemli kreditlər artıq 1 milyard manata yaxınlaşıb. Beynəlxalq təcrübəyə görə, verilən kreditlərin 10 faizindən çoxu problemlidirsə, bu təhlükəlidir. Beynəlxalq təşkilatlar Azərbaycanda problemli kreditlərin 10% həcmində olduğunu bildirir və mən bu açıqlamaya etibar edirəm. Bizim öz müşahidələrimiz göstərir ki, problemli kreditlər Mərkəzi Bankın göstərdiyi həcmlərdən daha çoxdur - 10-15% arasında dəyişir, yəni təhlükə həcmini çoxdan keçib”.
Samir Əliyev prolemin həlli üçün daha bir kreditləşdirmə istiqamətini - kiçik və orta sahbikarlığın kreditləşdirməsini artırmağı tövsiyyə edir: “Azərbaycanda kreditlərin ÜDM-də payı 30 faizdən çox deyil (2013-cü ildə ölkə üzrə ÜDM 57,7082 milyard manat olub - red.). İnkişaf etmiş ölkələrdə kredit qoyuluşları ÜDM-in 60-70 faizinə çatır. Yəni o hesabla bizdə kredit qoyuluşlarının həcmi 30 milyarda yaxın olmalıdır. Yəni iş adamları biznes kreditləri ilə bağlı çox böyük əziyyət çəkirlər, iş görmək üçün pul tapa bilmirlər. Orta və kiçik sahibkarlar zəruri həcmdə kredit əldə edə bilmirlər”.
Ekspertin fikrincə, bu təbii ki, əhaliniin gəlirlərini yaxşılaşdıracaq və dolayısı ilə problemli kreditlər məsələsinə də müsbət təsir göstərəcək. Yerli istehsalın inkişaf həm də istehlak kreditləşməsinin ölkə iqtisadiyyatını stimullaşdırasına imkan yaradacaq: “İnkişaf etmiş qərb ölkələrində də, postsovet qonşumuz Rusiyada da istehlak kreditləri yerli istehsalı stimullaşdırır. Azərbaycanda istehlak kreditlərinin daha bir təhlükəsi onun idxalı stimullaşdırması ilə bağlıdır. Yəni bir tərəfdən yerli istehsala kredit ayrılmır, digər tərəfdən isə istehlak kreditləri ilə hansısa xarici ölkənin istehsalına sərmayə qoyulur”,- deyə Samir Əliyev vurğulayır. Onun sözlərinə görə, hökumət həm də Azərbaycanda istehsal edilən məhsulların aşağı faizlərlə və yüngül şərtlərlə kreditə verilməsinə şərait yaratmalıdır.
Mənbə: Milli.Az