Bakı çimərliklərinə giriş pulsuzdur. Bu məsələ dəfələrlə müzakirə olunub. Ancaq vəziyyət hələ də dəyişməyib. Bəzi çimərliklərdə istirahət etmək istəyənlər pul ödəməlidirlər. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına məktub göndərən oxucu qeyd edib. "Ötən həftə sonu "Mayak" çimərliyinə getdim. Girişdə şlaqbaum qoyulub və yanında qiymətlər yazılıb". Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentinin mətbuat katibi Əliabas Bağırovla əlaqə saxlayıb."Biz hələ ötən il də bu mövzuda danışmışıq. Çimərliyə giriş pulsuzdur. Daha doğrusu, heç kim çimərliyə görə pul ala bilməz. Çimərliyin girişində şlaqbaum qoyulması qanunla qadağan edilib. Əgər vətəndaşdan parkinq üçün pul tələb edirlərsə, o da çek tələb etsin. Ötən il bu məsələ ilə bağlı "qaynar xətt" fəaliyyət göstərirdi. Bu il də həmin xidmət bərpa olunacaq", - o əlavə edib.
Mənbə: Milli.Az