Qadin.NET / Sən həmişə bizimləsən

Sən həmişə bizimləsən

21-ci əsr Azərbaycan dramaturgiyasının ən parlaq siması İlyas Əfəndiyevin bu il 100 il yaşı qeyd olunur.ANS TV-nin məlumatına görə, 100 illiyi YUNESKO-da təntənəli şəkildə qeyd edilən bu yazıçı zamanında Azərbaycanda çox məşhur olub. İlyas Əfəndiyevin özündən də məşhur olan əsərləri isə onu gələcəkdə də unutmağa qoymayacaq.İlyas Əfəndiyev 80-ci illərin ən məhsuldar yazıçısı idi. Bu ölkədə cəmi-cümlətanı bir televiziyanin mövcud olduğu illərdə sanki teatr tamaşası yazan bir yazıçımız, bu tamaşalarda baş rolu oynayan da bir aktrisamız vardi. Aktrisa Amalya Pənahova idi, teatr tamaşalarını yazan İlyas Əfəndiyev. Onlarmı zamanın nəbzini düzgün tutmuşdular, yoxsa zaman onların xeyrinə işləyirdi, hər halda bu gün bunun heç bir əhəmiyyəti yoxdur və .... biz bu tandemi az qala hər gün izləməyə hazır idik.

"O dövrlər teatrların indiki kimi tamaşaçı üzünə həsrət qaldığı vaxtlar deyildi. Tamaşalar anşlaqla keçir, adamlar durub əyalətdən tamaşaya baxmaq üçün şəhərə gəlirdilər. Bizim kimi uşaq-muşaq isə televizorun qabağında dinməz-söyləməz otururduq, bir cümləni qaçırtsaq, faciə baş verəcəkmiş kimi".
Hər halda bir dünya sevinc bəxş edirdi, bizə İlyas müəllim. Bu tamaşalardan mütləq nəsə öyrənirdik. Üstəgəl, bu tamaşalar bizi darıxdırmırdı. Ocaqda südün daşsa da, televizorun qarşısından durmurdun, sonu gözləyirdin. Sonda həmişə maraqlı olurdu. Elə İlyas Əfəndiyevin öz həyat hekayəsi kimi. O hekayəni isə bizə, əlbəttə ki, yazıçının oğlu, baş nazirin müavini, Elçindən yaxşı danışan olmaz. Elçin bu ayın 19-u İlyas Əfəndiyevin 100 ililyinin YUNESKO-da keçirilməsini bütünlükdə Azərbaycan ədəbiyyatına münasibətin rəmzi kimi dəyərləndirir.
Kulak damğası vurulan bir ailədə böyümək, dükanların qapıları üzlərinə bağlanması, hətta ailəsinin çörəklə sınağa çəkilməsi belə onu sındırmır. O, bu sınaqlardan mətanətlə çıxır. Sübut edib ki, hətta institutdan qovulmuş olsa da belə, onu ədəbi mühitdən qovmaq, uzaqlaşdırmaq mümkün deyil. Yəni, yazıçı olmaq onun alın yazısıdır. Əks halda, adi bir kənd məktəbində coğrafiya fənnini tədris edən müəllim gəlib sonda Azərbaycanın xalq yazıçısı kimi bir ada sahib ola bilməzdi. Özünün bu haqda maraqlı bir xatirəsi var. Deyir, yazıçı Əbülhəsən təhər-tövrümə, ayağımdakı uzunboğaz çəkmələrimə baxıb, sonra da belə bir sual verdi? A bala, kimsən, nəçisən? Eşidəndə ki, coğrafiya müəllimiyəm, lap dəli oldu. Coğrafiya müəllimi hara, yazıçılıq hara?Sonradan Əbülhəsən özü onu Yazıçılar Birliyinin sədrinə təqdim edəcək, Səməd Vurğun "əski şərq" mehmanxanasının bir otağını İlyas Əfəndiyev üçün kirayə tutacaq, Əli Vəliyev isə onu yeni yol qəzetinə işə götürəcəkdi. Yeni yol həm də İlyas Əfəndiyevin həyat yolunu müəyyən etdi. Azərbaycan onun timsalında çox istedadalı bir nasirini qazandı. Məkanın cənnət olsun, İlyas müəllim. Yüz yaşa bilməsəniz də, düz yaşamısınız. Ona görə də, sən həmişə bizimləsən.

Mənbə: Milli.Az

30 may 2014
GO BACK