Qadin.NET / Bu gün “Son zəng” qeyd olunur

Bu gün “Son zəng” qeyd olunur

 

Bu gün “Son zəng” qeyd olunur
Bakı. Könül Kamilqızı -APA. Bu gün Azərbaycanın bir sıra məktəblərində “Son zəng” qeyd olunur.APA-nın xəbərinə görə, hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında dəyişiklik edilib. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” bu gün, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.Hər il olduğu kimi, bu il də saat 10:00-da başlayacaq “Son zəng” tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq. Ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün. “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.Tədbirlər planına əsasən, “Son zəng” tədbirləri ilə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq. Respublikada fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini isə 754 nəfər şagird başa vuracaq.

Mənbə.APA.Az

30 may 2014
GO BACK