Qadin.NET / Azərbaycanda 1 həftəlik istirahət neçəyə başa gəlir?

Azərbaycanda 1 həftəlik istirahət neçəyə başa gəlir?

Azərbaycanın bölgələrinə səfər edən turistlərin 1 həftəlik istirahətinin neçəyə başa gələ biləcəyi açıqlanıb.
Milli.Az bildirir ki, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov Trend-ə bildirib ki, Azərbaycanın bölgələrində, əsasən, dörd və beşulduzlu hotellər fəaliyyət göstərir. Regionlarda turistlərin bir həftəlik istirahətinin qiyməti hotellərin qiymətlərindən asılı olaraq dəyişir.
Bölgələrdəki dördulduzlu hoteldə 2 nəfərlik otaqlarda bir gün gecələməyin qiyməti 60-70 manatdır. Belə hotellərdə yerləşdikdə bir nəfərin 1 həftəlik istirahəti yemək xərcləri ilə birgə 300-400 manata başa gəlir. Beşulduzlu hotellərdə 2 nəfərlik otaqlarda isə 1 gün gecələməyin qiyməti 130-150 manatdan başlayır. Bu hotellərdə bir nəfərin 1 həftəlik istirahətinin qiyməti təxminən 500 manatdan başlayır.
Assosiasiya sədri bu qiymətin beşulduzlu hotel üçün baha olmadığını da söyləyib: "Bizim turistlər deyirlər ki, Türkiyədə qiymətlər bizimlə müqayisədə aşağıdır. Ancaq Türkiyədə beşulduzlu hotellərdə 1 gün gecələməyin qiyməti 350-400 dollardan başlayır. Azərbaycanda isə 130-150 manatdan başlayır. Bu da beşulduzlu hotel üçün baha qiymət deyil. Azərbaycanda bölgələrdə üçulduzlu hotellər olsaydı, qiymətlər 30 manatdan başlayardı. Ancaq belə hotellər yoxdur".
AzTA sədrinin sözlərinə görə, ölkədə üçulduzlu hotellərin sayı artıqca qiymətlər də enəcək: "Çünki hotellər arasında rəqabət yaranacaq. Onda da hotellərdə qiymətlər aşağı düşəcək".
Üçulduzlu hotellər tikiləcəyi təqdirdə xarici ölkələrdən Azərbaycana gələn turistlərin sayının artacağını söyləyən N.Bağırov deyib ki, dünyada turistlərin 70 faizi orta təbəqəyə aid insanlar olur. Buna görə də onlar üçulduzlu hotellərdə qalmaq və bununla da hotel xərclərinə az pul xərcləmək istəyirlər: "Ona görə də bizim sahibkarlar başa düşürlər ki, bu gün üçulduzlu hotellər daha əlverişlidir. Bunu nəzərə alaraq, hazırda sahibkarla birgə üçulduzlu hotellərin tikilməsi üçün iş aparılır".
Qeyd edək ki, Azərbaycanda yay turizm mövsümü adətən iyunun ortalarından başlayır.
Mənbə: Milli.Az
29 may 2014
GO BACK